Qeydiyyata alınmadan yayımlanan kinolara görə cərimə tətbiq olunacaq

 

Dekabrın 11-də V çağırış Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib. Komitə sədri Rafael Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, iclasda əsasən iki məsələ müzakirə olunacaq - İnzibati Xətalar Məcəlləsində və “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə tətbiq  ediləcək. Kinematoqrafiya haqqında” qanunun 7-ci maddəsinə əsasən Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efirkabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir. Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

Müzakirələr zamanı vurğulanıb ki, son dövrlər ölkəmizə xarici ideologiyaları, mədəniyyəti yeritmək istəyən qüvvələrin olduğu müşahidə edilir. Bunlar isə müxtəlif kinolarvideomateriallar vasitəsilə yayımlanır. Ona görə də qanunvericiliyə edilən bu təkliflər xeyli dərəcədə əhəmiyyətlidir.

“Kütləvi informasiya vasitələri haqqında” qanunda təklif olunan dəyişiklikdə isə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və yaTeleviziyaradio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Mövcud variantda isə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda cari məsələlərə də baxılıb.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2015.- 12 dekabr.- S.7.