İstedadlı rəssam
Onun yaradıcılığı mübaliğəli, dəbdəbəli, bəzədilmiş, süni görünə biləcək mövzulardan çox-çox uzaqdır. Bu rəssamın yaradıcılığında daha çox sadə məişət mövzuları, gündəlik həyatdan götürülmüş adi səhnələr, xalq məişəti, milli adət və ənənələr özünəməxsus yaradıcılıq təxəyyülü və dəst-xətti ilə əks olunub. Hamının böyük marağına səbəb olan bu əsərlər Azərbaycanın Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyevindir.
1920-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Lahıc özünün təbii gözəllikləri, mənzərəli təbiəti, insanlarının zəhmətsevərliyi və adət-ənənələrimizin xüsusi şövqlə yaşadıldığı bölgələrimizdən biridir. Lahıcda məxsusi ustalıqla hazırlanmış sənətkarlıq nümunələri ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. Təbii ki, rəssamın İlahinin ecazkar gözəlliklər bəxş etdiyi belə guşədə böyüyüb boya-başa çatması, onun sənət seçiminə və sonradan sənət dünyasının formalaşmasına heç də az təsir etməyib. A.Mehdiyev ali rəssamlıq təhsili almamışdır. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1938-ci ildən fəal yaradıcılıq aləminə qədəm qoymuşdur.
A.Mehdiyev dəzgah rəssamlığının bütün janrlarında əsl sənət inciləri yarada bilmişdir. Onun istər süjetli tablo və portret, istərsə də mənzərə və natürmort janrlarında olan sənət nümunələri özünün bədii ifadə həlli, məxsusi işlənilmə xüsusiyyətləri, forma-məzmun ahəngdarlığı və bədii təsir qüvvəsi ilə tamaşaçı və mütəxəssislərin nəzər-diqqətini cəlb etmişdir.
A.Mehdiyev Azərbaycan təsviri sənət tarixində öz məktəbini, yaradıcılıq üslubunu yaratmışdır. Rəssam kompozisiya quruluşunda əlavə detallardan imtina etmiş, əksər hallarda qəhrəmanlarını, əşya və predmetləri açıq təbiət fonunda vermişdir. O, kolorit həllində daha çox təmiz rənglərdən istifadə etmiş və rəng keçidlərinin kontrastlığı vasitəsilə əsərlərində perspektiv və işıq-kölgə münasibətlərini yarada bilmişdir. İstər mövzu seçimində, istərsə də bədii texniki işlənilmə xüsusiyyətlərində rəssam həmişə ənənələrə söykənmişdir. Onun bilərəkdən perspektiv və kolorit həllindən imtinası, eləcə də əyri, dalğalı xətlərlə işləmə xüsusiyyətləri, təbii ki, qədim miniatür sənətimizdən qaynaqlanmışdı.
Bəlkə də A.Mehdiyevin milli motivli əsərlər işləməsi və işlənilmə texnikasında mövcud qaydalardan kənar, qədim miniatür üslubuna meyilliyi onun sənətinin layiq olduğu mərtəbəyə uyğun dəyərləndirilməsinə və qiymətləndirilməsinə mane olmamışdır. A.Mehdiyevə 1988-ci ildə, ömrünün 68-ci ilində Əməkdar rəssam fəxri adı verilmişdir. 2003-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə rəssamın yaradıcılığı daha yüksək qiymətini almış və o, Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur. A.Mehdiyevin sənət nümunələri Azərbaycan Milli İncəsənət Muzeyində, eləcə də digər muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
A.Mehdiyevin süjetli tabloları yüksək bədii və estetik təsir gücünə malikdir. Rəssamın təsvir etdiyi hadisələrdə tamaşaçı seyrçi deyil, sanki iştirakçı qismində çıxış edir. Onun süjetli tablolarından “İntizar” (1975), “Xalq bayramı” (1976), “Günəşli gün” (1976), “Eyvanda” (1977), “Yaylaqda” (1977), “Analıq” (1977), “Güləş” (1979), “Xalçaçı” (1979), “Lahıc qadınları” (1979), “Tikişçi” (1982), “Nar yığımı” (1984), “37-ci il” (1987), “Səhər” (1987), “Bahar” (1987), “Təndir başında” (1988), “Qaçaq Nəbi və Həcər” (1988), “Şərq” (1989), “Ailə” (1989), “Bazar günü” (1990), “Qanlı gecə” (1990) və başqalarını qeyd etmək olar. Sadalanan əsərlərin hər birinin ayrı-ayrılıqda bədii təhlilinə ehtiyac duyulur. Rəssam ana məhəbbətini, qadın əməyini, qadınların gündəlik ailə-məişət qayğılarını, xalçaçıların, pəhləvanların, kəndirbazların, heyvandarların iş şəraitlərini, yaradıcı, zərif peşə sahiblərini iş prosesinin müxtəlif məqamlarında, bütün incəlikləri ilə yüksək yaradıcı zövqlə və xüsusi ustalıqla romantik biçimli lövhələrdə əbədiləşdirmişdir.
A.Mehdiyev “37-ci il” adlı əsərini repressiyaya uğramış Azərbaycan ziyalılarının ölməz ruhlarına ithaf etmişdir. Möhürlənmiş qapının çərçivələrinə yöndəmsiz taxtaların “x” şəklində mismarlanmış görüntüləri seyrçidə olduqca ağır hisslər yaradır. Qeyd olunmalıdır ki, bu, repressiya mövzusunda işlənilmiş ilk təsviri sənət nümunəsi hesab olunur.
Rəssam 1990-cı il 20 Yanvar faciəsinin dəhşətlərinə biganə qalmamış, “Qanlı gecə” adlı əsərində faciənin acılarını bədii biçimdə əbədiləşdirmişdir.
A.Mehdiyev, eyni zamanda, bir çox portretlər qalereyası yaratmışdır: “Qoca kişi başı” (1975), “Avtoportret” (1979), “Lahıclı qız” (1980), “Qız surəti” (1980), “Çobanın portreti” (1982), “İki ay” (1984), “Kamança çalan” (1984), “Qoca qadın” (1984), “Dağlı qadın” (1985) və s. Rəssam təsvir etdiyi qəhrəmanlarının surətlərini ümumiləşdirilmiş şəkildə, bir növ, rəmzi xarakterli yaratmışdır. Bunu rəssam bilərəkdən edirdi. Yalnız sənətkarın avtoportretində realistik işlənilmə üslubunu sezmək mümkündür. O, özünün anatomik üz cizgilərini incəliklə təsvir etmişdir.
A.Mehdiyev təbiətin ecazkar gözəlliklərini əsərlərində təsvir etməkdən yorulmamışdır. Onun çoxsaylı mənzərələrində ilahi gözəlliklər, Abşeronun, İsmayıllının, Lahıcın və Azərbaycanın digər bölgələrinin səfalı təbiəti, əzəmətli dağları, mənzərəli meşələri, çayları rəssamın fırçası ilə əbədiləşdirilərək kətana “köçürülmüşdür”. Mənzərə əsərlərindən rəssamın “Qayıqlar” (1966), “Bürkü” (1977), “Qızmar gün” (1977), “Qayıq” (1978), “Keçid” (1978), “Abşeron” (1979), “Dağlar” (1979), “Dağlarda” (1980), “Günorta. Lahıc” (1982), “Köhnə həyət” (1982), “Uca dağlarda” (1985), “Kiçik həyət” (1985), “Yağışdan sonra” (1985), “Sakitlik” (1985), “Şər qarışanda” (1986), “Payız” (1989) və başqalarını qeyd etmək olar. Avropanın sənət mərkəzində yaşayıb-yaratmış, postimpressionizm cərəyanının məşhur nümayəndəsi olmuş Pol Qogen (1848-1903) və fovizm cərəyanının banisi olmuş Anri Matiss (1869-1954) yaradıcılıqlarında bilərəkdən perspektiv və işıq-kölgə həllindən imtina edir, kolorit həllində daha çox təmiz rəng yaxılarından istifadə edirdilər. Təbii ki, bu rəssamların üslubunun formalaşmasına, onların yaradıcılığına Şərq incəsənətinin güclü təsiri olmuşdur. Maraqlıdır ki, Azərbaycan təsviri sənətində formalaşmış bu ənənə sovetlər dönəmində unutdurulmağa çalışılmışdır. Buna baxmayaraq, A.Mehdiyev özünün yaradıcılığında bu istiqaməti həmişə ana xətt kimi götürmüşdür. Demək olar ki, rəssam ömrü boyu öz sənət prinsiplərinə sadiq qalaraq tamaşaçının zövqünü oxşayan, forma-məzmun dolğunluğu ilə seçilən, güclü bədii-estetik təsir qüvvəsinə malik sənət əsərləri yaratmışdır.
Rəssam həmçinin maraqlı natürmort nümunələri işləmişdir.
“Qəhvədanla natürmort”
(1984), “Natürmort palitra
ilə” (1984), “Natürmort”
(1985) və başqaları.
A.Mehdiyevin xarici ölkələrə
yaradıcılıq ezamiyyəti
rəssam üçün
həm maraqlı, həm də çox yaddaqalan səfər olmuşdur. Qardaş Türkiyə
Cümhuriyyətinə yaradıcılıq
səfərində rəssam
gördükləri, duyduqları
və müşahidələri
nəticəsində maraqlı
tablolar yaratmışdır.
Bu səfərdən sonra sənətkarın Türkiyəyə həsr
edilmiş əsərlərindən
ibarət Bakıda fərdi sərgisi təşkil olunmuş, sərgi tamaşaçı
və mütəxəssislər
tərəfindən müsbət
qiymətləndirilmişdir. Rəssamın tarixi minilliklərlə
ölçülən qədim
İstanbul şəhərinə
həsr etdiyi mənzərələr tamaşaçının
qəlbində xoş
hisslər yaradır.
“İstanbul duman
içində” (1960), “Bosfor
yağışdan sonra”
(1960), “Axşama doğru.
İstanbul” (1961) və
s. rəssamın belə
əsərlərindəndir.
A.Mehdiyevin özünəməxsus yaradıcılıq
dəst-xətti və
güclü müşahidə
qabiliyyəti ilə yaratmış olduğu əsərləri Azərbaycan
təsviri sənət
tarixində əbədi
yaşayacaqdır.
Əsəd QULİYEV,
sənətşünas, Rəssamlar İttifaqının
üzvü
Azərbaycan. - 2015.- 16 dekabr.- S.6.