AZƏRTAC ilə
Anadolu Agentliyinin əməkdaşlığı
müasir dövrün
çağırışları əsasında inkişaf edir
AZƏRTAC
ilə Anadolu Agentliyinin əməkdaşlığı yeni
dövrün çağırışları nəzərə
alınmaqla inkişaf edir və hər iki qurum beynəlxalq
informasiya alyansları çərçivəsində
bir-birini fəal dəstəkləyir.
Bu
fikirlər dekabrın 10-da Türkiyənin Anadolu Agentliyinin
marketinq və biznesin inkişafı departamentinin direktoru Nedim
Kayanın başçılıq etdiyi nümayəndə heyəti
ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində
(AZƏRTAC-da) keçirilən görüşdə səsləndirilib.
AZƏRTAC-ın
Baş direktoru Aslan Aslanov qonaqlara son vaxtlar agentlikdə
aparılan islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi,
müasir dövrün çağırışları
fonunda görülən işlər barədə ətraflı
məlumat verib. Qeyd edib ki, Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra AZƏRTAC və
Anadolu Agentliyi arasında əlaqələr yüksələn
xətlə inkişaf etməkdədir.
Görüşdə Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə Anadolu Agentliyinin verdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.
Söhbət zamanı hər iki
xəbər agentliyi arasında müxtəlif
istiqamətlərdə, xüsusən texniki
sahədə əməkdaşlıq məsələləri
ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan. - 2015.- 11 dekabr.- S. 10.