Azərbaycan ilə Fransa arasında humanitar-mədəni əməkdaşlığa dair müzakirələr aparılıb

 

Dekabrın 18-də Baş nazirin müavini Elçin Əfəndiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Orelia Buşezlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Azərbaycan ilə Fransa arasında son illər daha da möhkəmlənən dostluq və əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib, Prezident İlham Əliyevin Azərbaycan-Fransa əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Elçin Əfəndiyev qeyd edib ki, digər istiqamətlərlə yanaşı, humanitar sahədə, xüsusilə mədəniyyət və təhsil sahələrində Fransa-Azərbaycan əlaqələrində böyük uğurlar əldə edilib.

Baş nazirin müavini Elçin Əfəndiyev əməkdaşlığımızın perspektivlərindən danışaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.

Görüşdə humanitar-mədəni əməkdaşlığa dair bir sıra təkliflər müzakirə edilib, konkret tədbirlərin keçirilməsi müəyyənləşdirilib.

Səfir Orelia Buşez səmimi görüşə görə Baş nazirin müavininə minnətdarlığını bildirib. O, Fransanın Azərbaycan kimi qədim tarixə, mədəniyyətə malik, eyni zamanda, müasir dünyanın nüfuzlu ölkələrindən olan respublikamızla əməkdaşlığı bundan sonra daha da dərinləşdirmək niyyətində olduğunu bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19 dekabr.- S.4.