“Kənd təsərrüfatı
ili” başa çatsa da, kənd təsərrüfatı
dövrü davam edir
Dünyanın, xüsusən yerləşdiyimiz regionun sosial-iqtisadi, ictimai-siyasi durumu getdikcə tündləşir, mürəkkəbləşir, hətta o dərəcədə ki, dünənəcən adlarına müxtəlif rənglər və fəsillər qoyulan hadisələr, daha doğrusu, inqilablar və çevrilişlər bu gün lokal qarşıdurmalardan əməlli-başlı qanlı müharibələrə çevrilir. İndi böyüklü-kiçikli bütün ölkələri, bütün hərbi-iqtisadi güc mərkəzlərini, dünyadakı bütün söz və səlahiyyət sahiblərini bir neçə il əvvəldəki kimi qlobal maliyyə böhranının nəticələrinin deyil, artıq nəzarətdən çıxmış həmin müharibələrdən və onların fəsadlarından qurtulmağın yolları düşündürür. Amma deyəsən, gecdir, hər halda, kənardan belə görünür. Çünki necə deyərlər, cin şüşədən buraxılıb, onu geri qaytarmaq çətin işdir, bunun üçün ən azı uzun zaman lazımdır. Zaman isə həm də heç nədən asılı olmayaraq davam edən həyat deməkdir. O həyat ki, insanlar onu yaşamaq, özü də normal yaşamaq üçün doğulublar.
Bax, ilk nəzərdə bəlkə də bu bədbin reallığa dəxli olmayan “Kənd təsərrüfatı ili”nin sadə və son məqsədi də Azərbaycan vətəndaşına belə bir normal həyat bəxş etməkdir. “Etmək olmuşdur” yazmırıq ona görə ki, Azərbaycanın “Kənd təsərrüfatı ili” başa çatsa da, ölkəmiz üçün kənd təsərrüfatı dövrü davam edir və indidən sonra da hələ çox illər davam edəcək. Səbəbi çox bəsitdir - dünya durduqca insan yeyib-içəcək. Belə götürəndə, tarixin bütün dönəmlərində baş vermiş və günü bu gün də davam edən qarşıdurmalar, müharibələr “qarın” üstə deyilmi?! Məhz həm də bu baxımdan Azərbaycanda “Kənd təsərrüfatı ili”nin 2015-ci illə yekunlaşacağını zənn etmək ən azından sadəlövhlük olardı.
Bəs, yola salmağa hazırlaşdığımız bu il ölkənin aqrar sektoru üçün hansı nəticələrlə və yeniliklərlə yadda qalacaq? Əvvəlcədən onu qeyd edək ki, kənd təsərrüfatı işləri möhsümi xarakter daşıdığı üçün ona yekun vurmaq üçün təqvimin son gününü gözləməyə ehtiyac yoxdur. Əgər gələn ilin məhsulu üçün hazırda görülən işləri nəzərə almasaq, cari mövsüm yığılan yığılıb, satılan satılıb. Elə isə statistikaya nəzər salaq: Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il noyabrın 1-nəcən payızlıq, eləcə də yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektarı biçilib və sahələrdən 2 milyon 785,1 min ton məhsul götürülüb. Yəni, orta hesabla hər hektardan 30,4 sentner məhsul deməkdir ki, bu da ötən ildəkindən 7,6 sentner artıq məhsuldarlıqdır. Bundan əlavə, 34,3 min hektardan 205,7 sentner dən üçün qarğıdalı biçilib.
Digər məhsullar sarıdan da vəziyyət qənaətbəxşdir. Statistikaya əsasən, qeyd olunan müddətəcən ölkə üzrə sahələrdən 827,6 min ton (keçən ilin müvafiq dövründəkindən 8,3 min ton çox) kartof, 1 milyon 234 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton ( 58,2 min ton çox) şəkər çuğunduru yığılıb. Sahələrdən bu mövsüm həmçinin 27 min ton pambıq və 18,8 min ton dən üçün günəbaxan toplanaraq emal müəssisələrinə təhvil verilib.
Heyvandarlıqda da kifayət qədər irəliləyiş var. Belə ki, yanvar-sentyabr ayları ərzində ölkədə 385,1 min ton, yaxud ötən ilin eyni dövründəkindən 1,8 faiz çox diri çəkidə ət, 1 milyon 625,8 min ton (3,8 faiz çox) süd, 1,2 milyard ədəddən çox yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal edilib. Ümumilikdə “Kənd təsərrüfatı ili”nin 10 ayında 6,7, o cümlədən bitkiçilikdə 10,7, heyvandarlıqda 2,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, bunlar cari ildə aqrar sektor üzrə əldə olunan nəticələrin yalnız ümumiləşdirilmiş qısa statistikasıdır. Amma elə bu da kifayət edir ki, Prezidentin sərəncamı ilə elan olunmuş “Kənd təsərrüfatı ili”ndə istər dövlət və hökumət, istərsə də məhsul istehsalçıları tərəfindən atılan addımların və görülən işlərin hədər getmədiyi qənaətinə gələk. Xüsusən Prezident İlham Əliyevin aqrar sektorun strateji sahə səviyyəsinə qaldırılması üçün gördüyü tədbirlərin, imzaladığı sənədlərin nəticələri daha qlobal xarakter daşıyır. Dövlət başçısı kənd təsərrüfatına yalnız ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas sahə kimi baxmır, həm də qeyri-neft bölməsinin aparıcı sektoru kimi yanaşır. Əgər bu gün Azərbaycan fermeri, kənd təsərrüfatı məhsulları istehsalçısı bütün vergilərdən azaddırsa, onlara əkib-becərmək üçün maddi yardım olunursa, motor yağı, yanacaq güzəştli qiymətlərlə satılırsa, aşağı faizlərlə kreditlər verilirsə, toxum, gübrə problemlərinin həllini dövlət öz üzərinə götürürsə və daha neçə-neçə əlverişli şərait, işgüzar mühit yaradırsa, stimullaşdırıcı tədbirlər görürsə, bu, ilk növbədə, Prezident İlham Əliyevdən gələn təşəbbüslərdir. İndiki zamanda Azərbaycan kimi az ölkə tapılar ki, aqrar sektora bu səviyyədə və bu həcmdə əməli dəstək versin.
Amma dövlət başçısını bunlar qane etmir. “Kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir”. Bu sözləri cənab İlham Əliyev 2014-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda söyləyib. Göründüyü kimi, Prezident bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də hədəflədiyi məqsədə çatmaqda israrlıdır. Hədəf isə ondan ibarətdir ki, Azərbaycan əsas ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəməli, idxaldan maksimum az asılı olmalıdır. Özü də bu, yaxın hədəfdir və yeri gəlmişkən qeyd edək ki, yaxın zamanda ona çatılacağı heç kimdə şübhə doğurmur. Çünki artıq kənd təsərrüfatı məhsulları istehsalçılarımız günü bu gün daxili bazarı bir çox ərzaqla (ət, süd məhsulları, meyvə, tərəvəz, bostan və s.) əsasən təmin edə bilirlər. Növbəti hədəf isə buna tam nail olduqdan sonra xarici bazara rəqabətə davamlı, keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar çıxarmaqla Azərbaycanı həm də ərzaq ixracatçısına çevirməkdir.
Neft ölkəsinin ərzaq ixracatçısına çevrilməsini təsəvvür etmək asan olmasa da, bu, reallıqdır. Çünki həmin məqsədə çatmaq üçün Azərbaycanda sadaladığımız və sadalamadığımız bütün işlər görülür. Götürək elə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı Prezidentin aprelin 3-də sərəncamla təsdiqlədiyi Tədbirlər Planını. 5 istiqamətdə 50 tədbiri özündə birləşdirən bu sənəddə qarşıya qoyulan vəzifələrin icrası ölkədə aqrar islahatlara yeni təkan verib. İndi Azərbaycanda aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, bu sahədə şəffaflığın təmin olunması, Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialının gücləndirilməsi, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması və s. artıq reallıqdır.
Reallıq həmçinin müasir Azərbaycan fermerinin nə keçmiş kolxozçu, nə də dünənki imkansız, vəsaitsiz, texnikasız kəndli olmasıdır. Texnikadan söz düşdüsə, elə bu sahəyə aid son faktları açıqlayaq: məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, 2014-cü ilin avqustundan “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt edilir. Nəticədə 2014-cü il və 2015-ci ilin 9 ayı ərzində istehsalçılar 6190 texnika (398 kombayn, 2158 traktor, 27 ekskavator, 3607 digər texnikalar) lizinqə götürmüş və ya lizinq yolu ilə almışlar. Hamısı da Avropa istehsalı olan müasir texnikalardır. Dövlət başçısının həmin tapşırığının səmərəsini göstərmək üçün kiçik bir müqayisə: 9 ildə (2005-2013) məhsul istehsalçılarına lizinqlə ümumilikdə 11219 kənd təsərrüfatı texnikası verilmişdir ki, bu da son 1 il 9 ay ərzində fermerlərin aldığı texnikaların sayından vur-tut təxminən 2 dəfə çoxdur.
Yaxud götürək keçən ilin avqustundan tətbiq olunan digər yeni qaydaları. Həmin qaydalara əsasən, istehsalçıya satılan gübrəyə görə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə və ya güzəşt olunan yardımın yuxarı həddi 50 manatdan 80 manata artırılıb. Bu isə o deməkdir ki, məsələn, əgər 2012-2013-cü illərdə gübrənin güzəştli satışı üçün dövlət büdcəsindən təqribən 20-22 milyon manat subsidiya verilirdisə, ötən il həmin rəqəm 32,5 milyon, cari ilin 9 ayında isə 31,8 milyon manat olub. “Kənd təsərrüfatı ili”ndə həmçinin hər hektar əkin sahəsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata qaldırılıb. Bu hesaba təkcə cari mövsüm istehsalçılar ümumilikdə 63,2 milyon manat (keçən mövsümdəkindən 22 faiz çox) subsidiya alıblar.
“Kənd təsərrüfatı ili”nin yaddaqalan mühüm hadisələrindən biri də Prezidentin 2015-ci il martın 2-də Dövlət Toxum Fondunun yaradılması haqqında imzaladığı sərəncamdır. Bu fond istehsalçıları keyfiyyətli toxumla təmin etmək və təbii fəlakətə məruz qalan bölgələrə toxum sarıdan kömək göstərmək funksiyalarını həyata keçirəcək. Bunun təmin olunması üçün fondda dövlət reyestrinə salınan bitki sortlarının toxumları tədarük ediləcək. Hazırda müvafiq qurumlar fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı normativ bazanın formalaşdırılması üzərində işləyirlər və bildirdiklərinə görə işi başa çatdırmalarına çox qalmayıb.
Builki yeniliklərdən biri də “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasına başlanmasıdır. Müasir dövrdə idarəetmə sahəsində şəffaflığın və səmərəliliyin artırılması baxımından elektron hökumətin genişləndirilməsi mühüm şərtdir. Bu səbəbdən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması da vacib məsələlərdən sayılmalıdır. Artıq sistemin yaradılması istiqamətində bir sıra işlər görülüb. Beynəlxalq ekspertlər cəlb olunmaqla hüquqi və təşkilati çərçivələr təhlil edilib, strategiya sənədi və Avropa İttifaqının təcrübəsinə uyğun İACS prinsiplərinə əsaslanan, 7 altmoduldan ibarət informasiya sisteminin qurulması üçün texniki şərtlər hazırlanıb. Hazırda İACS prinsiplərinə əsaslanan Torpaq sahələrinin identifikasiyası sistemi, Fermer təsərrüfatlarının reyestri, Biznes təhlili və hesabatlar, Sənədlərin idarə olunması, Ərazilərin emalı, Ödənişə icazə və Risklərin təhlili modullarından ibarət “Subsidiya və siyasətə dair informasiya sistemi”nin tətbiqi üçün praktiki fəaliyyətlər həyata keçirilir.
Bu gün Azərbaycan müasir aqrar biznes texnologiyası olan aqrarparkların yaradılmasında ilkin təcrübəyə malikdir. 2014-cü ilin noyabrında dövlət başçısının iştirakı ilə təməli qoyulan “Şəmkir Aqropark”ın tikintisi getdikcə sürətlənir. 604 hektarda yaradılan aqroparkda istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsal edən fabrik, logistika və aqroservis, elmi araşdırma və innovasiyalar mərkəzləri, soyuducu anbar, avtopark, hotel və müxtəlif infrastruktur müəssisələri inşa olunur. Bu il həmçinin Xaçmazın Yalama qəsəbəsində eyni adlı aqroparkın tikintisinə başlanılıb. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodlarının, istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Xızı rayonunun Yeni Yaşma kəndində yaradılacaq “Xızı Aqropark”da isə artıq heyvandarlıq kompleksinin inşasına start verilib. Ət kəsimi və ət emalı sahəsinin, istixana kompleksinin və balıqçılıq təsərrüfatının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür.
Eyni zamanda, kiçik ailə təsərrüfatlarının inkişaf etdirilməsi də unudulmur. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi hazırda “Ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması” layihəsini həyata keçirir. Layihənin tətbiqi üçün Ağcabədi, Bərdə və İmişli pilot rayonlar kimi götürülüb. Bu ərazilərdə pay torpaqlarına sahib olan seçilmiş ailələrə lizinq şərtləri ilə ətlik-südlük istiqamətli damazlıq heyvanlar və güzəştli kreditlər veriləcək. Həmçinin layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi onlara məşğul olduqları sahələr üzrə müasir təsərrüfatçılıq təcrübəsini öyrədəcək.
Bir sözlə, “Kənd təsərrüfatı ili”ndə görülən tədbirlər, qazanılan uğurlar çoxdur və bir qəzet məqaləsində onların hamısını hətta sadalamaqla belə, əhatə etmək mümkün deyil. Amma qeydlərimizdən də göründüyü kimi, Azərbaycanın aqrar sektorunun gələcək inkişafının daha dinamik olacağını, hədəflədiyi məqsədlərə daha tez çatacağını söyləmək mümkündür.
Raqif MƏMMƏDOV.
Azərbaycan. -
2015.- 15 dekabr.- S. 4.