Nigaran ruhlar

 

Xudu Məmmədov və Rəşid Behbudov - Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük insanlardan ikisi... Bir də Qarabağdan ötrü həqiqətən ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardılar...

Dekabrın 14-ü Azərbaycana dünya şöhrəti gətirən Xudu Məmmədovla Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələrlə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov.

 

Yetim qalmış dərd

 

Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda - Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.

Bənzərsiz elmi təfəkkürə malik Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələrlə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə etsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib. Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib...

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

Çiy yumurta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

 

Onun bitib-tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:

- 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın Cənublu-Şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım, görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm... Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə...”

Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq. 1918-ci ildə olduğu kimi, yenə bir gün türk əsgəri Bakıya silahla gələ biləcək - Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün... “Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər”, - deyərdi Xudu müəllim.

 

Bu qala, bizim qala,

Qaldıqca bizim qala.

Qurmadım, özüm qalam,

Qurdum ki, izim qala.

Bu, Xudu müəllimin dilindən çıxan bir bayatıdır. O vaxtlar Ağdam Rayon Partiya Komitəsinin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin “tikdiyi qalalar”la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur “Çay evi”, o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır...

“Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaq. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətləri ilə tamamlamaq istədim.

Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daim yanımda idi. Yanıb-yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev-muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi”.

O günü böyük dərdlə, yanğı ilə Xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: “Xudu müəllim mənim qucağımda can verdi”. 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda...

Xudu müəllim yaradıcılığı, şəxsiyyəti ilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daim çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq, bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin dediyi kimi: “Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm”. Siz təsəvvür etməyə çalışın... Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə... Bəlkə ona görə Xudu Məmmədov deyirdi: “Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər?” Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran çoxdurmu?

Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında dostu, həkim Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orada təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı: “Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “Nə göndərim sənə?” soruşduqda uşaq Xuduya “Mənə məktub göndər, mənə kimsə məktub göndərmir”, - dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonra o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!

Sonda Yavuz Bülənd Bakilərin “çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan” olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:

“İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, sizə eşq olsun!

İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Amma Qarabağı yox...”

 

“Qalalıyam ey, qalalı...”

 

Deyilənə görə, əfsanəvi müğənni Rəşid Behbudovun atası Məcid Behbudov (1873-1945) Şuşanın varlı tacirlərindən birinin oğlu idi. Gözəl səsli gənc zamanı yetişəndə görmədən, tanımadan evlənmək istəmədiyindən maraqlı bir yola əl atır: arşınmalçı paltarı geyib ev-ev gəzir. Həyətlərin birində çar ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı Firuzə ilə rastlaşır və ona bənd olur. Qız da arşınmalçını sevir. Abbasqulu bəy öz təhsilli qızını (Firuzə xanım Tiflisdəki Müqəddəs Nina Gimnaziyasını bitirmişdi) sadə arşınmalçıya ərə verərdimi? Gənclər qoşulub qaçmalı olurlar. Bu nikahdan Azərbaycanın məşhur övladları - Ənvər Behbudov, Nəcibə Behbudova və Rəşid Behbudov dünyaya gəlirlər. O dövrdə Şuşada çox yayılmış bu əhvalatı Üzeyir bəy 1913-cü ildə Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almağa başlayır. 1945-ci ildə isə eyniadlı operetta əsasında Rza Təhmasib “Arşın mal alan” filminin çəkilişlərinə başlayır və bu filmdə nə qədər qəribə də olsa, Əsgər rolunu Məcid bəyin oğlu Rəşid Behbudov canlandırır... R.Behbudov sonralar deyərdi: “Mən dünyanın hər hansı ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. “Arşın mal alan” Azərbaycan kinosunun dünyada bayrağına çevrildi. Bizim “Arşın mal alan” dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm” idi”.

1946-cı ildə bu filmə Dövlət mükafatı verilir. “Arşın mal alan” R.Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Filmin ssenari müəllifi Sabit Rəhman “Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində aktyorun oyununu belə qiymətləndirirdi: “Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsi ilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmasına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...”

“Arşın mal alan” filminə gələn yol isə çox uzaqdan başlayırdı. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub, ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb: “Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum”. Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran bu çalışqan oğlanın əla xörək bişirmək qabiliyyəti də varmış: “Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: “Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?”

1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə “Arşın mal alan” kinokomediyası ilə bitmir. O, həmçinin “Bəxtiyar” filmində, “1001-ci qastrol”, “Doğma xalqımıza”, “Toyda görüş”, “Abşeron ritmləri” film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə “Arşın mal alan” filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. “Bəxtiyar” filmi isə bu populyarlığın yeni dalğası idi.

1945-ci ildən başlayaraq Rəşid yaradıcılığının yeni dövrü, yeni erası başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudovun misli görünməmiş tandemi Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradır. Bu dövrdə onların yaradıcılığında xalq mahnıları əsas yer tutur. Rəşid bir çox xalq mahnılarını tamamilə yeni səpkidə, o zaman dəbdə olan caz üslubunda ifa edir. “Qalalı”, “Qalanın dibində”, “Ağacda leylək”, “Güloğlan” və “Yar bizə qonaq gələcək” mahnıları həmin birgə yaradıcılıq fəaliyyətinin bəhrəsi olaraq indi də sevilməkdədir. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomim kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaradır və uzun illər ona rəhbərlik edir... Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkədə olmuş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerini gəzmişdi. Təkcə Hindistana 6 dəfə qastrol səfərinə getmişdi. O, nəinki Azərbaycandan, ümumiyyətlə bütün SSRİ-dən ilk sənətkar idi ki, Hindistana qastrola gedirdi. R.Behbudov İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. Beləliklə, 1962-ci ildə Tehranda yaradılan dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə “Rəşidiyyə” adlandırılıb. O böyük insanı əbəs yerə Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab etmirdilər. Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 Lenin ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunan bu dahi sənətkar 1989-cu il iyunun 9-da Moskvada xəstəxanada müəmmalı şəkildə qəflətən vəfat etdi. İçində bir Şuşa, Qarabağ dərdi, erməni yarası apardı. Çox keçmədi ki, onun Şuşası, yenilməz qalası da düşmən əlinə keçdi. Sanki yağılar da bunu gözləyirmiş: Rəşid Behbudovun ürəyi dayanandan, “Qalalıyam ey, qalalı” sədası gəlməyəndən sonra o qalanı almağa, o şəhəri yandırmağa, o yurdu talan etməyə nə vardı ki?!.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan. - 2015.- 16 dekabr.- S.6.