Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirildi

 

Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə səs çoxluğu ilə qələbə qazanaraq 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhəri bu günlər özünün əlamətdar günlərini yaşayır. Rumıniyanın Kluj Napoca şəhərindən rəmzi açarı qəbul edən gəncəli gənclər dekabrın 17-də şəhərin beynəlxalq hava limanında böyük təntənə ilə qarşılandılar. Əllərində gül-çiçək və üçrəngli Azərbaycan bayraqları tutmuş gənclər sevinc içərisində idilər. Çox çəkmədi ki, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Avropa Gənclər Paytaxtının rəmzi açarını başı üzərinə qaldırdı. Gurultulu alqışlar meydanı bürüdü. Elmir Vəliyev Kluj Napoqa şəhərindən simvolik açarın gətirilməsi münasibətilə gəncəliləri təbrik edərək, bildirdi ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının daha bir bəhrəsidir.

Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları hava limanında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehinxalq qəhrəmanı Cavad xanın obrazlarını canlandırdılar. Musiqi və rəqs kollektivlərinin çıxışları oldu.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumunun (AGF) həyata keçirdiyi beynəlxalq layihədir. Bu forum Avropa ölkələrinin milli gənclər şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. AGF ilk dəfə Avropa Gənclər Paytaxtı layihəsini 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Niderlandın Rotterdam, daha sonra İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Yunanıstanın Saloniki və Rumıniyanın Kluj Napoca şəhərləri olub. Fəaliyyətə başlamasından 6 il keçməsinə baxmayaraq, Azərbaycanın Nizami yurdu da Avropa Gənclər Paytaxtları şəbəkəsinə qoşuldu. Bununla da şəhər gəncləri bir il ərzində gənclər sahəsində həyata keçirilən proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanacaqlar.

Avropa Gənclər Paytaxtının rəmzi açarı əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş gənclərin müşayiəti ilə şəhərə gətirildi. Hava limanından şəhərin mərkəzi meydanına kimi düzülmüş gənclər rəmzi açarı alqışlarla müşayiət edirdilər. Bütün şəhəri dolaşan avtobus karvanı mərkəzi meydana çatanda minlərlə gəncin iştirakı ilə açarın qarşılanma mərasimi oldu. Sonra mərasim iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər qərənfillər düzdülər.

Şəhərin mərkəzi meydanında sevinc dolu anlar yaşandı. Boyunlarından “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” yazılmış şərflər asan gənclər bu sevincli anları onlara yaşadan ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq edib, bu qələbəni ölkəmizdə aparılan gənclər siyasətinin təntənəsi kimi dəyərləndirdilər.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2015.- 18  dekabr.- S. 1.