Heydər Əliyev siyasi kursu Azərbaycanın müstəqilliyinin təminatıdır

 

Milli Məclisin deputatı kimi bu xoş ənənəyə uzun illərdir ki, qürur hissi ilə şahidlik edirəm: xalqın iradəsilə formalaşan Milli Məclisin ilk iclası bir qayda olaraq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə öz işinə başlayır. Dövlət başçısı parlamentdə dərin məzmunlu nitq söyləyərək yeni seçilmiş deputatları təbrik edir, lider xeyir-duası ilə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Cənab İlham Əliyevin ölkənin bugünü və gələcəyi ilə bağlı proqram xarakterli fikirləri, dəyərli tövsiyələri həm də Milli Məclisin gələcək fəaliyyət istiqamətlərini müəyyən edir.

V çağırış Azərbaycan Respublikasının Milli Məclisi də belə bir yüksək ovqatla işinə başladı. Möhtərəm Prezidentin parlamentə gəlişi və konseptual əhəmiyyətli nitq söyləməsi deputatların hər birində xoş təəssüratlar, dərin hisslər doğurdu. Ölkə rəhbərinin nitqində, ilk növbədə, narahat, təlatümlü, dünyamızda xalqımızın gələcək taleyi, müstəqil dövlətimizin inkişafı və tərəqqisi ilə bağlı aydın hədəfləri gördük. Dünyada siyasi, iqtisadi və mənəvi böhranın hökm sürdüyü bir vaxtda qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən, böyük idarəetmə səriştəsinə, peşəkar komandaya malik bir liderin praqmatik düşüncə tərzinin növbəti dəfə şahidi olduq. Cənab İlham Əliyev ümumən ictimai həyatın ən müxtəlif sahələrində həyata keçirilən islahatların səmərəli nəticələrindən və yaxın perspektiv üçün görülməli olan işlərdən söz açdı.

Əsl liderlik budur - daim xalqın yüksək sosial rifahını, ölkənin iqtisadi qüdrətini, müstəqilliyini düşünmək!

Əslində, təkcə düşünmək də yox, bu düşüncələri real işdə gersəkləşdirmək, xalqın mənafeyinin bütün məsələlərdə öndə olduğunu praktik fəaliyyətlə sübut etmək!

Bu məqamda hələ 2003-cü ildə cənab İlham Əliyevin böyük müdrikliklə irəli sürdüyü bir şüarı xatırlayıram: “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”. Ötən dövrün reallıqları göstərdi ki, bunlar, sadəcə, seçki kampaniyası xatirinə deyilmiş “gəlişigözəl” sözlər deyil. Əslində, son 12 ildə ölkə başçısının xalq qarşısında verdiyi bütün vədləri böyük əzmlə, qətiyyətlə gerçəkləşdiyinin canlı şahidi olmuşuq. Bəli, cənab İlham Əliyev öz fəaliyyəti ilə sübuta yetirdi ki, əsl siyasət bəzən hətta mümkün olmayanın reallığa çevrilməsidir. Başqa sözlə, xalqla liderin sarsılmaz birliyi, vəhdəti qarşısında irəli sürülmüş hədəfləri gerçəkləşdirmək də çətin olmur.

Dövlət başçısı Milli Məclisdəki nitqində çox məsələlərə toxundu. Bu çıxışı dinləyərkən, cənab İlham Əliyevin xalqına qəlbən bağlı, vətənpərvər, qətiyyətli, habelə yeni dünyanın qlobal çağırışlarına cavab verən siyasət yürüdən lider olduğunu bir daha yəqin etdik. Bəli, çox xoşbəxtik ki, bu gün bizim daim xalqı üçün çalışan, dövlətinin mənafelərini uca tutan, bunun üçün zəruri qətiyyət, cəsarət və əzmkarlıq nümayiş etdirən liderimiz var!

Azərbaycan Prezidentinin parlamentdəki dərin məzmunlu nitqi ulu öndər Heydər Əliyevin Milli Məclisin iclas salonunun divarına həkk olunmuş “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözlərinin necə real mahiyyət kəsb etdiyini növbəti dəfə təsdiqlədi. Bəli, ulu öndərin milli lider olaraq öz fəaliyyətilə yazdığı müasir tariximiz məhz onun layiqli davamçısı - cənab İlham Əliyevin fəaliyyətində daha da zənginləşir, yeni siyasi çalarlar əldə edir.

Müsahibələrinin birində cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə böyük rəğbət və ehtiramla söylədiyi bu sözlər heç zaman yaddaşımdan çıxmır. Ölkə başçısı dövlət idarəçiliyində hansısa qərar qəbul edərkən məhz ulu öndərin siyasi irsinə istinad etdiyini, ilk növbədə, “Heydər Əliyev bu məsələni necə həll edə bilərdi” sualı üzərində düşündüyünü açıq bildirmişdi. Bəli, Heydər Əliyevin zəngin idarəçilik məktəbi bütün dövrlər üçün aktuallığını qoruyub saxlayaraq xalqın, dövlətin tərəqqi, inkişaf yoluna işıq salan mayakdır.

Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclərdən idim və əyani olaraq ümummilli liderin həyata keçirdiyi siyasətin uğurlu nəticələrini daim müşahidə etmişəm. 1969-cu ildən başlayaraq xalqımızın ümummilli liderinin rəhbərliyi altında çalışmışam və onun Azərbaycan xalqı, dövlətçiliyi qarşısındakı tarixi xidmətlərinin şahidi olmuşam. Tərəddüdsüz deyə bilərəm ki, Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur, amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da məhz müstəqil Azərbaycandır.

Heydər Əliyev ümummilli liderlik zirvəsinə bir çox xarizmatik keyfiyyətləri, xalq qarşısındakı misilsiz xidmətləri ilə yanaşı, həm də bəlli bir ideyanın banisi kimi yüksəlib. Açıq deməliyik, XX əsrin əvvəllərində bölgədə yaranmış əlverişli geosiyasi vəziyyət fonunda istiqlaliyyətini elan etmək imkanı qazanan, lakin cəmi 23 ay sonra onu yenidən itirən respublikamız yalnız ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına birinci rəhbərliyi dövründə real müstəqilliyə doğru inamlı addımlar atmağa başladı. Başqa sözlə, SSRİ boyda imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran son mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması da fenomenal şəxsiyyət, ümummilli lider amili ilə bilavasitə bağlıdır.

Əlbəttə, həmin dövrdə totalitar sovet rejiminin ideoloji-siyasi buxovları digər ittifaq respublikaları kimi, Azərbaycanı da öz məngənəsinə salmışdı. Respublikamız taleyüklü məsələlərdə müstəqil qərar vermək imkanlarından, demək olar, məhrum idi. Fəqət, Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü onda idi ki, bu buxovlar altında faktiki olaraq Azərbaycan üçün kiçik bir müstəqillik modeli qurmuşdu. Heydər Əliyevin böyük siyasi məharətlə həyata keçirdiyi tədbirlər SSRİ rəhbərliyinin diqqətini real mahiyyətindən yayındırmaq yolu ilə müstəqillik üçün rüşeymlər formalaşdırmağa yönəlmişdi.

Müstəqillik sözlə, arzu və istəklə ərsəyə gəlmir, bunun üçün milli iradə ilə yanaşı, real iqtisadi potensialın olması son dərəcə ümdə şərtlərdən biridir. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Sovet Azərbaycanına rəhbərliyinin ilk günlərindən etibarən Heydər Əliyevin bütün səyləri, ilk növbədə, respublikanın tənəzzüldən çıxarılmasına və iqtisadi qüdrətinin gücləndirilməsinə yönəlmişdi. Ümummilli lider respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən edərək mövcud nöqsanların, çatışmazlıqların aradan qaldırılmasına çalışırdı.

Ulu öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin inkişafı istiqamətində ardıcıl addımlar atıldı. Yaxşı xatırlayıram, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Azərbaycan kənd təsərrüfatı və sənaye məhsulları istehsalına görə keçmiş SSRİ-də ön yerlərdən birinə yüksəlmişdi. Milli gəlir artır, ölkə böyük tikinti-quruculuq meydanına çevrilir, yeni-yeni istehsal müəssisələri fəaliyyətə başlayırdı.

Ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalamaq olar. Məhz bütün bu proseslər mənim yaxşı xatirimdədir, onların bilavasitə şahidi olmuşam. O zaman Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışam, daha sonra Ordubad rayonunun ikinci katibi olaraq fəaliyyət göstərmişəm. 1978-ci ildə Ordubad rayon partiya komitəsinin I katibi, sonra Culfa rayon partiya komitəsinin I katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı olmuşam. Dəfələrlə onun qəbulunda olmuşam və hər dəfə rayonda olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. O, nitqlərində, çıxışlarında hər zaman çıxış yollarını aydın müəyyənləşdirirdi və problemlərin səbəblərini, həll yollarını uzaqgörənliklə sadalayırdı. Azərbaycanda həmin illər ərzində çox böyük işlər görüldü. Ölkəmiz, demək olar ki, ittifaq respublikaları arasında axırıncı yerlərdən ön sıralara yüksəldi.

Ümummilli liderin böyük qətiyyət və iradəsi sayəsində formalaşmağa başlayan sənaye potensialı əsasında respublikamız 70-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunmuş iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Ümummilli liderin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunurdu. Bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılırdı. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutur, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edir, prinsipiallıq göstərirdi. İlkin variantda Zaporojye şəhərində inşası planlaşdırılan Məişət Kondisionerləri zavodunun 1975-ci ilin dekabrında Bakıda işə düşməsi də məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsi idi.

Bütün sahələri əhatə edən islahatlar sayəsində Azərbaycan həmin illərdə aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilirdi. Yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu. Müdrik rəhbərin səyləri nəticəsində respublikamız, eyni zamanda, keçmiş ittifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı. Həmin dövrdə keçmiş ittifaq miqyasında istehsal olunan üzümün 27, pambıq mahlıcının isə 9,2 faizi respublikamızın payına düşürdü.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinə gedən yolda xalqda milli özünüdərki, milli ruhu, özünəməxsusluğu inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. Məhz buna görə də dahi rəhbər ana dilinin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxili olmaqla, ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin müdrikliyinin və dahiyanə uzaqgörənliyinin parlaq nümunəsi idi. Bu, həm də Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış addım sayıla bilərdi.

Ümummilli liderin təşəbbüsü və köməyi ilə ötən isrin 70-ci illərində nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatının verilməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdu. Müdrik rəhbər tam aydınlığı ilə bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün, ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi ilə yanaşı, böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, milli mədəniyyətin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri Heydər Əliyevin xalqda milli ruhu yüksəltmək istiqamətində həyata keçirdiyi tədbirlər idi.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ulu öndər Azərbaycan xalqının tarixi keçmişinin sovet ideologiyasının təsiri altında aşınmaya məruz qalmasının qarşısını almaq məqsədilə konkret addımlar atırdı. Belə addımlardan biri də tariximizdə iz qoymuş böyük şəxsiyyətlərin abidələrinin ucaldılması, adlarının əbədiləşdirilməsi, tarixi-mədəni abidələrin bərpası idi. Şəxsən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nəriman Nərimanovun anadan olmasının 100 illiyi, İmadəddin Nəsiminin 600 illiyi, habelə Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin və bir çox ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri keçirilmişdi.

Həmin illərdə respublikada nəinki dissident hərəkatı yox idi, əksinə, ulu öndər Heydər Əliyev milli ziyalı elitasını sovet rejiminin sərt repressiyalarından, təqiblərindən qorumaqla, xalqının genefondunu hifz edirdi. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Sonrakı mərhələdə Hüseyn Cavidin məqbərəsinin ucaldılması, əslində, Azərbaycanın gələcək müstəqilliyinə ucaldılmış abidə idi.

Ümummilli liderimizlə bağlı dəyərli bir xatirəni, tarixi məqamı yada salıram. 1974-cü ildə Naxçıvanda yubiley keçirilirdi, Heydər Əliyev muxtar respublikanı təltif etmək üçün gəlmişdi. O zaman Naxçıvanın ətrafında olan Ermənistanın rayonlarından həmin tədbirdə iştirak etmək üçün rəhbər şəxslər gəlmişdi. Ulu öndər parlaq nitq söylədi, Azərbaycanın tarixi və gələcək planları, o cümlədən Naxçıvan haqqında çox dəyərli fikirlər söylədi. Tədbirdə Ermənistan rayonlarının rəhbərlərindən biri çıxış edərək dedi: “Biz fəxr edirik ki, bizim həmyerlimiz olan Heydər Əliyev bu gün Azərbaycana rəhbərlik edir”. Ümummilli lider bir qədər sonra yekun nitqində ona çox tutarlı bir cavab verdi. Ulu öndər dedi ki, mən 1923-cü il may ayının 10-da bu Naxçıvan şəhərində anadan olmuşam, amma sizin bəhs etdikləriniz də Azərbaycan torpağıdır.

Gələcəyin müstəqil Azərbaycanını görmək istəyən Heydər Əliyev ölkəni təkcə SSRİ miqyasında yox, daha qlobal müstəvidə tanıtmaq üçün də lazımi işlər görmüş, bu istiqamətdə uğurlu nəticələr əldə etmişdi. Bu məqsədlə Heydər Əliyev Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün konkret addımlar atır, SSRİ rəhbərliyinin buna mənfi reaksiyasının qarşısını əvvəlcədən almaq üçün bu qəbildən olan tədbirləri Sovet İttifaqının xarici siyasəti çərçivəsində həyata keçirirdi. Azərbaycanın dünya miqyasında təbliği üçün Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili idi.

Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması məsələlərinə də ciddi fikir verirdi. Ümummilli lider bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına Moskvadan böyük inadkarlıqla razılıq alır, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olur, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-cı illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli təhsil alıb, yüksək səviyyəyə çatıb, elm və mədəniyyətə sahib olub. Yəni Heydər Əliyev hələ o illərdə müstəqil dövlətinin vətəndaşlarını formalaşdırırdı. O illərdə ulu öndərin qayğısı ilə müxtəlif ixtisaslara yiyələnən minlərlə peşəkar kadrlar hazırda ölkəmizdə dövlət idarəçiliyində iştirak edir, öz talelərinə, karyeralarına görə məhz Heydər Əliyevə borclu olduqlarını etiraf edirlər.

Bu gün “Heydər Əliyevin şəxsi tərcümeyi-halı Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələridir” deyəndə qətiyyən yanılmırıq. Ulu öndər sovetlər birliyi dövründə bütün siyasi fəaliyyəti ilə məhz Azərbaycanın müstəqilliyinə real zəmin hazırlayırdı. 90-cı illərdə SSRİ-nin suqutunun nəticəsi kimi Azərbaycan da müstəqilliyini bərpa etmək imkanı qazandı. Lakin etiraf etməliyik ki, ilk illərdə müstəqillik olduqca formal xarakter daşıyırdı. Həmin illərin acı mənzərəsi indi də kino lenti tək gözlərim önündə canlanır. İnsanlar aclıqla, səfalətlə, hüquqsuzluqla, özbaşınılıqla mücadilə aparırdılar. Ölkə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsinin bir addımlığında idi. O ağır illərdə bir daha təsdiqləndi ki, müstəqilliyi əldə etmək olar, amma onu qorumaq, dövləti quruculuq və inkişaf yoluna çıxarmaq üçün səriştəli, təcrübəli liderin mövcudluğu çox vacib şərtdir.

1993-cü ildə xalqın çağırışına səs verən Heydər Əliyev Azərbaycanın yarımcan cisminə sanki mübariz ruh kimi qayıtdı. Ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi. Özənəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsurlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.

Ulu öndər Heydər Əliyev böyük müdriklə dövlətin əsas təsisatlarını yaratmağa başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. Əsas Qanunun qəbulundan sonra ictimai həyatın bütün sahələrində köklü islahatların aparılmasına başlanıldı.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yönümündə atılmış ən mühüm addımlardan biri oldu. Paralel olaraq ölkənin iqtisadi böhrandan azad olunması üçün iqtisadiyyatda struktur islahatları aparıldı, özəlləşdirmə prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalaşdırıldı, müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi, torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.

Müstəqilliyin möhkəmləndirilməsi naminə elm və təhsilin inkişafı, milli-mənəvi irsin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirildi. Dünyanın böyük yazıçılarından biri Çingiz Aytmatov: “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” demişdi. Bu, həqiqətən də, belədir. Ulu öndər dünyanın qədim, böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə dastanın Azərbaycan hadisəsi olduğunu sübut etdi. Eyni zamanda, sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplayaraq türk birliyi yaratmağa nail oldu.

Heydər Əliyev yaxşı bilirdi ki, türk xalqlarını birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyaları meydana qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi bütün dünyada qeyd olundu.

Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin, musiqisinin, incəsənətinin inkişafı, ən başlıcası azərbaycançılıq ideologiyasının vahid sistem halına salınması məqsədilə kompleks tədbirlər həyata keçirildi. Diaspor quruculuğu, dünya azərbaycanlılarının milli mənəvi birliyinin təmin edilməsi, habelə balanslaşdırılmış xarici siyasət kursunun təmin edilməsi - bütün bunlar ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısındakı tarixi xidmətlərinin çox az qismidir.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycanı həqiqi müstəqilliyə qovuşduran Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən rəhbərimiz var. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - möhtərəm Prezident İlham Əliyev son 12 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız qətiyyətli addımlar atıb. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, ötən illərdə Azərbaycanın qazandığı ən böyük uğuru regionda heç bir dövlətdən asılı olmayan müstəqil siyasət yürütməsidir. Bəli, müstəqil respublikamız məhz müstəqil siyasətinə görə regionun bir çox dövlətlərindən fərqlənir.

Etiraf etməliyik ki, bölgədə “for-post” statusunda çıxış edən, yaxud da müəyyən Qərb dövlətlərinin hərbi-siyasi poliqonuna çevrilən ölkələrin sayı az deyil. Bu dövlətlərin müstəqilliklərinin simvolik xarakter daşıdığı, əslində, heç kimə sirr deyil. Təcavüzkar Ermənistanın timsalında bunu aydın görürük. Azərbaycan isə bu gün kifayət qədər mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yürüdür və milli maraqlarını tam təmin edir.

Əlbəttə, bu gün nəinki regionda, ümumən dünyada ölkəmizin yürütdüyü siyasəti qısqanclıqla qarşılayan, müstəqilliyimizi “həzm etməyən” ölkələrin sayı kifayət qədərdir. Belə bir şəraitdə ölkəmizin balanslı və müstəqil xarici siyasət yürütməsi məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi kursun mahiyyətindən irəli gəlir.

Bəli, Heydər Əliyevin “şah əsəri” olan müstəqil Azərbaycan cənab İlham Əliyevin dövründə daha da möhkəmlənib, qüdrətlənib. Xalqın dəstəyinə güvənən ölkə rəhbəri xarici təhdidlərə, təzyiqlərə əzmlə sinə gərir, milli maraq və mənafeyimizi qətiyyətlə qoruyur. Xalqı milli maraqların müdafiəsi məramı ətrafında səfərbər edərək daxili və xarici düşmənlərə mərkli planlarının heç zaman həyata keçməyəcəyi mesajını verir.

İstər iqtisadi, istər siyasi, istərsə də demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində əldə olunan uğurlar Azərbaycanın xarici siyasətdə də mühüm diplomatik uğurlara imza atmasına imkan yaradır. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji üstünlüklərindən maksimum faydalı şəkildə yararlanır, habelə beynəlxalq təşkilatlarda layiqli təmsil olunur. Yalnız bir neçə fakt sadalamaqla Azərbaycan diplomatiyasının son illərdəki uğurları barədə dolğun mənzərə yaratmaq istərdim: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub; AŞ PA Nazirlər Komitəsinə rəhbərlik edib; Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılıb; Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılıb; türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və s.

Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilib. Respublikamızın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Ümumdünya Davos Forumu, III Qlobal Bakı Forumu...

Bu ilin iyul ayında Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin iqtisadi və siyasi nüfuzunun daha bir göstəricisi oldu. Mötəbər idman tədbirinə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün hazırlıqları yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın yox, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümü idi. Möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər.

Şübhəsiz, ölkəmizin bu uğurları, müstəqil siyasəti bəzi dairələri ciddi narahat edir. Son günlər Bakının Nardaran qəsəbəsindən bəzi məkrli qüvvələrin din pərdəsi altında dövlətçiliyə qarşı silahlı müqavimət təşkil etmələri bunun əyani təcəssümü idi. Lakin cənab İlham Əliyev eynən ulu öndər Heydər Əliyev kimi yüksək siyasi iradə nümayiş etdirərək, dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısını qətiyyətlə aldı.

Son günlər Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda dövlətimizin başçısı cənab İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli, müdrik mövqe fonunda Azərbaycanın müstəqil siyasət yürütməsi bir daha təsdiqini tapdı. Azərbaycan Prezidenti hər iki qonşu ölkə arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini bildirdi və gərginliyin aradan qaldırılması üçün vasitəçi ola biləcəyini bəyan etdi. Eyni zamanda, bu hadisələr fonunda Azərbaycanın özünün tranzit-kommunikasiya imkanlarını Türkiyə üçün açıq elan etməsi təkcə müstəqil siyasətin deyil, həm də dostluq və qardaşlığın real təsəssümü oldu.

Elə bir neçə gün öncə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri də Azərbaycanın və onun liderinin böyük nüfuzunun bir daha göstəricisi oldu. Planetin ən nəhəng iqtisadi-siyasi-hərbi fövqəlgüclərindən sayılan, düynanın ən çoxsaylı millətinə sahib olan Çində dünya siyasi xəritəsində çox kiçik bir ərazini tutan Azərbaycana və onun rəhbərinə belə yüksək ehtiram göstərilməsi, əlbəttə ki, hər birimizdə qürur hissi yaratdı. Bir daha özlüyümüzdə yəqin etdik ki, dövlətin və xalqın gücünü yalnız onun ərazisi və iqtisadi-hərbi qüdrəti yox, eyni zamanda, - cənab İlham Əliyevin timsalında olduğu kimi, - liderinin qətiyyəti, nüfuzu, qabiliyyəti, müdrikliyi də şərtləndirir. Prezidentimizin tarixi İpək Yolunun yeni formatda bərpası ilə bağlı olduqca əsaslandırılmış və səmərəli təkliflərinin qarşı tərəfdən də dəstəklənməsi isə ölkəmizin gələcək uğurlarının zəmini oldu. Belə ki, Azərbaycan artıq qlobal miqyasda mühüm iqtisadi-nəqliyyat şəbəkəsinin əsas aparıcı üzvlərindən birinə çevrilir.

Prezident cənab İlham Əliyevin bu fikri həm də Azərbaycanın yeni siyasi dövrdə fəaliyyət manifestidir: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Bəli, bu, həqiqətən də belədir. Azərbaycan bu gün öz mövqeyi, sözü və sözünün kəsəri olan bir ölkədir. Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi ölkəmizin müstəqilliyini daha da möhkəmləndirir. Dövlətin və xalqın mənafeyini daim önə çəkən bu siyasət həm də real ictimai dəstək alır.

Bu siyasət ulu öndərin vaxtilə söylədiyi bir fikrinin də əbədiyaşarlığını təmin edir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”.

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı,

Respublika Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan. - 2015.- 12 dekabr.- S. 4.