Heydər məscidində
Ulu Öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Dekabrın
12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı
ilə Heydər məscidində ümummilli lider Heydər
Əliyevin vəfatının ildönümü ilə əlaqədar
anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər məscidində ilk dəfə olaraq keçirilən mərasimdə Qurani-Kərimdən ayələr oxunub, namaz qılınıb, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tərəfindən moizə edilib.
Moizə zamanı şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxuyub, Allahdan şəhidlərimizin ruhlarının şad olmasını diləyib. O, həmçinin “Günəşli” yatağının platformasında qəza nəticəsində həyatını itirmiş insanlara da Ulu Tanrıdan rəhmət diləyib.
Allahşükür Paşazadə Heydər Əliyevi ali mənəviyyat sahibi kimi dəyərləndirib. Bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Onun dövlətçilik, rəhbərlik qabiliyyəti dünya miqyasında hamıya məlumdur. Bu görkəmli şəxsiyyət həm də böyük mənəviyyat sahibi idi. Bu mənəviyyat onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub.
Şeyxülislam A.Paşazadə Heydər Əliyevin qəlbən hər zaman imanlı insan olduğunu vurğulayaraq deyib: “Mən onun necə imanlı olduğunun şəxsən şahidiyəm. Ulu Öndərin Allah sevgisi, dinimizə müqəddəs yanaşması təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o, bu sevgini həyatın bütün çətin dövrlərində hifz edərək daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu”.
Daha sonra şeyxülislam ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, Heydər Əliyevlə ilk dəfə 1980-ci illərin ortalarında görüşüb: “O vaxt bizim görüşümüz haqda “Kommunist” qəzetində yazı da verilmişdi. O dövr üçün bu, imkansız olsa da, Heydər Əliyev məni qəbul etdi. Biz Heydər Əliyevlə Məkkədə olarkən o, mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. Azərbaycan 1990-cı illərin əvvəllərində dağılmaq üzrə idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır”.
QMİ-nin sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının Ümummilli Lider tərəfindən qoyulduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb, ölkəmizin mədəniyyətlərarası, dinlərarası dialoq, multikulturalizm sahəsində öncül rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını vurğulayıb.
Sonra Heydər məscidində Ulu Öndərin xatirəsinə ilk dəfə olaraq ehsan mərasimi təşkil edilib, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Qeyd edək ki, Ulu
Öndərin vəfatının ildönümü
ilə əlaqədar Heydər məscidindən Nizami rayonundakı 1 nömrəli,
Suraxanıdakı 2 nömrəli, Xəzər rayonundakı 3
nömrəli uşaq evlərinə, Nəsimi
rayonundakı eşitmə qabiliyyəti pozulmuş
uşaqların respublika ixtisaslaşdırılmış
körpələr evi-uşaq
bağçasına ehsan göndərilib.
Azərbaycan. - 2015.- 13 dekabr.- S.4.