Azərbaycan insan inkişafının yüksək səviyyədə
olduğu ölkələr
siyahısına daxil edib
BMT İnkişaf Proqramı (BMT İP) 2015-ci ildə insan potensialının inkişafı haqqında “İnsan inkişafı naminə əmək” adlı məruzə dərc edib. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, həmin məruzədə Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib.
BMT İP tərəfindən hazırlanmış məruzədə müxtəlif ölkələrin sakinlərinin həyat səviyyəsi və sosial müdafiə dərəcəsi, əhalinin sağlamlığı, təhsil və mədəni inkişaf səviyyəsi göstəriciləri, cinayətkarlığın vəziyyəti, ətraf mühitin qorunması, qərarlar qəbul edilməsində insanların iştirakı barədə məlumatlar əks olunub.
Sənəddə qeyd edilir ki, son 25 ildə aşağı inkişaf şəraitində yaşayan insanların sayı 2 milyard nəfər azalıb. Bu, səhiyyə, təhsil, habelə yoxsulluğun azaldılması sahəsində qazanılmış uğurlar sayəsində mümkün olub. 2015-ci ildə insan potensialının inkişafı haqqında məruzənin əsas mövzusu hamı üçün ədalətli və layiqli əməyin təmin edilməsi məsələsi olub.
Bu sənədə əsasən dünyada insan inkişafının ən yüksək səviyyədə olduğu dövlətlərin ilk beşliyinə Norveç, Avstraliya, İsveçrə, Danimarka və Niderland daxildir.
Postsovet ölkələrindən Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına, Moldova, Türkmənistan, Özbəkistan və Qırğızıstan insan inkişafının orta səviyyədə olduğu ölkələr siyahısına daxil olunub, Estoniya, Litva və Latviya isə insan inkişafının ən yüksək səviyyədə olduğu ölkələr kateqoriyasına aid edilib.
Siyahının sonunda insan potensialının inkişaf səviyyəsi aşağı olan ölkələr göstərilir.
Məruzə müəllifləri dünya ölkələrinin hökumətlərinə müraciət edərək həm standart iş yerləri yaradılmasına, həm də ehtiyacı olan insanlara qulluq edilməsi üzrə məvacib ödənilməyən əmək və ya yaradıcı əmək kimi fəaliyyət növlərinə diqqəti artırmağa çağırırlar.
Məruzədə qeyd edilir ki, hazırda dünyada 830 milyon aztəminatlı işçi var. Onların gündəlik gəliri 2 ABŞ dollarından azdır. 200 milyondan çox insan işsizdir, 21 milyon nəfər isə məcburi əməklə məşğul olur.
Avropa və Mərkəzi Asiya ölkələrində məşğulluq səviyyəsi 51 faizə bərabərdir. Həmin ölkələrdə gənclər arasında işsizlik 19,5 faizə çatır. Bu regionda miqrantların sayı xeyli yüksəkdir. Avropa və Asiya ölkələrində iqtisadiyyatın qeyri-rəsmi sektoru sürətlə inkişaf edir.
Məruzə müəlliflərindən biri, BMT İP nümayəndəsi Səlim Cahan deyib: “İşləmək
istəyən hər kəsə layiqli
şəraitdə işləmək imkanı veriləndə
bəşəriyyətin tərəqqisi sürətlənir.
Lakin bir sıra
ölkələrdə insanlar çox vaxt ödənişli
əməkdən istifadə edə bilmir,
yaxud eyni iş müqabilində başqalarından az haqq alır”.
Azərbaycan. - 2015.- 16 dekabr.- S.1.