“Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları - Müqəddəs amal” kitabının təqdimatı olub

 

Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları – Müqəddəs amal” kitabının təqdimatı keçirilib.

Kitabın müəllifləri yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovdur.

Nəşrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhid Milli qəhrəmanların ailə üzvləri ilə və həyatda olan Milli qəhrəmanlarla görüşlərindən, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Həmçinin, ulu öndər Heydər Əliyevin Milli qəhrəmanlarla görüşlərinə, Vətən haqqında fikirlərinə geniş yer verilir.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabın məziyyətlərindən danışıb, gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi böyüməsində, Milli qəhrəmanlarımızın təbliğində bu nəşrin mühüm rol oynayacağını qeyd edib. Bildirib ki, bu kitab həm də gənclərimiz üçün bir təcrübə məktəbidir.

Yazıçı-publisist Oqtay Əliyev kitabda toplanan oçerklərdə 211 milli qəhrəmanın həyat və döyüş yollarından bəhs olunduğunu bildirib.

Tədbirdə İctimai TeleviziyaRadio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı və digərləri çıxış edərək Prezident İlham Əliyevin həmişə şəhid ailələrinə diqqət və qayğı göstərdiyini bildiriblər. Prezidentin rəhbərliyi ilə Azərbaycanın iqtisadisiyasi qüdrətinin daha da artdığı, ordu quruculuğuna xüsusi diqqətin ölkəmizin daha da möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Çıxışlarda Milli qəhrəmanların tanıdılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan. - 2015.-17 dekabr.- S.7.