Erməni lobbisinin marionetinə
çevrilən ABŞ Konqresi
Antiazərbaycançı şəbəkənin
yeni avantüra kampaniyası başlayır
ABŞ Konqresi nəzdində fəaliyyət göstərən
Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə
qarşı viza məhdudiyyətini və ölkəmizə
maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsini
təqdim etməsi ikitərfli münasibətlərdə onsuz
da gərgin keçən 2015-ci ilin ən mürəkkəb
son akkordları oldu. Görünən odur ki, qara niyyətlərin
oyuncağına çevrilən Ağ Ev
11 ay sonra baş tutacaq prezident seçkiləri
kampaniyasında Azərbaycan mövzusunda siyasi alverə
girişib. Əslində, müstəqil dövlətin
və qürurlu xalqın milli heysiyyatı ilə oynamaq səviyyəsinə
qədər enməyi özünə rəva görənlərdən
bu kimi “sürpriz”lər gözlənilən idi.
Çünki bu, nə birincidir, deyəsən, heç sonuncu
da deyil...
Erməni lobbisinin dəstəyi
uğrunda canfəşanlıq
2016-cı ilin noyabrında Birləşmiş
Ştatlarda baş tutacaq prezident seçkilərinin nəticələrini
proqnozlaşdırmaq heç cür mümkün deyil. Çünki
partiyaların özləri belə konkret namizədlərini hələ
müəyyənləşdirməyiblər. Partiyadaxili seçkilərdə qalib gəlib siyasi təşkilatın
vahid namizədinə çevrilmək üçün
iddiaçıların göstərdikləri təşəbbüslər
əsl “Amerika röyasını” nümayiş etdirir.
Biri müsəlmanların ölkəyə girişinin
yasaqlanacağını vəd edir, digəri daha irəli gedərək,
Yaxın Şərqi, yəni müsəlman dövlətlərini
birdəfəlik ram etməyi məqsədəuyğun
sayır, o birisi isə İslam dünyasına qarşı
yeni geosiyasi strategiya (əlbəttə ki, yeni ekspansiya siyasəti)
hazırladığını bəyan edir. Sanki
seçkilərdə amerikalıların səsini
almağın əlacını yalnız İslamı həqarətdə
görürlər.
Partiyaların namizədləri müəyyənləşəndən
sonra son mübarizə - federal miqyasda seçki kampaniyası
başlayır. Bu həlledici mərhələdə isə
əsl ov ABŞ-ı və onun vətəndaşlarını
barmağında fırladan lobbilərin dəstəyi
uğrunda olur. Beləliklə də,
nüfuzuna görə ikinci ən böyük qüvvə
sayılan erməni lobbisi “yağlı qoğala” çevrilir.
ABŞ-ın erməni diasporu Azərbaycanın
və türk dünyasının əsas düşməni
olan dünya erməniliyi şəbəkəsinin mühüm
güc qaynağı, ən böyük maliyyə mənbəyi
və ideoloji flaqmanıdır. Mütəşəkkil
güc mərkəzi olan bu diaspor ən kiçik qəsəbələrdən
ştatlara, meqapolislərdən Vaşinqton kuluarlarına qədər
bütün siyasi-inzibati dairələrlə sıx
işbirliyindədir və uzun onilliklərdir özünü
Birləşmiş Ştatların əsas lobbisi kimi təsdiqləyib.
O, böyük siyasi və qüdrətli iqtisadi resurslara sahib
olan çoxmilyonlu elektoratını istənilən namizədin
(istər senat və ya konqres, istərsə də qubernator,
yaxud prezident seçkilərində) ətrafında sıx
birləşdirmək və onun qələbəsini təmin
etmək gücünə sahib olduğundan onunla
hesablaşırlar, maraqlarını ödəyirlər,
sifarişlərini icra edirlər.
Təsadüfi deyil ki, ABŞ-da hər
seçkiönü “erməni soyqırımı” və Azərbaycan
mövzusunun aktuallaşmasının da əsas səbəbi məhz
bu lobbinin dəstəyinə olan ehtiyacdır. Hansı
partiya dünya erməniliyi üçün həssas olan bu
iki məsələdə xüsusi fəallıq göstərib,
ermənidən çox ermənilik etsə, demək, dəstəyi
və qələbəni təmin etmiş olur.
Erməni
lobbisinin çox böyük elektorat və maliyyə dəstəyinə
sahiblənmək uğrunda “uzunqulaqların” və “fillərin”
mübarizəsi də yeni mərhələyə qədəm
qoyub. Bu iki canlının adını çəkməkdə
xüsusi məqsəd güdmürük. Çünki
1828-ci ildən Demokratlar Partiyasının rəsmi siyasi emblemi
uzunqulaq, 1871-ci ildən isə Respublikaçılar
Partiyasının yenə də rəsmi rəmzi fildir. Yəni, onlar özlərini belə
adlandırırlar, bunu rəsmiləşdiriblər, deyəsən,
hətta bununla qürur duyurlar. Bütün xalqların və
dövlətlərin dəyərlərinə, daxili işlərinə,
suveren hüquqlarına müdaxilə etməyi sevən
“uzunqulaqların” və “fillərin” rəhbərlərindən
fərqli olaraq, onların bu seçimini təftiş etmək
niyyətində deyilik. Əsas məqam odur ki,
istisnasız olaraq bütün seçki kampaniyalarında
çirkli texnologiyalardan, qanunla haqq qazandırılması
çətin olan əməllərdən gen-bol istifadə edən
məlum partiyalar indi təsir hüdudlarını genişləndirərək
artıq aşkar şəkildə İslam və türk
dünyasını hədəf seçib.
Digər diqqət çəkən məsələ isə
bu “soyuq savaş”ın (əslində, qan çanağına
çönən Yaxın Şərqi nəzərə alsaq,
tam hərbiləşmiş savaşın) daha hansısa gəlişigözəl
sözlərlə pərdələnməməsi, məqsəddən
yayındıran saxta tezislərlə gizlədilməməsidir. ABŞ rəsmiləri indi
İslam-türk dünyasını, onun xalqlarını, sərvətlərini,
bütün resurslarını tam açıq şəkildə
özünə hədəf müəyyənləşdirib,
buna nail olmaq üçün isə sanki monqol
ordalarının 8 əsr öncəki üslubu ilə
qarşılarına çıxan bütün dövlətləri
məhv etməyə belə gedirlər. Liviya, Suriya, İraq,
Misir və digər ölkələrin timsalında bunu
aydın görürük.
Niyə məhz Azərbaycan?
Son illər Azərbaycan dünya erməniliyinə
sarsıdıcı zərbələr vurub. Prezident
İlham Əliyevin hücum diplomatiyası və effektiv
informasiya savaşı düşmən şəbəkənin
bütün yeni təşəbbüslərini, cəhdlərini
puç etməklə yanaşı, illərdir
formalaşdırdığı təbliğat bazasını
da əsaslı şəkildə zədələyib.
Bu gün Azərbaycan və onun Prezidenti bütün
türk dünyasının yükünü, demək olar ki,
təkbaşına üzərinə götürərək
dünya erməniliyinə qarşı mübarizənin ön
cərgəsində olduğu kimi, dünya erməniliyinin də
əsas hədəfinə məhz Azərbaycan və cənab
İlham Əliyev çevrilib. Bu baxımdan dünya
erməniliyi uzun illərdir sıx əməkdaşlıq,
müttəfiqlik etdiyi antiazərbaycançı şəbəkə
ilə birgə yeni həmləyə başlayıb.
Erməni lobbisinin hədəfi Dağlıq Qarabağ,
antiazərbaycançı şəbəkənin hədəfi
isə Azərbaycanın dövlətçiliyi, müstəqil
siyasəti, təbii sərvətləri və şübhəsiz
ki, bunların təminatçısı olan Lideridir.
Azərbaycan son dövrlərdə ciddi “pressinq”
altındadır. Hər tərəfdən dövlətimizi
sıxmağa çalışır, ona addımbaşı
maneələr yaradılır, beynəlxalq təşkilatlarda
fəaliyyətimizə süni əngəllər törədilir.
Birbaşa xarici xüsusi xidmət
orqanlarından maliyyələşən saysız-hesabsız
QHT-lər dünyanın bütün qlobal kataklizmlərini
unudaraq, sanki planetin əsas problemi kimi Azərbaycanı
göstərirlər. Bununla yanaşı,
bəlli xarici KİV-lər məmləkətimizə
qarşı yeni informasiya yürüşünə
başlayıb. Eyni mərkəzlər tərəfindən
hazırlandığını sübut edən oxşar tezislər,
qondarma ittihamlar əsasında Azərbaycan və onun rəsmi
şəxsləri haqqında qaralama kampaniyası
aparılır.
Və bütün bunlar son aylarda daha intensiv,
ardıcıl hal alıb. Azərbaycanın
birbaşa hədəfə çevrildiyini anlamaq
üçün xüsusi analitik qabiliyyətə ehtiyac da
yoxdur. Fövqəldövlətlərin
Şərqdə apardıqları münaqişələrin
kontekstində, “Yeni Dünya Nizamı” adlı qlobal
avantüranın son ştrixlərinin qan və savaşlarla
müəyyənləşdiyi mərhələdə indi
bütün dövlətlərdən seçim tələb
olunur.
Bu seçimdə iki şərt irəli
sürülür və bunlar heç də “müstəqillik,
yoxsa forpostluq” xüsusunda deyil. Əksinə, fövqəlgüclərdən
birinin seçilməsi tələb olunur. Yəni,
hansısa dövlətin müstəqil siyasət
yürütməsi, ümumiyyətlə, heç müzakirə
belə edilmir, qəbul olunmur.
Bu cür mürəkkəb durumda Azərbaycan ciddi
sınaq qarşısındadır. Heydər Əliyev
siyasi irsindən və Prezident İlham Əliyevin şəxsi
xarakterindən, əzmkarlığından irəli gələn
müstəqil siyasət konsepsiyasının qətiyyətlə
davamlılığı Azərbaycanın hədəfə
çevrilməsinin əsas səbəbidir. Azərbaycanın
dövlət başçısı dəfələrlə bəyan
edib ki, yürütdüyü müstəqil siyasət
heç bir halda kənar diktəyə məruz qalmayacaq, xarici
təsirlərə güzəştə getməyəcək!
Hansısa tərəfin yanında olmaq,
hansısa hərbi-siyasi cəbhədə yer almaq Azərbaycan
iqtidarının əsla yol verməyəcəyi seçimdir.
Bu, birmənalıdır, əslində, heç müzakirə
predmeti də deyil!
Bu baxımdan indi Azərbaycan nəinki postsovet məkanının,
ümumiyyətlə, dünyanın ən azsaylı müstəqil
siyasətə malik dövlətlərindəndir. Ölkəmizdən
tələb olunan güzəştlər isə yalnız
müstəqil siyasətlə bağlı deyil, həm də
enerji resurslarının ixrac marşrutlarının müəyyənləşməsindən
tutmuş daxili siyasətədək bütün məsələlərdə
fövqəlgücün maraqlarını təmin etməkdir.
Yəni, tutaq ki, digər ölkələrdə
olduğu kimi, baş nazirin təqdimatı Avropadan, maliyyə
nazirinin şəxsi işi ABŞ-dan, iqtisadiyyat nazirinin təklifi
BVF-dən gəlir. Şimal sərhədlərimizi
NATO-nun əsgərlərinin ixtiyarına veririk, cənub ərazilərimizdə
digər əcnəbi dövlətin hərbi kontingenti meydan
sulayır. Bakıda sərxoş olub vətəndaşlarımıza
atəş açan xarici hərbçiləri isə
mühakimə etmək iqtidarında olmuruq. Qarabağ boyu elə dəmir həlqə
yaradılır ki, ora heç quş da uça bilmir.
Bəli,
Azərbaycandan tələb olunan şərt budur! Prezident
İlham Əliyevin şəxsində isə Azərbaycan bu tələblərə
yox deyir!
Azərbaycanın müstəqilliyi Heydər Əliyevin
şah əsəridir, onun bizə, o cümlədən ölkə
Prezidentinə ən böyük əmanətidir. İlham
Əliyev son 12 ildə böyük zəhmətlərlə, məşəqqətlərlə,
mübarizələrlə bu müstəqilliyi kərpic-kərpic
ucaldıb, möhkəmləndirib. Hər cür rəzil
təsirə, mənfur kampaniyaya, şərəfsiz qarayaxmaya
sinə gərib, dirənib, heç zaman güzəştə
getməyib! Bu gün müstəqilliyimizdən qürurla bəhrələnməyimizin,
ölkəmizdə yadellilərin at oynadıb bizə göz
dağı vermək müsibətindən uzaq
olmağımızın mahiyyətində məhz Azərbaycan
Prezidentinin fədakarlığı dayanır!
Azərbaycan
Liderinin müstəqil siyasətdən əl çəkib, məmləkətin
müqəddəratını qonşu dövlətlərin
acı taleyinə çevirməsi əsla mümkün
olmayacaq! Buna görə də Azərbaycan
“pressinq” altındadır, bu səbəbdən ölkəmiz və
siyasi rəhbərlik genişmiqyaslı şər
kampaniyasına məruz qalır. Gerçəklik budur
ki, Azərbaycanın gücü Prezidentlə xalqın
birliyindən: xalqın iradəsindən - Prezidentin qətiyyətindən
qidalanır.
Azərbaycanı zəiflətmək üçün isə
onun Liderini hədəf seçiblər.
Helsinki müddəalarını ən
çox pozan ölkə
Bəli, ABŞ Konqresi nəzdində fəaliyyət
göstərən Helsinki Komissiyasının qeyri-ciddi
sanksiyaları nəzərdə tutan qanun layihəsi məhz
belə mürəkkəb dövrdə ortaya
çıxdı. Bu, həm Azərbaycanın müstəqil
siyasətinə qarşı məlum şəbəkənin
növbəti təzyiq cəhdi, həm də ABŞ-dakı
seçki ərəfəsində erməni lobbisinin dəstəyini
qazanmaq məqsədilə atılmış təbliğat
addımıdır. Hər iki məqsəd
bir-birini tamamlayır və Azərbaycana düşmənçilik
xarakteri daşıdığını sübut edir. Yəni bu təzyiq vasitəsi heç də
mövcud iqtidara qarşı deyil, tam əksinə,
bütünlüklə dövlətimizə və
xalqımıza yönəlmiş təxribatdır.
Qeyd edək
ki, federal hökumətin müstəqil agentliyi kimi fəaliyyət
göstərən, Konqresin nəzdində olan və Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Komissiyası adlanan bu qurum
ABŞ-ın qanunverici orqanının hər iki palatasından
18 üzv və Dövlət Departamenti ilə Pentaqonun hərəsindən
1 üzv olmaqla təşkil olunur. Bu 20 amerikalı 40 il öncə
imzalanmış Helsinki Aktının icrasına nəzarət
və bu müqaviləni imzalamış 57 ölkədə
insan hüquqları, demokratiya sahəsində işlərə
töhfə vermək kimi vəzifəyə məsuliyyət
daşıdıqlarını iddia edirlər.
Əslində,
bu 57 ölkədən yalnız biri öz üzərinə
belə bir öhdəlik götürür ki, digər 56
ölkənin “jandarmı”, təftişçisi, nəzarətedicisi
olacağam, dövlətinizdəki proseslərin gedişinə
son qiyməti mən verəcəyəm, mənim rəyim
mütləqdir və ən əsası bu rəy müzakirə
oluna bilməz!
Halbuki, bu
56 ölkədən nəinki Lixtenşteynin, yaxud
Andorranın, heç Böyük Britaniya ilə Almaniyanın
da hüququ yoxdur ki, o biri dövlətdən soruşsun ki,
Helsinki Aktının 10 müddəasının hansına sən
özün əməl edirsən?
Gəlin
görək, suveren bərabərlik, zor işlətməmək,
sərhədlərin toxunulmazlığı, dövlətlərin
ərazi bütövlüyü, münaqişələrin
dinc yolla həll olunması, bir-birinin daxili işlərinə
qarışmamaq, insan hüquqlarına və əsas
azadlıqlara hörmət, beynəlxalq müqavilə öhdəliklərinin
vicdanla yerinə yetirilməsi və digər prinsiplər
ABŞ-ın ölkə daxilində və dünya
miqyasında göstərdiyi fəaliyyətdə qorunurmu,
bunlara əməl olunurmu?
Bütün digər dövlətlərə vassal kimi
yanaşmaqdırmı suveren bərabərlik?
İraqda illərdir qan axıdılmasıdırmı
zor işlətməmək prinsipi?
Heç bir beynəlxalq razılıq olmadan Liviyaya
qoşun yeritməkdirmi sərhədlərin
toxunulmazlığı?
Qarabağ
separatçılarına 25 ildir rəsmən maliyyə dəstəyi
göstərib, onları silahlandırmaq, son həftədə
isə ATƏT-in Minsk qrupuna təyin etdiyin həmsədrini bu
separatçıların rəhbərliyi ilə
görüşdürməkdirmi dövlətlərin ərazi
bütövlüyü prinsipinə hörmət?
Suriyada terrorçuları maliyyələşdirmək,
radikal ekstremistləri silahlandırmaqdırmı münaqişələrin
dinc yolla həll olunmasına çalışmaq?
Türkiyədə kürd separatçılarına
muxtariyyət tələb etmək, Ukraynadan hansısa rezidentinə
vəzifə istəmək, digər ölkədən hərbi
baza üçün ərazi şərti irəli sürməkdirmi
bir-birinin daxili işlərinə qarışmamaq?
Öz ərazində
müsəlmanları təqib etmək, qaradərililərə
divan tutmaq, latın amerikalıları əzmək,
qanunsuz hərbi həbsxana yaratmaq, vətəndaşa işgəncəni
hüquqi norma saymaqdırmı insan hüquqlarına və əsas
azadlıqlara ehtiram?
İstədiyin vaxt hansısa dövlətin bank hesablarına
həbs qoymaq, sənə boyun əyməyən ölkələrin
vətəndaşlarına sanksiya tətbiq etməkdirmi beynəlxalq
müqavilə öhdəliklərini vicdanla yerinə yetirmək?
Bəli,
Helsinki müddəalarını ABŞ qədər pozan ikinci
dövlət yoxdur!
Əgər
bu prinsiplərin pozulmasına görə hansısa sanksiya tətbiq
etmək lazım gəlsəydi və onlara amerikasayağı
cəza verilsəydi, son 40 il ərzində
ABŞ rəsmilərini azı yüz min dəfə
mühakimə etmək olardı. Amma bəxtləri gətirib
ki, çarmıxa çəkmək, edam
etmək, elektrik stulunda qətlə fərman vermək kimi cəza
növləri də yalnız ABŞ-da qüvvədədir!
İttihamlar əsaslıdırmı?
Bir məqama da nəzər salaq. Helsinki Komissiyası
son üç ildə bir dəfə də olsun Ermənistanda,
Gürcüstanda və digər postsovet ölkələrindəki
durumu müzakirə etməyib. Qeyd edilən dövrdə
təkcə Ermənistanda onlarla müxalifətçinin
güllələnməsi, yüzlərlə
etirazçının həbsi, prezidentliyə namizədin
sui-qəsdə məruz qalması, prezident və parlament
seçkilərinin total saxtalaşdırılması kimi
faktlar baş verib. Amma buna rəğmən, son
iki ildə Ermənistanla deyil, Azərbaycanla bağlı 10 dəfə
(!) müzakirə keçirilib. Bu da antiazərbaycançı
fəaliyyətin növbəti isbatı!
ABŞ rəsmilərinin xeyir-duası ilə
başladığı şübhə doğurmayan “Helsinki
avantürası” Azərbaycana qarşı ittihamlar irəli
sürüb.
Ölkəmizdə insan hüquqlarının,
söz azadlığının pozulması, dindarların təqib
olunması, seçki məsələsi, həbsxanada məhbusların
vəziyyəti kimi ənənəvi dedi-qodular, əsassız
fikirlər bu dəfə də səslənib. Ən
maraqlı cəhət odur ki, ortada bir əsaslı fakt,
arqument yoxdur!
Konkret cinayət hadisələrinə (vergidən
yayınma, qanunsuz sənədlərin təşkili və s.)
görə həbs edilən şəxslər ABŞ tərəfindən
“siyasi məhbus” elan edilib. Bu adamların həbsinin
siyasi motivli olmasını iddia etmək, ABŞ-ın həqiqətən
də “demokratiya meyarı” olmağına inanmaq qədər
ağılsızlıq olardı. Çünki ölkədə
demokratik şəraitdən sui-istifadə edərək
iqtidarı, şəxsən Prezidenti hər gün tənqid
edən, hətta məhkəməyə verilməyəcəyinə
əmin olduqlarından təhqirdən də çəkinməyən
yüzlərlə radikal müxalifətçi funksioner və
jurnalist var. Qəzetlərini də çıxarırlar,
saytlarını da işlədirlər, sosial şəbəkələrdə
hər cür hədyanları tirajlayırlar, istədikləri
gün mitinqlərini də keçirirlər.
Yəni, bu gün həbsdə olanlar əslində,
iqtidara qarşı heç də radikal mövqedə
olmayıblar.
Onların məlum ölkənin “beşinci
kolon”u olması isə, əlbəttə ki, danılmazdır.
Bu gün onların primitiv hay-həşirlə
müdafiəsi də, sadəcə, buyruq qullarının
xilas cəhdidir. Amma “sapı
özümüzdən olan baltalar” elə səbatsız və
təcrübəsiz olublar ki, aldıqları milyonluq qrantları
düzgün sənədləşdirə, qanunsuz vəsaitləri
gizlədə bilməyiblər. Mənimsədikləri
vəsaitlərdən əlavə vergidən də
yayınıblar, digər qanunsuzluqlara da yol veriblər. Bu şəxslər nə ilkin məhkəmədə,
nə apelyasiya prosesində öz təqsirsizliklərini
sübut edəcək adi bir fakt da göstərə bilməyiblər.
Amma Azərbaycanda insan hüquqlarının pozulması
faktını inkar etmək niyyətində deyilik. Bəli, bir
milyona yaxın həmvətənimiz öz yurdlarında
bütün sosial hüquqlarından məhrum edilib, öz
torpaqlarına həsrət qalıblar. Təəssüf
ki, onların bu hüquqlarını pozanlar bu gün “insan
azadlıqlarının cəfakeşinə” çevrilən
ABŞ-ın fəal dəstəyinə arxalanaraq, yüz minlərlə
həmvətənimizi müsibətdə saxlayır. ABŞ
bir milyon azərbaycanlının hüquqlarının
pozulmasına görə elə separatçılar qədər
məsuliyyət və günahkarlıq daşıyır!
Ölkədə dindarların təqibindən
danışanlar, yəqin, ölkənin konstitusion
quruluşuna qarşı hüquqazidd fəaliyyətə
görə Nardaranda həbs edilən radikal ekstremistləri nəzərdə
tuturlar. Onların da cinayətləri tam əsaslandırılıb
və hazırda istintaq gedir. Özü də
bu ekstremistlər “Quantanamo”da saxlanan əqidə
qardaşlarından fərqli olaraq, nə ayaqlarından
asılırlar, nə qaynar suya salınırlar, nə də
lütləndirilib şəkilləri çəkilir. Müasir standartlı təcridxanada ən yüksək
kalorili yeməklə qidalanır və daim həkim nəzarətindədirlər.
Unutmayaq ki, bu insanlar iki Azərbaycan polisini də
həyatdan məhrum ediblər.
Amma Dilqəm Əsgərov və Şahbaz Quliyev 18
aydır ki, separatçıların həbsxanasında
olmazın zülmləri çəkirlər. Öz doğma
yurdlarını silahsız ziyarət edən mülki şəxslərə
qarşı törədilən işgəncələrin məsuliyyəti
isə separatçılarla yanaşı, onların hər mənada
himayədarı olan ABŞ rəsmilərinin də
vicdanına yazılır!
Azərbaycanda keçirilən parlament seçkiləri
kampaniyası dövründə və nəticələr elan
ediləndən sonra bir konkret etiraz irəli sürə bilməyən,
elementar nöqsan tapmayan ABŞ-ın bəlli qurumları bu
gün dil açıblar. Amma əllərində nə bir
fakt, nə də hüquqi sənəd var. Lakin iki həftə
öncə Ermənistanda hakimiyyətin mənimsənilməsi
məqsədilə keçirilən referendumun nəticələrinin
ən ağlasığmaz üsullarla
saxtalaşdırılması və bunu minlərlə fakta əsasən
sübut edən müxalifətin mitinqlərinin davam etməsi
kimi gözəgirən hadisəni görməzdən gələn
ABŞ-ın Helsinki Komissiyası erməni havadarlarını
qəzəbləndirməkdən qorxur! Demək, sabah Serj Sarkisyan ölkəsində monarxiya
rejimi tətbiq etsə, Helsinki Komissiyası buna da etiraz bildirməyə
cəsarət tapmayacaq!
Ən təəssüfedici məqam budur ki, ABŞ
Konqresinin müzakirəsinə verilən qanun layihəsində
bədnam “907-ci düzəliş”ə qoyulan moratoriumun ləğvi
də istənilir. Yəni, Helsinki Komissiyasının dili ilə ABŞ rəsmiləri
Azərbaycanı “Dağlıq Qarabağ xalqına
qarşı təcavüzə və Ermənistanı əsassız
blokadada saxlamağa” görə ittiham edirlər!
Necə
deyərlər, əlavə şərhə ehtiyac yoxdur...
Azərbaycana qarşı
avantüranın müəllifi ermənilərin ən
böyük amerikalı dostudur
Antiazərbaycançı şəbəkənin erməni
lobbisinin dəstəyilə hazırladığı yeni
avantüranın arxasında da, şübhəsiz ki, erməni
barmağı dayanır. Amma bu dəfə həmin “barmaq” prosesləri
kənardan idarə etmir, əksinə, proseslərin tam mərkəzində
dayanaraq, qanun layihəsinin müəllifi kimi
çıxış edir.
Kris Smit...
Nyu-Cersi ştatının Konqresdə təmsilçisi.
62 yaşlı bu adam dəfələrlə
siyasi əqidəsini, partiya mənsubiyyətini dəyişsə
də, bir məsələdə daim prinsipial qalıb: erməni
təəssübkeşliyi! Etiraf edib ki, bu
xalqı uşaqlığından sevir. Siyasi
olimpə də məhz bu sevgisi əsasında yüksəlib.
ABŞ-da ermənilərin məskunlaşmasına
görə dördüncü yerdə qərarlaşan
Nyu-Cersidə məhz bu lobbinin dəstəyilə 24 ildir
Konqresdə təmsil olunur.
Konqresə gəldiyi gündən etibarən antitürk mövqeyində dayanıb və “erməni soyqırımının” tanınması prosesinin əsas rəhbərlərindən birinə çevrilib. Bu mövzudakı bütün qətnamələrin, müraciətlərin ilk üçlüyündə məhz K.Smitin imzası olur. Təkcə bu il ərzində “erməni soyqırımı” ilə bağlı 5 qanunverici təşəbbüslə çıxış edib. ABŞ Prezidentinə, Konqresə, ictimaiyyətinə çoxsaylı müraciətlərində “erməni soyqırımını” Holokostdan da faciəli sayır, hər bir amerikalının bu “genosidi” tanımasına çalışacağını vəd edir. Onun rəsmi saytındakı məlumatların və şəkillərin, demək olar ki, yarısı məhz ermənilərlə əlaqəlidir. Dəfələrlə qürurla bildirib ki, o, ermənilərin ən böyük amerikalı dostudur (!).
Ümumiyyətlə, bu konqresmen daim antiazərbaycançı mövqedə olub. Məsələn, 2008-ci ildə Ermənistanda prezident seçkilərində vətəndaşların gülləbaran edilməsinin Helsinki Komissiyasında müzakirəsini məcradan uzaqlaşdıraraq, əsas problemin etirazçıların ölümü yox, məhz “erməni soyqırımının” tanınmaması olduğunu bəyan edib. Yaxud dəfələrlə Azərbaycanı “Dağlıq Qarabağ” xalqını təhdid altında saxlamaqda, atəşkəsi pozmaqda və Ermənistana qarşı militarist siyasətdə” günahlandırıb.
Bir sözlə, K.Smitin simasında biz dünya erməniliyinin ən böyük dəstəkçilərindən, daha doğrusu, buyruq qullarından birini görürük. Və o, bu gün növbəti sifarişi yerinə yetirir: Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş qanun layihəsinin müəllifi kimi...
Taktiki hədəf
iqtidar, strateji hədəf isə Azərbaycandır!
Görünən odur ki, Azərbaycana qarşı yürüdülən savaş yalnız ABŞ tərəfdən atılan “güllələrlə” məhdudlaşmayacaq. Belə ki, xalqımızın “böyük dostu” olan məlum və məşhur Torbyörn Yaqland da antiazərbaycançı fəaliyyət üçün sifariş alıb. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Bəlkə də burada təəccüblü bir məqam olmazdı, əgər bu hüququndan Torbyörn Yaqland indiyədək istifadə etsəydi. Bəli, baş katib ilk dəfədir ki, buna əl atır.
Əslində, rəsmi Bakı heç bir araşdırmadan narahatlıq keçirmir, əgər bu, obyektiv aparılsa. Yox, əgər Azərbaycandakı real durumu öyrənib, təhlil aparmadan Vaşinqtondan gələn təlimatlar əsasında Strasburqdan məlum bəyanatlar səslənəcəksə, - bunun əslində, belə olacağına zərrə qədər də şübhə yoxdur - demək, Avropa Şurası da artıq siyasi hərracdakı yerini bəlli edəcək.
Düymə basılıb, proses başlayıb...
Antiazərbaycançı şəbəkə bütün arsenalı ilə hücumdadır. Şübhəsiz ki, fəaliyyətləri yalnız beynəlxalq təzyiqlə yekunlaşmayacaq. Ölkəni içəridən də çalxalamağa çalışacaqlar. Qlobal böhranın Azərbaycana da təsirsiz ötüşməyən fəsadlarından bəhrələnməkdən başlamış “beşinci kolonlarının” dövriyyəyə girməsinədək bütün istiqamətlərdə məmləkəti təhdid etməyə çalışacaqlar.
Bu cəhdlərin uğursuz olacağı dəqiqdir. Çünki Azərbaycanın möhkəm dövlətçiliyi, bu dövlətin etibarlı idarəçisi, qətiyyətli Lideri, dövlətinə sahib çıxan vətəndaşları var!
İndi daha həssas və ayıq olmalıyıq. Çünki bu, iqtidar və siyasi mənafe məsələsi deyil, sırf dövlətçilik məsələsidir.
Taktiki hədəf iqtidar, strateji hədəf isə Azərbaycandır!
Azərbaycanımıza sahib çıxmağın, dövlətçiliyimizi və müstəqilliymizi qorumağın yolu isə Prezident ətrafında daha sıx səfərbər olmaqdan keçir. Unutmayaq, bu seçimin yalnız və yalnız bir alternativi var: suriyalılar, iraqlılar, digər Şərq xalqları kimi müsibətlərə düşmək!..
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.- 2015.- 18 dekabr.- S. 2.