Bakı Ali Neft Məktəbində
ulu öndər Heydər Əliyevin xatirəsi
anılmışdır
Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunmuşdur. Öncə ulu öndərin Bakı Ali Neft Məktəbindəki büstü önünə gül dəstələri qoyulmuş, müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri açaraq müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs etmişdir. O bildirmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaqdır. Rektor Elmar Qasımov dedi ki, ulu öndərin böyük səyləri nəticəsində o zaman ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı qismən alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, strateji mövqelərini bərpa edərək ona sabit ölkə imici qazandırdı. Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını yaxşı bilirdi. Odur ki, dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqları başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyətini də açıqlayan Elmar Qasımov Azərbaycanın dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildiyini vurğuladı. Qeyd etdi ki, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirib. Ümummilli lider öz həyatını xalqına bəxş edib və onun zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. O, hər zaman xalq ilə nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb. Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, siyasətini dəstəkləyib və etibarlı dayağına çevrilib. Bu gün Azərbaycan ümummilli liderin ideyalarının davamçısı İlham Əliyevin rəhbərliyi ilə yaşayır və gələcəyə əminliklə addımlayır”.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. O, bildirdi ki, ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirilib. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah durduğunu deyən Bahar Muradova bu fəlsəfənin onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdığını açıqladı. Daha sonra Milli Məclisin Sədr müavini B.Muradova bildirdi ki, Azərbaycanın ən ağır anlarında Heydər Əliyev daim xalqın yanında olub. Xalqımız çətin anlarında ona üz tutaraq hakimiyyətə dəvət edib və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlayıb. Prezident İlham Əliyev ümummilli liderin qoyub getdiyi siyasi kursu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir.
Tədbirin sonunda ulu öndərin əziz xatirəsinə həsr
olunmuş, şərəfli ömür yolunu
özündə əks etdirən videoçarx
nümayiş etdirilmişdir.
Azərbaycan. - 2015.- 12 dekabr.- S. 3.