Kənd Təsərrüfatı Nazirliyi ilə bp şirkəti ikitərəfli əməkdaşlığa dair protokol imzalayıblar

 

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə bp şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Heydər Əsədov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 16-da bp-nin regional prezidenti Qordon Birrellin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə bp şirkətinin dəstəyi ilə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin həyata keçirilməsi müzakirə edilib. Həmçinin, bp tərəfindən tələbələr üçün praktiki əhəmiyyəti olan müvafiq istixana qurğularının Azərbaycan Dövlət Aqrar Universitetinə verilməsi nəzərdən keçirilib.

bp şirkətinin Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edən nazir Heydər Əsədov bildirib ki, şirkət ilk dəfə 2002-ci ildə Azərbaycanda aqrar sektorun inkişafına yönələn köməklik göstərib və şirkətin layihələri davamlı xarakter daşıyıb. Bundan sonra isə həmin yardımlar şaxələndirilib və toxumçuluq sektorunun, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib.

Dünya təcrübəsi göstərir ki, istənilən layihənin uğuru icraçı şirkətin işlədiyi ərazidə əhalinin, icmaların və kənd adamlarının dəstəyindən, köməyindən və inamından istifadə edərək həmin işi qurmaqdan asılıdır. Bu sərmayənin ən uğurlu nümunələri isə həmin kənd yerlərindəki insanların vərdişlərinin və bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən də yerlərdə təhsil, kənd təsərrüfatının, kiçikorta sahibkarlığın inkişafına yönələn layihələrə sərmayə yatırmaqdır”, – deyə Q.Birrell bildirib.

Görüşdə həmin sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyatların idarə edilməsində, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmalarının inkişafına yönəlməsi təşəbbüslərində bp şirkəti tərəfindən dəstəyin göstərilməsi məsələsinə baxılması mümkünlüyü qeyd edilib.

 

Azərbaycan. - 2015.- 17 dekabr.- S. 3.