Siyasi liderlik simvolu
Müasir siyasi elmin əsas müzakirə mövzularından biri siyasi liderlər və siyasi liderlik institutu olmuşdur. Müxtəlif düşüncə və yanaşmaların mövcudluğu paralel olaraq təcrübədə yaşanmış və tanınmış liderlərin nümunələrində daha da dolğunlaşmış, nəzəri fikirlərin zənginləşməsinə təkan vermişdir.
Tarix sübut etmişdir ki, siyasi liderlər zamanın və məkanın tələbi əsasında yaranmış, mövcud tarixi dönəmdə liderliyində durduğu cəmiyyəti siyasi, iqtisadi və tarixi burulğanlardan keçirməli olmuşdurlar. Təbii ki, heç də bütün siyasi liderlər bu missiyanı uğurla reallaşdıra bilməmişlər və bəzən siyasi liderlər istəmədən və anlamadan öz dövlətlərini siyasi fəlakətə daha sürətlə sürükləmişlər. Lakin siyasi və tarix elmləri nəzəriyyə və təcrübələrinin vəhdətinə əsaslanaraq qeyd edilənlərlə yanaşı, siyasi liderlik institutunun klassifikasiyası zamanı daha uğurlu liderlərin formalaşmasının şahidi olmuşuq. Məhz ümummilli lider Heydər Əliyevin şəxsiyyəti buna bariz nümunədir.
Bu liderlər qeyd edildiyi kimi, tarixin müəyyən dönəmlərində cəmiyyətin önündə durmağı bacarmış, onun gələcək inkişafını nəinki mövcud siyasi, iqtisadi, hərbi və digər təlatümlərdən xilas etmək missiyasını uğurla yerinə yetirmiş, eyni zamanda, öz xalqı və dövləti üçün yeni dövrün və inkişafın simvolikasına çevrilə bilmişlər. Bu cür liderlər öz ölkələrini və xalqalarını yeni inkişaf mərhələsinə qaldırmaqla yanaşı, onun gələcək inkişafının da möhkəm əsaslarını yaratmağı bacarmışlar. Çünki bu nümunələrdə qarşıya qoyulmuş məqsədlər elmi əsaslara və tarixin tələblərinin əks olunmasına söykənmişdir.
Sözün əsl mənasında, ümummilli lider Heydər Əliyev kimi dahi insanların uzaqgörənliyi məhz üç mühüm elementi özündə ehtiva edən fəaliyyət göstərməkdən ibarət olmuşdur. Çox sadə səslənən, lakin konsepsiyalaşdırılması və icra olunması kifayət qədər mürəkkəb olan bu çoxşaxəli fəaliyyət konsepsiyasının bünövrəsini təşkil edən 3 mühüm elementin birincisi öz xaqlının tarixi irsinə hörmətin bərpa olunması (başqa sözlə, ənənlərin yaşadılması), ikincisi, mövcud reallığın qəbul olunması və müsbət yönə dəyişdirilməsi iradəsinin mövcudluğu, üçüncüsü isə gələcəyə aydın və konseptual baxışın mövcudluğudur. Daha dəqiq deyilərsə, tarixi irsinə və bu gününə hörmət, gələcəyinə inamın formalaşdığı bu 3 element özündə onlarla, yüzlərlə digər amilləri birləşdirir ki, bunların da icrası bir xalqın xoşbəxt gələcəyinin təmin olunması deməkdir.
Bir çox xalqlar kimi, Azərbaycan xalqı da XX əsr boyunca özünün altşüurunda bir lider və bütöv bir liderlik institutu formalaşdırmağa başladı. Heydər Əliyev kimi siyasi liderin formalaşması nənki sovet dönəmində vacib idi, müstəqilliyin yarandığı və mövcudluğunun təhlükə altında olduğu dönəmdə daha da əhəmiyyətli idi. Tarixi boyu istilalar yaşamış bir xalq son bir əsr ərzində daha dərin problemlərlə üzləşərək nəinki geosiyasi mövcudluğunu itirmiş, eyni zamanda, etnik və milli özgürlüyünü saxlamaq üçün çabalar vermişdir. Məhz bu səbəblər altşüurda yeni dövr üçün yeni siyasi liderlik institutunun formalaşdırılmasını labüd və vacib edirdi. Məhz bu tarixi tələb xalqının tarixini bilən, onun sadə vətəndaşının ailəsində ərsəyə gəlmiş və sadə ailələrin gələcək həyatının necə olmalı olduğunu (arzulandığını) daha yaxşı bilən, mövcud siyasi sistemin yaratdığı və yarada biləcəyi təhlükələri çox gözəl anlayan, özünün tarixi missiyasını formalaşdırmağı bacaran və milyonları öz arxasınca apara biləcək Heydər Əliyev kimi siyasi liderin - dahi şəxsiyyətin üzə çıxmasını labüd edirdi.
Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, başqa sözlə, onun irisinin öyrənilməsinin vacibliyi aydındır. Bu irs həm də onun üçün öyrənilməlidir ki, Heydər Əliyev özündən sonrakı onilliklər üçün də siyasi inkişaf konsepsiyasının cizgilərini hazırlamış bir liderdir. Bu irs həm də onun üçün öyrənilməlidir ki, Heydər Əliyev Azərbaycan xalqının yaşadığı şərəfli tarixin bütün səhifələrini dəqiqliklə nəzərə alaraq onun dövlətçilik ənənələrini bərpa etməyə nail olmuş və öz tarixi missiyasını uğurla yerinə yetirərək Azərbaycanda dövlət quruculuğu prosesini daha yüksək və yeni fazaya keçirmişdir.
Heydər Əliyev müasir Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırmağı bacarmış bir liderdir. Onun siyasi hakimiyyəti illərində müstəqil respublikanın siyasi idarəetmə sistemi formalaşdırılmış, 1995-ci ildə isə bu siyasi sistemin qanunvericilik bazası yaradılmışdır. Heydər Əliyev hələ sovet dönəmindən Azərbaycan xalqının özgürlüyünün qorunması və tarixi haqlarının bərpası istiqamətində davamlı fəaliyyət göstərmiş, Azərbaycanda dil siyasətinə xüsusi önəm vermişdir. Heydər Əliyev 1970-ci illərdən başlayaraq Azərbaycan tarixinin yazılması və öyrənilməsi işini mühüm vəzifə hesab etmiş, müstəqillik illərində isə buna xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Sovet İttifaqının parçalanmasından sonra siyasi düşüncədə yaranmış və bəzən də məqsədyönlü şəkildə tətbiq edilən “post-sovet” anlayışının xalqların tarixi reallıqlarını inkar edəcək fəsadlarının qarşısını almaq üçün Azərbaycan xalqının öz qədim ərazilərində formalaşdırdığı tarixi irsini bərpa və inkişaf etdirməsini vacib bilirdi. Ümummilli liderin hakimiyyəti illərində dövlət strukturlarının yenidən formalaşması prosesi başa çatdı, yeni qurumlar müvafiq sahələr üzrə xalqın rifahı və dövlətin maraqları naminə işləməyə başladılar. Məhz Heydər Əliyev hələ sovet dövründən başladığı təhsil və gənclər siyasətini daha da inkişaf etdirdi, müstəqil Azərbaycanda bu siyasətin müvafiq qurumlar vasitəsi ilə icra olunmasını təmin etdi.
Digər dahi dünya liderləri kimi Heydər Əliyev də həyatın bütün dönəmlərində yeni nümunələrin yaradılmasının vacibliyini bilir və bunu edirdi. Liderlik institutunun əsas təzahürlərindən hesab edilən siyasi mədəniyyətin formalaşması da məhz ümummilli liderin fəaliyyətinin nəticəsi olmuşdur. Yenicə müstəqilliyini qazanmış ölkəyə rəhbərlik etməyə başlayan Heydər Əliyev Yeni Azərbaycan Partiyası kimi dövrün tələblərinə və xalqın maraqlarına cavab verən siyasi partiya modeli yaratmaqla yanaşı, ölkədə siyasi plüralizmin formalaşamasını təmin etdi, vətəndaş cəmiyyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının inkişafına birbaşa dəstək verdi. Ölkənin Avropa strukturlarına inteqrasiyasının vacib olduğunu qəbul edən ümummilli lider sovet dövrünün eybəcər siyasi varisliyini ləğv etmək istiqamətində inamlı addımlar atdı, ədliyyə sistemində davamlı islahatlarla yanaşı, yerli mətbuatın inkişafı istiqamətində tarixi qərarlar verdi. Azərbaycan dünyada çap və elektron kütləvi informasiya vasitələrinin sayının yüksək olduğu ölkələr sırasına düşdü. Ölkədə senzuranın aradan qaldırılması yalnız mətbuatın inkişafına istiqamətlənməmiş, eyni zamanda, söz azadlığının təmin edilməsində mühüm rol oynamışdır.
Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasını təmin edən Heydər Əliyev bu təcrübənin demokratik əsaslarda yaradılmasının vacibliyindən çıxış edərək ölkədə milli-dövlət quruculuğunun təmin olunmasının əhəmiyyətini çox gözəl bilirdi. Bu səbədən də Azərbaycan coğrafiyası daxilində bütün millətlərin hüquqlarının təmin olunduğu formada birgəyaşaması üçün bütün şərait yaradıldı. Məhz bunun nəticəsidir ki, müasir Azərbaycan öz multikulturalist dəyərləri ilə bütün dünya üçün nümunəvi ölkəyə çevrilmişdir. Ölkədə bütün siyasi, ictimai, mədəni qrupların nümayəndələri seçkili və təyinatlı dövlət və hökumət strukturlarında təmsil olunmuş, qanunvericilik bazası ən yüksək şəkildə öz icraatını tapa bilmişdir.
Güclü inkişaf etmiş dövlət güclü inkişaf etmiş cəmiyyətin məhsuludur. Güclü cəmiyyət isə özündə güclü vətəndaşın formalaşdığı bir cəmiyyətdir. Məhz bu səbədən də ulu öndər Azərbaycan vətəndaşının sosial həyatının inkişaf etdirilməsini mühüm hesab edir, bunun üçün isə ölkə iqtisadiyyatının inkişafı, dünya bazarında bərabərhüquqlu əsaslarda təmsil olunmasının vacibliyini, ölkədə təhsilin, səhiyyənin inkişafını öz fəaliyyəti dövründə daim xüsusi nəzarətdə saxlamışdır. İstər “Əsrin müqaviləsi”, istər iqtisadiyyatın inkişaf etdirilməsi, istər yeni təhsil proqramlarının və islahatlarının aparılması, istərsə də yeni qanunvericilik bazalarının formalaşdırılması sonrakı illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi konsepsiyasının Prezident
İlham Əliyev tərəfindən əsas hədəf kimi qəbul ediləcəyinin təməlini qoyurdu.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin nəticəsi olaraq bu gün sürətlə inkişaf edən Azərbaycan insan kapitalının inkişafına görə dünya ölkələrinin reytinq cədvəlində inkişaf etmiş ölkələr sırasında yer almışdır. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyev ümummilli liderin bu siyasətini uğurla davam etdirərək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya daha yüksək hədəflərə nail olmağı bir məqsəd kimi qoymuşdur.
Müasir Azərbaycan dünyanın aparıcı ölkələri ilə bərabər addımlayir. Ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzvü, bir çox beynəlxalq platformaların əsas söz sahiblərindən biri rolunda çıxış etmiş, özünün sabit və qərarlı mövqeyi ilə daim seçilməkdədir. Azərbaycan tarixi idarəetmə ənənələrinin yaşadıldığı çoxmədəniyyətli cəmiyyətin mövcud olduğu güclü vətəndaşın yaşadığı bir məkana çevrilmişdir. Güclü vətəndaş isə öz liderinin ətrafında birləşməyi bacarmış və bu gün Prezident İlham Əliyevin siyasi iradəsinin əsas sütununa çervilməklə ulu öndər Heydər Əliyev qədər azərbaycanlı olmağı ilə fəxr edir.
Anar NAĞIYEV,
Azərbaycan Dillər Universitetinin
Regionşünaslıq və beynəlxalq
münasibətlər
fakültəsinin
dekanı, dosent
Azərbaycan. - 2015.- 13 dekabr.- S. 5.