Azərbaycan Avratlantika coğrafi məkanında
sülh və əməkdaşlıq mərkəzi
kimi tanınır
Prezident İlham
ƏLİYEV: “Bu gün
Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir”
Prezident İlham Əliyev bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ötən müddətdə Azərbaycan mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib. Ölkə başçısının çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanıb.
Əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Ölkə rəhbərinin elə bir vədi yoxdur ki, ötən 12 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, bu dövrdə həyata keçirilən islahatları - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində gerçəkləşdirmək mümkündür. Azərbaycan bu zaman kəsiyində sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılmış, TAP, TANAP kimi enerji layihələri həyata keçirilmiş, yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevirmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.
Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 12 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının sadəcə davamçısı deyil, eyni zamanda bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır.
Prezident İlham Əliyev bəyan edib: “Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır”.
Qazanılmış uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Son illər bu məqsədlə regionlarda yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır. Ölkə başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə” 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Bu sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını hədəfləyir.
Ümumilikdə son 12 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi vurğulamaq lazım gəlir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmiş və onlar uğurla icra olunur.
Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Hazırda İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmanın zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, digər dövlətlərə də problemlər yaradıb. Suriyada və İraqda İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa böyük humanitar fəlakət - “miqrant böhranı” ilə üzləşib və bu problemin həllinə hələ də nail ola bilməyib. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tuturlar. Bu humanitar fəlakətin əsas səbəbi Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı yeni müstəmləkəçi siyasətidir. Böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur. Təəssüflər olsun ki, bu humanitar fəlakətlə bağlı əksər dövlətlər münasibət bildirməkdən çəkinirlər.
Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürütdüyünü bildirib: “Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır. Bəziləri susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki, onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə-yeksan edilir. Onlar yaxınlarını, qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni, bu bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir. Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər”.
Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınır. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Prezidentin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.
Azərbaycanın regionda lider mövqeyini qoruyub saxlaması və bütün sahələrdə davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir. Azərbaycan qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərabərhüquqlu və xoşməramlı əməkdaşlıq etmək istəyən dövlətlərə öz qapılarını açır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2015.- 18 dekabr.- S. 1.