Azərbaycan Prezidenti İlham
Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri
professor” diplomu təqdim edilib
Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasına
dövlət səfəri çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə dekabrın
11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor”
diplomunun təqdim edilməsi mərasimi keçirilib.
Əvvəlcə
Prezident İlham Əliyev tarix üzrə fəxri professor
seçildiyi bu ali təhsil
ocağının xatirə kitabına ürək sözlərini
yazdı.
Sonra dövlətimizin başçısı universitetin
rektoru Liu Veylə görüşdü.
Görüşdə ölkələrimiz arasında bir
çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni
sahələrdə əlaqələrin inkişaf etdiyi
bildirildi. Təhsil sahəsində əməkdaşlığın,
xüsusilə universitetlərarası əlaqələrin
genişləndirilməsinin, tələbə mübadiləsinin
həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi.
Prezident İlham Əliyevin Çinə dövlət
səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə
olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın
inkişafına töhfə verəcəyi vurğulandı.
Bu sahədə əlaqələrin
xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə
xidmət etdiyi bildirildi.
Sonra qarşılılıqlı hədiyyələr təqdim
olundu.
Universitetin
prorektoru İ Cixon mərasimi açaraq bu
görüşün ali təhsil
ocağının həyatında mühüm hadisə
olduğunu dedi. O, Azərbaycan Prezidentini bu ali
təhsil ocağında qəbul etməyin onlar
üçün şərəf olduğunu vurğuladı.
Renmin Universitetinin rektoru Liu Vey çıxış edərək
Prezident İlham Əliyevi universitetdə görməkdən
şad olduqlarını bildirdi. O, dövlətimizin
başçısını rəhbərlik etdiyi ali təhsil ocağının fəxri
professoru adına layiq görülməsi münasibətilə
təbrik etdikdən sonra ölkələrimiz arasındakı
münasibətlərin tarixindən danışdı.
Rektor Liu
VEY dedi:
-
Çin və Azərbaycan qədim tarixə, parlaq
sivilizasiyaya malik olan ölkələrdir. Azərbaycan
Avrasiyanın ürəyində yerləşir. Bu ölkə Şərq və Qərb mədəniyyətlərinin
birləşməsinə şahidlik edir, habelə müxtəlif
xalqların, dinlərin və mədəniyyətlərin
bir-biri ilə kəsişdiyi məkandır.
Xalqlarımız
arasındakı uzunmüddətli dostluq əlaqələri
iki min il əvvələ - qədim İpək
Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər
müntəzəm inkişaf edirdi. Bu qədim
şəhərlərdən biri olan Bakı İpək Yolunun
incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl
ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları
və daş duzu isə Çinə gətirilirdi. Daha sonra 1992-ci ildə ölkələrimiz
arasında diplomatik əlaqələr quruldu. Sabiq Prezident Heydər Əliyevin hakimiyyəti
dövründə ölkələrimiz arasında əməkdaşlıq
inkişaf etdi, siyasi, iqtisadi və mədəni sahələrdə
əlaqələr gücləndi, xalqlarımızın
münasibətləri dərin dostluğa çevrildi.
Bu proses Prezident İlham Əliyevin hakimiyyəti dövründə
də uğurla davam edir. Çin Xalq
Respublikasının Sədri Si Cinpin tərəfindən irəli
sürülən İpək Yolu iqtisadi kəmərinin
yaradılması əlaqələrimizin inkişafına təkan
verir. İndi Prezident İlham Əliyev
Renmin Universitetinin fəxri professoru adını alır.
Bu, Zati-alilərinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi,
ali təhsil sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi istəyinin bariz göstəricisidir.
Rektor Liu
Vey rəhbərlik etdiyi Renmin Universitetinin tarixi və
keçdiyi inkişaf yolu barədə məlumat verərək
bildirdi ki, Çinin ən nüfuzlu ali təhsil
müəssisələrindən olan bu universitet əsasən
humanitar, sosial və ətraf mühitlə bağlı elmlərin
tədrisi sahəsində ixtisaslaşıb. Çinin ali təhsil müəssisələrinin
flaqmanı kimi tanınan bu universitet bir çox sahələrdə
aparıcı və əvəzedilməz mövqeyə
sahibdir. Liu Vey universitetin bundan sonra qədim
İpək Yolu kəməri ətrafındakı ölkələr
üzrə tədqiqatlar aparmaq üçün daha ciddi səylər
göstərəcəyini bildirdi. O, ali təhsil
ocağında keçmiş Sovet İttifaqı, Şərqi
Avropa və Mərkəzi Asiya üzrə tədqiqatların aparıldığını,
bu sahədə mühüm nailiyyətlərin
qazanıldığını diqqətə
çatdırdı, Azərbaycan ilə əməkdaşlıqdan
danışaraq dedi:
- Renmin Universiteti uzun müddətdir Azərbaycan
universitetləri ilə əməkdaşlığa ciddi əhəmiyyət
verir. Buna ən gözəl nümunə Bakı Dövlət
Universiteti ilə olan tərəfdaşlığımızdır.
İndiyədək Renmin Universitetində 12 azərbaycanlı
tələbə oxuyub. Cənab Prezident, Sizi fəxri
professorumuz olaraq görməkdən böyük qürur
duyuruq və inanıram ki, Sizin dəstəyinizlə Azərbaycan
ilə bağlı məsələlər, o cümlədən
qədim İpək Yolu kəmərinə dair təşəbbüs
üzrə araşdırmalarımız daha çox nəticə
verəcək. Təbii ki, ali təhsil
istiqamətində daha yaxından əməkdaşlıq edəcəyik.
Cənab Prezident, Sizə cansağlığı arzu edirəm.
Sağ olun.
Sonra
prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti
barədə məlumat verdi.
Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri
professor” diplomu və döş nişanı dövlətimizin
başçısına təqdim edildi.
Prezident İlham Əliyev mərasimdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Renmin Universitetinin hörmətli rektoru və prorektoru.
Hörmətli tələbələr və dostlar.
İlk növbədə mənə fəxri professor
diplomunun verilməsinə görə universitetin rəhbərliyinə
dərin təşəkkürümü bildirmək istəyirəm. Mən bunu
ölkələrimiz arasında dostluq rəmzi kimi qiymətləndirirəm.
Azərbaycan ilə Çin arasında dostluğun qədim
tarixi var. Tarixin müxtəlif dövrlərində
xalqlarımız bir-biri ilə ünsiyyətdə olublar. İndi isə Azərbaycan
müstəqil dövlət olaraq Çin ilə ikitərəfli
əlaqələrin qurulmasından ötən 23 il ərzində bu ölkə ilə müxtəlif
sahələr üzrə fəal əməkdaşlıq edir.
Mənim Çinə dövlət səfərim bu
gün yekunlaşmaq üzrədir. Mən səfərimə qədim
Sian şəhərindən başladım, Terrakota Ordusu Muzeyi
ilə tanış oldum və bir daha
xalqınızın böyük mədəniyyəti, ənənələri
və tarixinin şahidi oldum. Bu, bir daha
nümayiş etdirir ki, Çin xalqının əsrlərlə
davam edən tarixi boyunca siz şah əsərlər
yaratmısınız, tarix yazmısınız və sizin
müasir uğurunuz həmin tarixi irsə əsaslanır.
Bu gün ölkələrimiz arasında münasibətlər
çox uğurla inkişaf edir və dövlət səfərinin
nəticələri məni çox qane edir. Gözəl
ölkənizdə keçirdiyim bu bir neçə gün ərzində
Çinin rəhbərliyi ilə görüşlərim olub.
Bu görüşlərdə dostluq, tərəfdaşlıq
və qarşılıqlı anlaşma şəraitində
aparılan müzakirələr və danışıqlar
zamanı biz bir daha razılaşdıq ki, münasibətlərimizdə
müsbət meyli davam etdirməliyik. Biz dost ölkələrik.
İkitərəfli münasibətləri
inkişaf etdirmək və dərinləşdirmək
üçün bizdə güclü qarşılıqlı
iradə mövcuddur. Bizim mükəmməl
siyasi münasibətlərimiz var və mənim Çinə
dövlət səfərim bunu bir daha nümayiş etdirdi.
Biz bir çox sahələrdə bir-birimizi dəstəkləyirik. Beynəlxalq təşkilatlarda
bir-birimizə dəstək nümayiş etdiririk. Azərbaycan “Vahid Çin” prinsipini ciddi şəkildə
dəstəkləyir. Çin isə öz növbəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələr əsasında
həlli ilə bağlı bizə dəstək verir. Bu və ikitərəfli əlaqələrimizin digər
bir çox mühüm cəhətləri dünən mənim
və Çin Xalq Respublikasının Sədri Si Cinpinin
imzaladığımız Birgə Bəyannamədə öz
əksini tapıb. Bu vacib siyasi sənəddən
əlavə, dünən siyasi, iqtisadi, sosial inkişafın və
ölkələrimiz arasında əməkdaşlığın
bir çox sahələrini əhatə edən 9 sənəd
imzalanıb və bununla da imzalanmış sənədlərin
ümumi sayı 10-a çatıb.
BMT çərçivəsində çox fəal əməkdaşlıq
edirik. Bu il Azərbaycan Çinin dəstəyi ilə
Şanxay Əməkdaşlıq Təşkilatına dialoq
üzrə tərəfdaş olub.
İqtisadi sahədə çox fəal əməkdaşlıq
edirik. Bu yaxınlarda Çində Hökumətlərarası
Birgə Komissiyanın iclası keçirilib. Bu komissiya mənim səfərim ərzində öz
həllini tapmış məsələlərlə məşğul
idi. Bu komissiyanın görüşü mənim
dövlət səfərimə hazırlıq xarakteri
daşıyırdı.
Azərbaycan Çinin təşəbbüsünə
qoşularaq Asiya İnfrastruktur İnvestisiyaları
Bankının həmtəsisçisi oldu. Bu da bizim
iqtisadi əməkdaşlığımızın
yaxşı göstəricisidir. Çinin
bir çox şirkətləri Azərbaycanda fəal şəkildə
çalışır. Səfərim ərzində mən
iki şirkətlə tanış oldum. Sian şəhərində avtomobil zavodunda oldum.
Bu zavod artıq avtomobilləri Azərbaycana ixrac
edir. Bu da ölkəmizə ixracatı
artırır. Dünən Azərbaycanda fəal şəkildə
çalışan “Huawei” korporasiyasının ofisi ilə tanış oldum. Biz Azərbaycanda
daha çox Çin şirkətlərini görmək istəyirik
və Çin rəhbərliyi ilə görüşlərimdə
bu məsələni vurğulamışam. Azərbaycanda Çinin müxtəlif sahələrdə
- infrastruktur, tikinti sahələrində fəaliyyət
göstərən daha çox şirkətlərini görmək
istəyirik. Əlbəttə ki, biz
Çin şirkətlərini investor qismində görmək
istəyirik. Çünki Azərbaycanda əlverişli
investisiya mühiti var.
Nəqliyyat sahəsində əməkdaşlığın
aparılması üçün çox yaxşı
perspektivlər mövcuddur. Biz Sədr Si Cinpin tərəfindən
irəli sürülmüş İpək Yolu iqtisadi kəmərinin
yaradılması təşəbbüsünü tam dəstəkləyirik.
Azərbaycan ölkə daxilində çox
müasir nəqliyyat infrastrukturunun yaradılması işinə
öz töhfəsini verir. Deyə bilərəm ki, bu
ilin avqustunda Çindən ilk konteyner qatarı
Xəzər dənizindən keçməklə Azərbaycana
gətirilib. Biz dünən nəqliyyat sahəsində
əməkdaşlığın perspektivlərini geniş
şəkildə müzakirə etdik. Azərbaycanın
coğrafi mövqeyi ölkəmizi malların Avropadan Asiyaya,
Asiyadan Avropaya tranziti üçün mərkəzə
çevirir. Biz hazırda dəmir yollarının
müasirləşdirilməsinə, Xəzər regionunda ən
böyük limanın yaradılmasına və ümidvaram ki,
gələn il fəaliyyətə
başlayacaq Azərbaycan ilə Avropa arasında dəmir yolu əlaqəsinə
sərmayə yatırırıq. Bakı-Tbilisi-Qars
dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək,
tarixi İpək Yolunu qurmaq üçün
çatışmayan dəmir yolu əlaqəsini yaradacaq.
Bu nəqliyyat marşrutu malların Çindən
Avropaya, Avropadan Çinə gətirilməsi
üçün ən qısa yol olacaq.
Başqa sözlə, bizim əməkdaşlığımız
çox genişdir. Bu, siyasi sahəni, beynəlxalq əlaqələri
əhatə edir. Dediyim kimi, beynəlxalq təşkilatlar
çərçivəsində çox fəal əməkdaşlıq
edirik. İqtisadi əməkdaşlığımızın
praktiki məsələlərinə xüsusi diqqət
yetiririk. Əlbəttə, biz nəqliyyat
təşəbbüsləri ilə bir neçə ölkə
arasında əməkdaşlığın aparılmasına
yaxşı imkan yaradırıq. İqtisadi
və nəqliyyat layihələri ölkələri birləşdirir,
iqtisadi dividendlər verir. Onlar müxtəlif
ölkələr arasında qarşılıqlı
anlaşma üçün yaxşı şərait
yaradır. Ölkələrin müxtəlif xarici siyasət
prioritetləri, dünyada baş verən hadisələrlə
bağlı fərqli baxışları ola
bilər. Bu da təbiidir. Lakin
biz iqtisadi əməkdaşlıq, daha geniş regional əməkdaşlıq
vasitəsilə qarşılıqlı anlaşma
üçün daha yaxşı şərait yarada bilərik.
Bizim mövqeyimiz buna əsaslanır və
Çin ilə Azərbaycanın baxışları bir
çox sahələrdə üst-üstə
düşür.
Biz terrorizmə, ekstremizmə, radikalizmə qarşı
birlikdə mübarizə aparırıq. Biz
multikulturalizm dəyərlərini təşviq edirik və
dünyada, regionumuzda gərginliyin azalmasına töhfə
verməyə çalışırıq. Bununla bərabər, ölkələrimiz arasında
ikitərəfli münasibətlərin mövcud durumu bizi
çox qane edir. Əminəm ki, mənim
səfərimin nəticələri, imzalanmış sənədlər,
xüsusilə Çin və Azərbaycan arasında Birgə
Bəyannamə gələcək inkişaf üçün
yaxşı baza olacaq. Birgə Bəyannamə
demək olar ki, bizim birgə fəaliyyətimizin bütün
cəhətlərini, siyasi, iqtisadi, münaqişələrin
tənzimlənməsinə aid məsələləri, nəqliyyat
və mədəniyyət məsələlərini əhatə
edir.
Biz təhsil sahəsində daha fəal əməkdaşlıq
etmək istəyirik. Universitetin rektoru ilə müzakirə
etdiyimiz kimi, mənə fəxri professor diplomunun verilməsindən
sonra əminəm ki, Azərbaycan gəncləri ölkənizin
aparıcı təhsil müəssisələrindən biri
olan Renmin Universitetində təhsil almaq üçün buraya
gələcəklər. Beləliklə,
ölkənizdən yaxşı xatirələrlə, nəticələrlə
ayrılıram. Əminəm ki, növbəti
illərdə sənədlərin praktiki icrasını
görəcəyik.
Bu gün Azərbaycan, ölkəmizin inkişafı və
planları haqqında da sizə bir qədər məlumat vermək
istəyirəm. Azərbaycan çox qədim diyardır.
Əsrlər boyu xalqımız dəyərlər
yaradıb. Azərbaycanda olan bir çox
tarixi yerlər ölkəmizin qədim tarixini əks etdirir.
Azərbaycan tarixi İpək Yolu üzərində
yerləşir, Avropa və Asiya qitələri ilə sıx
bağlıdır. Ölkəmiz, faktiki
olaraq, Avrasiyanın ortasında yerləşir. Lakin müstəqil ölkə kimi biz çox gəncik.
Biz cəmi 24 ildir ki, müstəqilik. Bu illər transformasiya, inkişaf, modernləşmə
illəri olub və biz böyük nəticələr əldə
etmişik.
Bu gün Azərbaycan beynəlxalq birliyin fəal
üzvüdür. Dörd il bundan əvvəl 155
ölkənin, eləcə də Çinin dəstəyi ilə
BMT-nin Təhlükəsizlik Şurasına üzv
seçilmişik. Bu da Azərbaycana olan
geniş beynəlxalq dəstəyin göstəricisi və
beynəlxalq arenada bizim fəaliyyətimizə verilən qiymət
idi.
Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə
artan iqtisadiyyatlardan biridir. Ötən 10 il ərzində
ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb.
Bu da bizə infrastruktura, o cümlədən
sosial infrastruktura sərmayə yatırmağa, işsizlik səviyyəsini
ciddi şəkildə azaltmağa imkan verir. Hazırda işsizliyin səviyyəsi 5 faizdir. Sürətli iqtisadi artım ölkəmiz
üçün çoxlu fürsətlər yaratdı.
Bu gün Azərbaycan, həmçinin xarici sərmayədardır.
Biz başqa ölkələrə investisiya
yatırırıq. Əlbəttə ki,
iqtisadi və maliyyə sabitliyi siyasi müstəqilliyimizin ən
əsas elementlərindəndir. Biz
yalnız 24 ildir ki, müstəqilik, gənc ölkəyik və
öz müstəqilliyinə hər şeydən çox dəyər
verən ölkəyik.
Üzləşdiyimiz problemlərə gəldikdə, əsas problem ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasıdır. İyirmi ildən artıqdır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrin tələblərinə məhəl qoymamağa davam edir. BMT-nin Təhlükəsizlik Şurası dünyada ən yüksək beynəlxalq təşkilatdır. Qəbul olunmuş qətnamələr beynəlxalq hüquqa və ədalətə əsaslanır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır ki, işğal altındadır. 1994-cü ildən bəri atəşkəs rejimi qüvvədədir. Lakin atəşkəs sülh demək deyil. Torpaqlarımız azad olunanda, qaçqın və məcburi köçkünlərimiz öz evlərinə qayıda biləndə sülhə nail olunacaq. Münaqişə yalnız beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası əsasında öz həllini tapmalıdır. Sədr Si Cinpinlə imzaladığımız Birgə Bəyannamədə bütün yanaşmalar öz əksini tapıb. Bu münaqişənin həll olunması üçün belə yanaşma nümayiş etdirdiyinə görə Çinə çox minnətdaram.
Bu böyük problemə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir. Bizim enerji ehtiyatlarımız var və əlbəttə, bu ehtiyatlar bizə maliyyə ehtiyatları toplamağa imkan verir. Lakin neftin qiymətinin bir il ərzində, demək olar, üç dəfə aşağı düşməsi əlbəttə ki, bacarıqların nümayiş etdirilməsinin vaxtının yetişməsi deməkdir.
Azərbaycan yaxşı idarəçilik nümayiş etdirir. Neft istehsal edən ölkələr arasında Azərbaycan hələ də inkişaf etməkdə olan azsaylı ölkələrdəndir. Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna da əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində nail olunub. Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir. Sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları Azərbaycana dəvət etmək üçün öz vəsaitlərimizi investisiya etmişik. İqtisadiyyatın şaxələndirilməsi prosesinin uğurlu olması sübuta yetirildi. Biz ölkəmizdə işləyəcək daha çox sayda Çin şirkətlərini görməyə ümid edirik, xüsusilə sənaye istehsalı, informasiya texnologiyaları, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində və bir çox digər sahələrdə. Çünki ölkələrimiz arasında çox yaxşı dostluq münasibətlərinin olmasını əsas tutaraq biz bu münasibətlərə çox vacib olan iqtisadi komponenti də əlavə etməliyik. Azərbaycan investisiyaların yatırılması nöqteyi-nəzərindən çox cəlbedici ölkədir. Xarici sərmayələr lazımi şəkildə qorunur.
Beləliklə, ölkəmiz inkişaf edir, bizim gələcək üçün böyük planlarımız var. Məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur.
Biz təhsilə böyük diqqət yetiririk. Çünki bu, hər bir ölkənin gələcəyidir. İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə biz Çin ilə daha fəal şəkildə əməkdaşlıq aparmaq istəyirik. Qeyd etdiyim kimi, Renmin Universiteti ilə öz universitetlərimiz arasında daha da sıx əməkdaşlıq görmək istəyirəm. Çünki təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizdə savadlılığın səviyyəsi demək olar ki, 100 faizdir. Bizim əsas məqsədimiz enerji ehtiyatlarının qiymətinin aşağı düşməsi ilə bağlı müvəqqəti çətinliklərə baxmayaraq, elə təhsil sisteminə malik olmaqdır ki, o, Azərbaycanın inkişaf etməsinə imkan yaratsın. Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır. İqtisadi islahatlar güclü sosial siyasətlə dəstəklənib. Yoxsulluğun və işsizliyin azalması bu siyasətin uğurlu olmasını göstərir. Beləliklə, ölkəmizin inkişafı haqqında qısaca olaraq bu qədər.
Dediyim kimi, bizim gələcək üçün planlarımız ölkəmizin milli maraqlarına söykənir. Biz regionda sülhün olmasını istəyirik və siyasi səylərimizi gərginliyin azalmasına istiqamətləndiririk. Qeyd etdiyim kimi, biz beynəlxalq terrorizmə, radikalizmə, separatizmə qarşı fəal mübarizə aparırıq. Biz bütün konfessiya və etnik qrup nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı multikulturalizm cəmiyyətinə malik olmağımızdan qurur duyuruq. Artıq Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, bizim böyük dəyərimizdir. Biz bu dəyərləri təşviq etmək istəyirik.
Mənə fəxri professor diplomunun verilməsi ilə əlaqədar sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən artıq sizin ailənizin bir üzvüyəm. Bu döş nişanını həmişə özümdə saxlayacağam. Ümid edirəm ki, sizi Bakıda görəcəyəm. Artıq universitetin rəhbərliyini Bakıya dəvət etmişəm. İndi isə tələbələri dəvət etmək istəyirəm. Ölkəmizlə tanış olmaq və dostluğumuzu daha da gücləndirmək üçün Azərbaycana gəlin. Çox sağ olun.
AZƏRTAC
Azərbaycan. - 2015.- 13 dekabr.- S. 2,
3.