Fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcəkdir

 

Qloballaşan dünyanın çağırışlarına tarixi nailiyyətləri və yeni iqtisadi inkişaf modeli ilə cavab verən Azərbaycan dövlətinin əsas hədəfi xalqımızın rifahıdır. Bu rifahın təmin olunmasının əsas şərtlərindən biri isə ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatıdır. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlamışdır. Baş verən ən müxtəlif hadisələrə çevik və uzaqgörən reaksiyası, fəlakətlərin vaxtında xəbərdar edilməsi, qarşısının alınması, nəticələrinin effektli şəkildə aradan qaldırılması sahəsində müdrik tapşırıq və tövsiyələri ilə həm də aidiyyəti strukturları daha sayıq fəaliyyətə, vəzifələrinə məsuliyyətli yanaşmağa sövq edirdi.

Bütün bunlar isə xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə diqqət və qayğısından xəbər verirdi. İstər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə insan təhlükəsizliyinə, əhalinin və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlər həyata keçirilmişdir. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” - ideyası ilə çıxış edən ümummilli lider Heydər Əliyev Azərbaycanda fövqəladə hallar sahəsində müvafiq dövlət qurumunun yaradılmasının həyati əhəmiyyət daşıdığını əsaslandırmışdır.

Hakimiyyətə gəldiyi ilk gündən ulu öndərin elmi cəhətdən əsaslandırılmış strategiyasını və siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin təhlükəsizliyinin qorunmasına və mülki müdafiəsinin təşkilinə müasir standartlarla yanaşmış, fəlakətlərə qarşı hazır olmanı, effektiv mübarizəni, ərazilərin, təhlükə potensiallı müəssisələrin, təbii fəlakət və texnogen qəzaların mənbələrinin vəziyyətinin sistemli təhlilinin aparılmasını gündəliyə gətirmişdir.

Möhtərəm Prezident İlham Əliyevin 2005-ci il dekabr ayının 16-da imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının yeni yaradılmış nazirliyin tərkibinə verilməsi dövlətimizin və xalqımızın əmlakının və həyatının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması, hadisələrin qarşısının alınması və nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılmasında, əhalinin təhlükəsizliyinin etibarlı təmin olunması sahəsində irəliyə doğru atılan mühüm addımlardan oldu. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən qarşımızda vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi kimi çox ciddi vəzifə qoydu.

Təbii ki, Fövqəladə Hallar Nazirliyinin yaxın və uzaq perspektivdə fəaliyyətinin düzgün qurulması üçün ilk növbədə təxirəsalınmaz tədbirlər planı hazırlandı və vahid strategiyanın yaradılması üzrə ən vacib istiqamətlər müəyyənləşdirildi. Bu məsələlərə nazirliyin qanunvericilik bazasının yaradılması, maddi-texniki təminatının gücləndirilməsi, kadr potensialının artırılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər bu kimi əsas prinsiplər daxil idi. 10 il ərzində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənədlər hazırlanmış, qüvvədə olan bir çox normativ hüquqi aktlara əlavələr və dəyişikliklər edilmiş, dövlət agentlikləri və xidmətlərin əsasnamələri, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları təsdiq edilmişdir. Bu sırada Azərbaycan Prezidentinin hər il 16 dekabr tarixinin Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 2006-cı il dekabr ayının 8-də imzaladığı sərəncamı da yeni yaradılan nazirliyə və onun kollektivinə dövlət qayğısının bariz təcəssümü oldu.

2007-ci il dekabr ayının 17-də Bakıda, Azadlıq meydanında Fövqəladə Hallar Nazirliyinin aldığı, fövqəladə hallar zamanı istifadə edilən yeni texnika, avadanlıq və qurğuların təqdimatında, 2008-ci il noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində iştirakı dövlət başçısının həm də bu qurumun fəaliyyətinə yüksək səviyyədə diqqət və qayğısının təzahürü olmaqla, proqram xarakterli göstəriş və tövsiyələri kollektivimizin hər bir üzvünün fəaliyyət istiqaməti kimi qəbul edilmişdir. 2011-ci il fevralın 23-də Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına döyüş bayrağını təqdim etdi. “Mən sizi bir daha döyüş bayrağının verilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm” - deyən Ali Baş Komandanın bundan sonrakı illərdə də Fövqəladə Hallar Nazirliyinin öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəyinə, bütün şəxsi heyətin Vətənə sədaqətlə xidmət edəcəyinə əminliyini ifadə etməsi həm də bizim üçün böyük məsuliyyət demək idi.

Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunmasını özünün ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyi formalaşarkən tabeliyinə verilən və yeni yaradılan qurumlarında işin daha səmərəli, operativ və çevik olması üçün islahatlara, quruculuq işlərinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilmişdir. Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakı şəhərində deyil, regionlarda yerləşən qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənmişdir. Regionlarda Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəzin fəaliyyəti təmin edilmişdir. Ayrılan büdcə vəsaiti hesabına demək olar ki, nazirliyin bütün qurumlarının istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir edilmiş, yeniləri tikilib istifadəyə verilmişdir. Konkret desək, 2006-2015-ci illər ərzində 57 obyekt üzrə tikinti-quraşdırma işləri tam və ya mərhələlərlə başa çatdırılaraq istismara verilmiş, həmçinin tamamlama işləri başa çatdırılmış daha 27 obyektin Dövlət Qəbul Komissiyasına təqdim edilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. 43 obyekt üzrə tikinti-quraşdırma işləri davam etdirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin nazirlik qarşısında qoyduğu ciddi tapşırıqlardan biri də belə idi: “Dünyada hansı qabaqcıl texnologiya varsa, o, Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir”. Ölkə başçısının xüsusi diqqət və qayğısının nəticəsi olaraq nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilmişdir. Fransanın, Almaniyanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Türkiyənin, Rusiyanın və digər ölkələrin istehsalı olan müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınları, hündürlük nərdivanları, yanğınsöndürənlər üçün xüsusi geyim dəstləri və mühafizə avadanlıqları, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən amfibiya tipli təyyarə, helikopterlər, xüsusi naviqasiya avadanlıqları istismara verilmişdir. Fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitallar, mobil tibbi diaqnostika və təcili yardım avtomobilləri, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalarla təmin edilmişlər. Xilasetmə işlərində xüsusi texnikalar, bomba zərərsizləşdirici sistemləri, motosikletlər, dənizdə xilasetmə əməliyyatları üçün sürətli və çoxfunksiyalı katerlər, xilasedici qayıqlar, axtarış gəmiləri, digər zəruri texniki vasitə və onlarla digər avadanlıqların gücündən iş prosesində istifadə edilmişdir.

Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Quruda və dənizdə baş verən irimiqyaslı fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işlərinin aparılması, hadisənin nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin formalaşdırılmasında beynəlxalq təcrübədən geniş istifadə olunmuşdur. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti və “112” qaynar telefon xəttinin yaradılması insanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində atılmış mühüm addımlardan biridir.

Fövqəladə Hallar Nazirliyi yarandığı ilk gündən etibarən kadr potensialının gücləndirilməsi işinə xüsusi diqqətlə yanaşmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, nazirliyin əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin, o cümlədən Rusiya, Ukrayna və Belarusun müvafiq ali təhsil ocaqları ilə müqavilələr bağlanmış və bu müqavilələr əsasında əməkdaşlar həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamla 2008-ci ildə nazirlik üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. Akademiya 2009-2010-cu tədris ilində ilk tələbə qəbulunu həyata keçirərək fəaliyyətə başlamışdır. Ötən müddətdə Akademiyanın maddi-texniki və metodiki bazası möhkəmləndirilmiş, tədrisin təşkili Avropa Kredit Sisteminin tələblərinə uyğun qurulmuş, müasir tipli universitet şəhərciyi salınmış, beynəlxalq tələblərə cavab verən təhsil infrastrukturu yaradılaraq ən son avadanlıqlarla təchiz edilmişdir.

27 dekabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri yüksək qiymətləndirmiş, dəyərli tövsiyələrini vermişdir: “Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyinin akademiyası qısa müddət ərzində gözəl bir tədris mərkəzinə çevrilibdir. Ümid edirəm ki, biz gələcəkdə bu akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradacağıq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Çünki hesab edirəm ki, bu bölgədə, yerləşdiyimiz regionda bu akademiyanın, əlbəttə, öz yeri vardır. Əminəm ki, burada təhsil almaq üçün qonşu ölkələrdən də vətəndaşlar gələcəklər. Bu bazada, əminəm ki, beynəlxalq tədris mərkəzini yarada bilərik.”

Qeyd etmək lazımdır ki, bir sıra ölkələrin müvafiq qurumları malik olduqları kadr potensialının gücləndirilməsi məqsədilə əməkdaşlarının nazirliyin akademiyasında təhsil almaları üçün müraciət etmişlər. Bu sahədə hüquqi bazanın yaradılması üçün hazırda işlər aparılır.

Yeni yaranan Fövqəladə Hallar Nazirliyi üçün təşkilatlanma ilə paralel, əhalinin təhlükəsizliyinin etibarlı şəkildə qorunması böyük məsuliyyət, gərgin fəaliyyət tələb edirdi. Əhalinin mülki mühafizəsinin etibarlı təminatında fövqəladə halların proqnozlaşdırılmasının, vaxtında xəbərdar edilməsinin, qabaqlayıcı tədbirlərin görülməsinin və digər kompleks tədbirlərin həyata keçirilməsinin böyük rolu var. Təcrübə göstərir ki, baş verən irimiqyaslı təbii və ya texnogen fəlakətlərin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müvafiq dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi öz səmərəsini verir. Bütün bunları nəzərə alan Fövqəladə Hallar Nazirliyi Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirmişdir. Ölkəmizdə reallaşdırılan müxtəlif xarakterli təlimlər, bunlardan xüsusilə “Xəzər-2009”, “Xəzər-2010”, “Xəzər-2013” və “Xəzər-2015” taktiki təlimləri Fövqəladə Hallar Nazirliyinin malik olduğu maddi-texniki bazanı, kadr potensialını və fövqəladə hadisələrə reaksiyasını, qəza-xilasetmə işlərindəki operativliyini nümayiş etdirməklə yanaşı, bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət etmişdir. Bu təlimlərdə beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən xarici dövlətlərin aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı və onların verdikləri yüksək qiymət nazirliyin qısa vaxt ərzində ciddi uğurlara imza atdığını göstərmişdir.

Nazirliyin əməkdaşları yola salınan illər ərzində dəfələrlə çətin sınaqla üz-üzə qalmış, hər dəfə də öz peşəkarlıqlarını və cəsarətlərini ortaya qoymuşlar. Belə çətin sınaqlardan biri 2010-cu ilin payına düşür. Həmin ilin yaz aylarında yağan güclü yağışlar və Kür, Araz çaylarında yaranan bolsululuq Azərbaycanın ayrı-ayrı bölgələrində daşqınlara səbəb olmuşdu. Prezident İlham Əliyevin hadisə ilə bağlı fəlakət bölgəsində olması, keçirdiyi müşavirələrdə təbii fəlakətin qarşısının alınması, əhalinin təhlükəsiz yerlərə köçürülməsi, çayların kənarlarında bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı verdiyi müvafiq tapşırıqlar operativ qaydada icra olundu. Möhtərəm Prezidentin göstərişi əsasında Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının qüvvə və vasitələrinin səfərbər olunması hesabına təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı alındı. O günlərdə xilasetmə işinə Fövqəladə Hallar Nazirliyinin 4000 nəfər şəxsi heyəti, 160 ədəd xüsusi texnikası, həmçinin 4 helikopteri, xeyli sayda xilasetmə qayığı cəlb edilmişdi. Ekstremal şəraitdə işləyən Fövqəladə Hallar Nazirliyinin qüvvələri öz yüksək peşəkarlığını nümayiş etdirərək daşqın sularının sürətlə irəlilədiyi günlərdə heç bir insan itkisinə yol vermədi, onların təxliyə olunmasında, bəndvurma və sahilbərkitmə işlərində yaxından iştirak etdi. Məhz Prezident İlham Əliyevin hadisələri daim nəzarət altında saxlaması və müvafiq qurumlara verdiyi ciddi tapşırıqlar sayəsində təbii fəlakətin daha böyük miqyas almasının qarşısı alındı. Müqayisə üçün deyim ki, bəzi qabaqcıl Avropa ölkələrində, təxminən eyni vaxta təsadüf edən daşqınlar zamanı insan tələfatının olmasına baxmayaraq, Azərbaycanda bu fəlakət tamamilə itkisiz ötüşdü. Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarına əsasən, 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətə məruz qalmış ərazilərdə yaşayan vətəndaşlar üçün az bir müddətdə zəruri sosial infrastruktur obyektləri ilə birlikdə, müasir standartlara uyğun 5 yeni qəsəbə salındı, 4266 ədəd fərdi yaşayış evi, 1732 şagird yerlik 9 məktəb binası, 150 yerlik 3 uşaq bağçası, 7 tibb məntəqəsi, 1 doğum evi, 1 kitabxana, 274 yerlik 2 klub, 500 kv.metrlik su hovuzu, 250 kubmetrlik su anbarı tikilib istifadəyə verildi.

Gələcəkdə daşqınların qarşısını almaq məqsədilə Niderland Krallığının bu sahədə ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri cəlb edilməklə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupu tərəfindən konkret addımlar atıldı. Nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində Neftçala, Salyan, Sabirabad ərazi istehsalat sahələrindən ibarət Dib Dərinləşdirmə İşləri İdarəsi yaradıldı. 2012-ci il yanvarın 24-də Xəzər Hövzə Qəza-xilasetmə Xidməti üçün alınıb gətirilmiş kəsici-sorucu yerqazan qurğuların, tədqiqat katerlərinin və yedək gəmilərinin dövlət başçısının iştirakı ilə təqdimatı keçirildi. Bundan əlavə, ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 25 fevral 2011-ci il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı. Görülən işlərin davamı olaraq, 2013-cü il aprelin 16-da Prezident İlham Əliyev Mingəçevir Su Anbarının perimetr və akvatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış oldu.

2012-ci ilin yazında ölkənin şimal-qərb bölgəsində baş verən təbii fəlakət Fövqəladə Hallar Nazirliyini yenidən sınaq qarşısında qoydu. Tikililərə xeyli ziyan dəysə də, xoşbəxtlikdən, insan tələfatı və ya ciddi xəsarət alanlar olmadı. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonlara çoxlu sayda texnika və avadanlıq, çadırlar, ərzaq, böyük miqdarda tikinti materialları göndərildi. Zəlzələ bölgəsində yaradılan qərargahda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı zərərçəkmişlərə daha keyfiyyətli və geniş evlərin tez bir zamanda tikilib təhvil verilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi. Tapşırığın icrası olaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Zaqatalada 3999, Qaxda 548, Balakəndə 735 olmaqla 5282 fərdi ev, həmçinin Zaqatalada 22, Qaxda 10, Balakəndə 2, Şəkidə 3 olmaqla 10470 şagird yerlik 37 məktəb binası, 130 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, 480 şagird yerlik 1 məktəb binası isə bərpa işləri ilə gücləndirilmişdir. Bundan əlavə, Zaqatala şəhərində 6 ailə üçün fərdi layihələrə əsasən 4 ev, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı, Zaqatala, Şəki, Qax, Balakən rayonlarında 2 və 3 girişli yanğınsöndürmə depoları tikilmişdir.

2012-ci ilin sentyabr ayında şimal-qərb bölgəsinə səfəri çərçivəsində yeni tikilən evlərin, məktəb və uşaq bağçalarının açılışlarında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: “Zəlzələ doğrudan da, böyük bir bəla, böyük bir faciə idi. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Xilasedicilər çox operativ şəkildə işləmişlər. Qərargah yaradılmışdır. Təmir-bərpa işləri onu göstərir ki, biz istənilən təbii fəlakət qarşısında sınaqdan da şərəflə çıxa bilərik və çıxmışıq”.

Daşqın və zəlzələ həm də sadə bir həqiqəti ortaya çıxardı: Azərbaycan vətəndaşları bir daha gördülər ki, heç bir bəlanın və fəlakətin qarşısında tək deyillər. Əmin oldular ki, təhlükə vaxtı mütləq onlara yardım əli uzanacaq. Bu, 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilərkən dediyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözünə sadiqliyinin daha bir nümunəsi idi.

Ötən müddət ərzində Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, sürüşməyə məruz qalmış ərazilərdə zərərçəkmiş əhali üçün yeni yaşayış qəsəbələrinin salınması, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğının söndürülməsi, “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərinin aparılması istiqamətində görülən operativ tədbirlər və onlarla digər belə əməliyyatlar bir daha göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ən çətin hallarda belə, öz şərəfli peşələrinin öhdəsindən bacarıqla gəlməyə qadirdir.

Bir məqama da toxunmaq istərdim ki, 10 il ərzində baş verən yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilmiş, 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunmuşdur. Baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14338 ədəd yaşayış və digər təyinatlı tikililər, o cümlədən 2.629.057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunmuşdur. Açıq sahələrdə, xüsusilə də dağətəyi yamaclarda baş vermiş yanğınların 43 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınmışdır. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilmiş, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilmiş, 3818 nəfərin hadisə yerlərindən təxliyəsi həyata keçirilmişdir. Dalğıc-xilasedicilərimiz tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilmişdir. Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halları baş verməmişdir.

Qlobal iqlim dəyişikliyi, planet əhalisinin sürətli artımı və digər amillərin təsiri altında son dövrlər ərzaq təhlükəsizliyinin etibarlı təminatı iqtisadi imkanlarından, maliyyə durumundan asılı olmayaraq bütün dövlətləri ciddi narahat edən məsələlərdən biri kimi ortaya çıxmışdır. Bu çərçivədə qabaqlayıcı məqsəd olaraq Prezident İlham Əliyevin xüsusi uzaqgörənlik və müdrikliklə atdığı addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, ölkə başçısının 25 avqust 2008-ci il tarixli 3004 nömrəli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmiş, bununla aidiyyəti dövlət orqanlarının üzərinə ciddi vəzifələr qoyulmuşdur. Dövlət proqramının, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin icrasının təmin edilməsi, eləcə də fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyində Dövlət Taxıl Fondu yaradılmışdır. Təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində ümumilikdə birdəfəlik tutumu 260 min ton olan elevatorlar kompleksinin yaradılması, öz növbəsində, dövlət taxıl ehtiyatlarının etibarlı təminatına şərait yaratmışdır. Dövlət Taxıl Fondunun fəaliyyətdə olduğu dövrdə istər ölkə ərazisində, istərsə də iri ərzaqlıq buğda ixracatçıları olan ölkələrin ərazisində baş vermiş əlverişsiz iqlim amillərinin təsiri nəticəsində yaranmış qıtlığa, dünya taxıl birjalarındakı qiymət artımlarına, həmçinin dünyada baş verən digər iqtisadi proseslərə baxmayaraq, nazirlik tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və qabaqlayıcı tədbirlər nəticəsində ölkədə çörəyin bahalaşması və qıtlıq halları müşahidə edilməmişdir. Dövlət Taxıl Fondunun yaradılması həm də ölkədə buğda istehsalı ilə məşğul olan yerli fermerlər üçün etibarlı taxıl bazarını formalaşdırmışdır.

Ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam və təhlükəsiz təbii mühitdə yaşaması istiqamətində də ciddi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə görülən işlərin nəticəsində Bakı Yod Zavodunun və Neftçala Yod Brom Zavodunun ərazilərinin bərpası işləri həyata keçirilmiş, Sabunçu rayonunun ərazisində 6 hektara yaxın sahədə əhalinin istirahəti üçün hər cür şəraiti olan “ECOLAND” parkı salınmışdır. Qeyd olunan layihələrin beynəlxalq standartlara uyğun icrasının təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bu sahədə zəngin təcrübəsi olan xarici ekspertlər cəlb edilmişdir. Beləliklə, vaxtı ilə radioloji çirklənməyə məruz qalan, insanlar üçün təhlükəli zona sayılan ərazilər hazırda ekoloji istirahət məkanına çevrilmişdir.

Bununla yanaşı, ötən müddət ərzində nazirliyin fəaliyyət proqramına müvafiq olaraq respublika ərazisində baş verən sürüşmə, subasma, sel və digər ekzogen-geoloji proseslərin formalaşma səbəbləri də araşdırılmışdır. Nazirliyin, Yaponiya və Niderlandın aidiyyəti şirkətlərinin ekspertlərinin cəlb edilməsi ilə ölkənin müxtəlif ərazilərində kompleks tədqiqat işləri aparılmış və müvafiq layihələr həyata keçirilmişdir.

Abşeron yarımadasında göl, sututarlar, səth və yeraltı suların idarə olunması üzrə yarımadanın su mühitinin ekoloji cəhətdən sağlamlaşdırılması, rejimlərinin nizamlanması və idarə olunması məqsədilə kompleks tədqiqat işləri başa çatdırılmışdır. Masazır sürüşmə sahəsində yamacın dayanıqlığının artırılması üçün yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirilmiş və landşaft bərpa olunmuşdur. Bayıl sürüşmə sahəsi sabitləşdirilmiş, ərazidə yaşıllıq işləri aparılmışdır. Bakının Əhmədli massivində sürüşmənin sabitləşdirilməsi və yamacın dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir. Bakının Səbail rayonu ərazisində Badamdar - 20-ci sahə avtomobil yolu boyunca və ona bitişik ərazilərdə baş vermiş sürüşmə sabitləşdirilmiş və yarğan əmələgəlmənin qarşısı alınmışdır. Mingəçevir su anbarının sağ sahilində baş vermiş sürüşmə ilə əlaqədar qabaqlayıcı mühəndis tədbirləri yerinə yetirilmişdir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi yarandığı ilk gündən beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı öz fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın bir çox ölkələri ilə qurulan dostluq və əməkdaşlıq əlaqələri, beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici Fövqəladə Hallar Nazirliyinin bu istiqamətdəki fəaliyyətində də özünü göstərmişdir. Belə ki, 10 il ərzində dünyanın 60-dan çox ölkəsinin müvafiq qurumları ilə, həmçinin BMT, NATO, ATƏT, MDB, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr qurulmuşdur. Rusiya, Türkiyə, Fransa, ABŞ, Belarus, Ukrayna, Böyük Britaniya, İtaliya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Litva, Latviya, Sloveniya, Almaniya, Gürcüstan, Cənubi Koreya, İndoneziya, Sinqapur, Yaponiya, İsrail, Qırğızıstan, Tacikistan, Mərakeş, Avstriya və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafına nail olunmuş, ümumilikdə ötən dövr ərzində 20 hökumətlərarası və 2 nazirliklərarası saziş, 11 anlaşma memorandumu, 7 kompleks plan, 6 protokol, 3 birgə fəaliyyət planı, 3 bəyannamə və 2 əsasnamə imzalanmışdır.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində, xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq və regional təşkilatlar tərəfindən keçirilən beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə iştirakla yanaşı, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi nazirlik əməkdaşlarının bilik və bacarıqlarının, peşə hazırlıqlarının daha da artırılması, təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin bir hissəsi olaraq, Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirmişdir. Ölkə başçısının tapşırığına əsasən, 2010-cu ildə Rusiya Federasiyası və İsrail Dövlətində baş vermiş meşə yanğınları, həmin il Pakistan İslam Respublikasındakı daşqınlar, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində zəlzələ, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Əfqanıstan İslam Respublikasının şimalında baş vermiş leysan yağışlarının törətdiyi fəsadların, həmçinin Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq kömək göstərilmiş, eləcə də Azərbaycan Respublikasının hökuməti səviyyəsində 2010-cu ildə Haitidə baş vermiş zəlzələnin, 2013-cü ildə Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilmişdir. 2015-ci ildə Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərilmişdir. Eyni zamanda, 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə də öz töhfəsini vermişdir. Son illər bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən böyük idman yarışlarına, “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edən respublikamızda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunması, baş verə biləcək istənilən fövqəladə hadisənin qarşısının vaxtında alınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti üzrə gördüyü tədbirlər ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğrulması istiqamətində atılan addımlardandır. Tarixə qızıl hərflərlə yazılan bu ilin iyun ayında ölkəmizdə keçirilən Birinci Avropa Oyunları zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən genişmiqyaslı texniki və təhlükəsizlik tədbirlər proqramı həyata keçirilmiş, insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı addımlar atılmış, prosesin mərkəzləşdirilmiş qaydada idarə olunması üçün xüsusi qərargah yaradılmış və oyunlar zamanı fasiləsiz nəzarət sistemi tətbiq edilmişdir. Birinci Avropa Oyunları üzrə tədbirlərin keçirilməsinə ümumilikdə nazirliyin 3523 nəfər şəxsi heyəti və 311 ədəd texniki vasitəsi cəlb olunmuşdur. Bütün bunlar isə nəticə etibarilə aidiyyəti üzrə təhlükəsizliklə bağlı qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin tam həllinin tapması demək idi.

Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin yaranması ulu öndər Heydər Əliyevin uzaqgörən ideyaları, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhlükəsizlik məsələlərinə verdiyi böyük əhəmiyyətin məntiqi nəticəsidir. Yarandığı 10 il ərzində çətin, mürəkkəb, lakin şərəfli yol keçmiş Fövqəladə Hallar Nazirliyi bu illər ərzində daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə rəhbərliyi tərəfindən nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi göstərilən diqqətin bariz nümunəsidir.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə yüksək qiyməti də möhtərəm Prezident İlham Əliyev vermişdir: “Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi. Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bugünkü uğurlu fəaliyyəti Azərbaycanın inkişafı üçün çox müsbət rol oynamışdır. İstər mülki məsələlərdə, istər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini biz görürük, Azərbaycan ictimaiyyəti də görür və bunu yüksək qiymətləndirir.”

Fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcəkdir.

 

Kəmaləddin HEYDƏROV,

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik

 

Azərbaycan. - 2015.- 16 dekabr.- S. 3.