AZƏRTAC-ın məqaləsi və videomaterialı beynəlxalq mükafata layiq görülüb

 

Moskvada gənc jurnalistlərin “Qafqaz regionunun sülh gələcəyi: ümumi tarix və müasirlik” mövzusunda VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da müsabiqənin qalibləri arasındadır. Agentliyin multimedia və videoxəbərlər şöbəsi tərəfindən müsabiqəyə təqdim olunan məqalə və videomaterial “1945-2015: bizim ümumi Qələbəmiz” nominasiyasında mükafata layiq görülüb.

AZƏRTAC-ın xəbər verdiyi kimi, yaradıcılıq yarışmasında Azərbaycan, Gürcüstan və Ermənistanın mətbu və elektron kütləvi informasiya vasitələrinin gənc əməkdaşları (35 yaşa qədər) iştirak ediblər. Müsabiqə işlərinin mövzusu Cənubi Qafqaz regionu ölkələri ilə Rusiya arasında münasibətlərin iqtisadiyyat və siyasətdən tutmuş müasir texnologiyalarhumanitar sahəyədək bütün istiqamətləri əhatə edib.

Müsabiqə “İnforosİnformasiya Agentliyi, Rusiya Millətlər Birliyi KonqresiŞanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubunun birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqə çərçivəsində Kremlə, Qızıl meydana ekskursiya təşkil edilib, iştirakçı ölkələrin nümayəndə heyətləri ilə birgə “dəyirmi masa” ətrafında müzakirələr aparılıb. Müsabiqə iştirakçıları, həmçinin Dövlət Dumasında, “Rossiya seqodnya” agentliyində olublar.

Təkcə Qafqaz regionu ölkələrinin və Rusiyanın deyil, eyni zamanda, bütün postsovet məkanının media həyatında əlamətdar hadisəyə çevrilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsində keçirilib.

İnforosİnformasiya Agentliyinin baş direktoru Denis Tyurin mükafatlandırma mərasimində bildirib ki, Qafqazın sülh gələcəyi bir çox baxımdan gənclərdən, həmçinin informasiyanın düzgün təqdimatından və jurnalistlərin obyektivliyindən asılıdır. Bu müsabiqə də Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək, habelə qarşılıqlı etimad və səmimiyyət mühiti yaratmaq məqsədi daşıyıb.

Mükafatlandırma mərasimi Moskvadakı Azərbaycan və Gürcüstan etnomədəni təhsil komponentli 1331 nömrəli məktəbin şagirdlərinin konsert proqramı ilə davam etdirilib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 11.