Qaxda mədəni irsin
mühafizəsinə diqqət artırılır
2015-ci il Qax rayonu üçün bir sıra maraqlı və yaddaqalan hadisələrlə tarixə iz salıb. Rayonun sosial-iqtisadi sahələrində baş verən yeniliklərlə yanaşı, mədəni həyatı da cəlbediciliyi ilə seçilib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2015-ci il tarixli əmrinə əsasən Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmişdir. Bununla bağlı rayon mədəniyyət və turizm şöbəsində loqo və tədbirlər planı təsdiqlənmişdir. Bunun ardınca 2015-ci il martın 4-də Bakı Xalça Muzeyində keçirilən təqdimat mərasimində “Azərbaycanın Milli Mətbəx Paytaxtı”nın kuboku rayonun nümayəndəsinə təqdim olunmuşdur.
Plana müvafiq olaraq il ərzində rayonda müxtəlif zona, respublika səviyyəli tədbirlər keçirilmişdir. Həmin tədbirlərin tərkib hissəsi olaraq iyunun 22-də rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Bəsləsən atlas olar tut yarpağından” adlı Qum kəndində reallaşan ümumrayon festivalında tutdan hazırlanan mətbəx nümunələri nümayiş olunmuşdur. Festival öncə tutun silkələnməsi (tökülməsi) mərasimi ilə başlanmışdır. Sonra iştirakçılar əyani şəkildə tutdan hazırlanan mətbəx nümunələrinin bişirilmə qaydaları ilə tanış olmuşlar. Tədbir rayonun əksər kəndlərini əhatə etmiş, hər bir kənd özünəməxsus tutdan hazırlanmış mətbəx nümunələrini nümayiş etdirmişdir. Bunlar arasında bəkməz, doşab, tut aşı, tut mürəbbəsi, rıçal, tut halvası, xəşil, bəkməzlə hazırlanan tort və digər şirniyyatlar əsas yer tutmuşdu.
2015-ci il sentyabrın 22-də Qax rayonunun “Milli Mətbəx Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Ulu dad” Milli Mətbəx Festivalı keçirilib. Tədbir 5 bölmədən - plov, şirniyyat, xəmir, dolma və baldan hazırlanmış mətbəx nümunələrindən ibarət olub. Plov, şirniyyat, dolma, xəmir “İçəri bazar” Turizm Mədəniyyət Mərkəzində, arıçılıq bölməsi isə “Nizami” parkında düzənlənib. Festivalda yeddi - Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı və Qax rayonlarının milli mətbəx təamları nümayiş edilib.
Qədim tarixi, özünəxas adət-ənənələri ilə tanınan Qax rayonunda müsbət nümunələrdən biri də burada tarixi abidələrin bərpası, təmiri və turizm məqsədi üçün istifadəsi istiqamətində çox mühüm işlərin görülməsidir. Bunlara nümunə olaraq tarixi XVI əsrə aid olan “Qala qapısı və qala divarları” memarlıq abidəsində restavrasiya işlərinin aparılması, “İcəri bazar” Turizm Mədəniyyət Mərkəzinin açılması xüsusi qeyd edilməlidir.
Mərkəzdə turistlərə, rayon əhalisinə xidmət üçün müxtəlif ictimai-iaşə obyektləri, turistlərin asudə vaxtlarının təşkili məqsədilə konsert zalı fəaliyyət göstərir. Turizm Mədəniyyət Mərkəzinə gələn hər bir turist rayonun keçmişi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, kulinariyası haqqında müfəssəl məlumat ala bilir, bu obyektlərin xidmətlərindən yararlanırlar.
Turizm Mədəniyyət Mərkəzində suvenirlərin satış mağazası fəaliyyət göstərir. Gələn qonaqlar xatirə hədiyyələri əldə edirlər. Burada xalçaçılıq sexi, sənətkarlar evi və digər obyektlər var. Rayonun Oncallı kəndində yerləşən Hacı Tapdıq və Yunus Əmrə ziyarətgahında abadlıq işləri görülmüş, ziyarətgaha gedən yola daş döşənmiş, üstü açıq məqbərələr təmir-bərpa olunmuşdur.
Bu il isə Qaxmuğal Cümə məscidi təmirdən çıxmışdır. Bu istiqamətdə işlər davam etməkdədir.
Prezident İlham Əliyev hələ 2011-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı “İçəri bazar” qala kompleksində aparılmış tikinti və yenidənqurma işləri ilə tanış olarkən demişdi: “Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması, yəqin ki, Qaxdan başlayıb... Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır”.
Bu il bir çox məqamları ilə yanaşı abidələrin yeniləşdirilməsi baxımından da əlamətdar olub. “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” rayon daha bir şad xəbərlə müjdələnib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın mədəni irsin, abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyasında Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi “Milli irs-2015” mükafatına layiq görülüb.
Qeyd olunan
fəaliyyətlər rayonda turizmin inkişafına da
səmərəli təsirini göstərib. Yay
turizm mövsümünün
başlandığı ilk günlərdə
yeni turizm obyekti - “Bergs” istifadəyə
verilib. Beləliklə, obyektlərin
sayı 12-yə çatdırılıb. Nəticədə
keçən illə müqayisədə rayona
daha çox turist səfər edib.
2014-cü ilin 9 ayı ərzində
Qaxı 19 min 403 turist
ziyarət etdiyi halda, bu il onların sayı 20 min 50 nəfərə çatıb. Bunlardan da 500 nəfəri
xarici turist olmuşdur.
Azərbaycan. - 2015.- 16 dekabr.- S.5.
Əli
XASAYOĞLU,