Azərbaycan regionun logistika və nəqliyyat
mərkəzi kimi qəbul edilir
Prezident İlham
ƏLİYEV: “Azərbaycanın coğrafi
mövqeyi ölkəmizi malların Avropadan Asiyaya, Asiyadan Avropaya tranziti üçün mərkəzə
çevirir”
Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir və bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Azərbaycanın Avrasiya regionu ölkələri ilə əməkdaşlığı da bu baxımdan diqqəti cəlb edir. Regionda yerləşən dövlətlərlə münasibətlər ümumbəşəri dəyərlərə - vətəndaş cəmiyyəti, insan və vətəndaş hüquqlarının təminatı, o cümlədən birgə iqtisadi əməkdaşlıq məramına söykənir.
İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq, bu gün Azərbaycan dünyanın davamlı inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır.
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Asiya regionu ölkələri ilə əlaqələri son illər daha da dərinləşib. Asiya ölkələrinin də Azərbaycanla əlaqələri bütövlükdə bölgədə sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlib. Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı rola malik olması ölkəmizlə bütün sahələrdə əməkdaşlığa olan marağı artırıb. Azərbaycan hazırda mühüm tranzit daşımalarında əsas tərəfdaşlardan biri kimi qəbul edilir. Qlobal tranzit daşımalarında ölkəmizin mövqeyinin ildən-ilə möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı tranzit daşımalarının həcminin artmasına və ölkəmizin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Nəqliyyat sektorunun müasirləşdirilməsi ilə Azərbaycanın tranzit potensialının inkişafı daşımalardan daxil olan gəlirlərin artmasına, ticarətin inkişafına, ölkəyə gələn turist axınlarının sayının artmasına şərait yaradacaq, o cümlədən ölkəmizi dünyada daha çox tanıdacaq.
Nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan dövləti Çin tərəfindən irəli sürülmüş İpək yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü tam dəstəkləyir. Bu ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gətirildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu layihəsi çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan (Şixezi-Dostık-Aktau-Ələt) marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakıya gəldi. Xatırladaq ki, Çin, Qazaxıstan və Azərbaycan ərazilərindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən böyük layihənin ilk müjdəçi qatarı 4768 kilometr, o cümlədən 4258 kilometr dəmir yolu, 510 kilometr dəniz məsafəsi qət edib. Sınaq konteyner qatarı Şixezi şəhərindən iyulun 28-də yola düşüb və 6 gündən sonra Ələtə çatıb. Bu hadisə bir daha göstərdi ki, böyük infrastruktur layihələri icra edən Azərbaycan artıq əhəmiyyətli tranzit ölkəyə çevrilib. Yaxın zamanlarda isə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan öz iqtisadi imkanlarını daha da genişləndirmiş olacaq.
Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması da çox mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla Koordinasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib. Koordinasiya Şurası qarşısında qoyulmuş vəzifələrin icrası üçün yükdaşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, daşınma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, koordinasiya işlərinin gücləndirilməsi, xüsusilə yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın tranzit potensialının inkişafında və regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmlənməsində TRASEKA dəhlizinin potensialından istifadə əhəmiyyətli rol oynayır. Bu dəhliz Avropa və Asiya arasında ən qısa yoldur.
Qeyri-neft sektorunda tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir və bu sahənin inkişafı üçün böyük perspektivlər var. Məlum olduğu kimi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və səyləri sayəsində 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə Tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuşdur. Həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Təsadüfi deyildir ki, TRASEKA Hökumətlərarası Komissiyasının daimi katibliyi də Bakı şəhərində yerləşir. 1998-ci ildən indiyədək TRASEKA-ya üzv ölkələr, o cümlədən Azərbaycan tərəfindən İpək yolunun inkişafı üçün bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Ulu öndərin ölkənin tranzit potensialının reallaşdırılmasına dair siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, Bakıda və ölkəmizin regionlarında beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Eyni zamanda digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə daha əlverişli şərtlərlə, yəni qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır.
Prezident İlham Əliyev bildirib: “Azərbaycanın coğrafi mövqeyi ölkəmizi malların Avropadan Asiyaya, Asiyadan Avropaya tranziti üçün mərkəzə çevirir. Biz hazırda dəmir yollarının müasirləşdirilməsinə, Xəzər regionunda ən böyük limanın yaradılmasına və ümidvaram ki, gələn il fəaliyyətə başlayacaq Azərbaycan ilə Avropa arasında dəmir yolu əlaqəsinə sərmayə yatırırıq. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək, tarixi İpək yolunu qurmaq üçün çatışmayan dəmir yolu əlaqəsini yaradacaq. Bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa yol olacaq”.
Ölkə başçısı İlham Əliyevin inamla davam etdirdiyi yeni neft
strategiyasının nəticəsi olaraq
müstəqil respublikamız nəinki enerji
müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından
birinə çevrilmişdir. Bunun nəticəsi kimi
ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı
ürəkdən inanır ki, ölkədə
həyata keçirilən neft siyasəti
davamlı inkişaf və tərəqqi prosesini sürətləndirəcək.
Əminliklə demək olar ki, Azərbaycanın tranzit
potensialının artırılması ilə bağlı həyata
keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər də
ölkəmizin sosial-iqtisadi
inkişafına böyük imkanlar açacaq.
Azərbaycan. - 2015.- 16 dekabr.- S.1.