Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, bu qurumun Qadın Təşkilatı və Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə İstanbulda qadınlara qarşı zorakılığın qarşısının alınması mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın açılışında Türkiyənin Baş naziri Əhməd Davudoğlu, BMT Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin çıxış ediblər.

“Qadına yönəlmiş şiddətə son: inkişafın sürətləndirilməsi” adlı beynəlxalq konfransda Azərbaycanda gender siyasətinin həyata keçirilməsi və bu istiqamətdə əldə olunan müsbət nəticələr barədə məlumat verilib. Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova təmsil edib. Konfrans çərçivəsində keçirilmiş “Qadına və qız uşaqlarına qarşı zorakılığın qarşısının alınması modelimövzusunda panelə sədrlik edən komitə sədrinin digər paneldə də çıxışı dinlənilib.

Çıxışı zamanı postsovet məkanında ilk dəfə Azərbaycanda qadın məsələləri üzrə dövlət qurumunun yarandığını konfrans iştirakçılarının diqqətinə çatdıran Hicran Hüseynova ölkəmizdə qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox insanın məcburi köçkünə çevrildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, doğma yurd-yuvalarından didərgin düşən azərbaycanlı qadınlara aid problemlərin əsasında hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dayanır.

O, həmçinin Azərbaycanda həyata keçirilən gender siyasətinin müsbət nəticələri, o cümlədən bu sahədə mükəmməl hüquqi bazanın mövcudluğu, qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün çevik icra mexanizminin fəaliyyəti barədə də danışıb. Bildirib ki, bütün ölkələrdə xalqların öz dəyərləri, mili adət-ənənələri çərçivəsində qadın zorakılığının qarşısının alınması məqsədi ilə elmi əsaslara və beynəlxalq təcrübəyə söykənən çevik mexanizmlər qurması daha məqsədəuyğun olardı. Bundan başqa, qadın hüquqlarına dair beynəlxalq konvensiyalarda müəyyən olunan bütün məsələlərin həyata keçirilməsinə dair əsaslar müəyyənləşdirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasəti barəsində ətraflı məlumat verən Hicran Hüseynova sözügedən sahə üzrə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, Hicran Hüseynova beynəlxalq konfransa qadın zorakılığının qarşısının alınması, eləcə də dövlət qadın siyasətinə dair Azərbaycan modelinin digər ölkələrdə tətbiqi yollarını iştirakçı tərəflərə çatdırmaq məqsədilə dəvət olunub.

Konfransdan sonra komitə sədrinin Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Səma Ramazanoğlu ilə ikitərəfli görüşü keçirilib. Rəsmi görüşdə tərəflər gender bərabərliyinin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişafına dair razılığa gəliblər.

Konfrans BMT-nin üzv ölkələrinin və digər iştirakçıların qadınlara yönəlmiş zorakılığın qarşısının alınması mövzusu üzrə fəaliyyətin artırılması və səylərin gücləndirilməsi üçün öhdəliklərin və tövsiyələrinin müzakirəsi ilə başa çatıb.

 

Azərbaycan. - 2015.- 16 dekabr.- S. 4.