Fövqəladə
Hallar Nazirliyi ilə
Fransanın müvafiq qurumları
arasında əməkdaşlıq məsələləri
müzakirə edilib
Dekabrın
15-də Azərbaycan Respublikasının fövqəladə
hallar naziri Kəmaləddin Heydərov Fransa
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
səfiri xanım Orelia Buşez ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım Orelia Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.
Görüşə görə təşəkkürünü bildirən xanım Orelia Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyur. Səfir əlavə edib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2015.- 16 dekabr.- S. 2.