Aleksandr Oleşko:
“Heydər Əliyev Fondu insanları
xeyirxahlıq bayrağı altında birləşdirir”
“Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ənənəyə görə ildə bir dəfə Moskvadakı “Baku” kinoteatrında sizin üçün yolka bayramı təşkil edir. Gəlin hamımız Heydər Əliyev Fonduna təşəkkürümüzü bildirək və Fondun vitse-prezidenti, uşaqları çox sevən və onlar üçün çox iş görən Leyla Əliyevaya salamlarımızı göndərək”.
Rusiyanın Əməkdar Artisti, teatr və kino aktyoru, “Ostankino” Uşaq Akademiyasının emalatxana rəhbəri Aleksandr Oleşko bu sözləri “Baku” kinoteatrında yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ilə birlikdə təşkil edilmiş Yeni il bayramında uşaqlara müraciətlə söyləyib.
Bayrama 500-dən çox uşaq – general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331 nömrəli gürcü etnomədəni təmayüllü məktəbin şagirdləri, RF paytaxtındakı uşaq evlərində tərbiyə alan balacalar gəlmişdi.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova deyib: “Biz Yeni il bayramına xüsusi hazırlaşırıq. Uşaqlara sehirli və heyrətamiz nağıl dünyası bəxş etmək bizi həmişə sevindirir. Hər il təcrübəli artistləri dəvət edir, tədbirin ssenarisini və xüsusi effektləri hərtərəfli götür-qoy edirik. Bütün bu işlər Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ciddi nəzarəti altında keçirilir”.
Həmin gün peşəkar animatorlar “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Fototeatr” attraksionu və başqa interaktiv proqramlarla uşaqları sevindiriblər. Hətta ən balaca iştirakçılar da şövqlə rəqs edirlər.
Bayram şənliyi çərçivəsində Yeni ilə həsr edilmiş pryanik və açıqcalarını rənglənməsi üzrə ustad dərsləri də təşkil edilmişdi. Sonra uşaqlar, valideynlər, müəllimlər və tərbiyəçilər kinoteatrın tamaşa zalına daxil oldular. Burada tamaşaçıların sevimlisi Aleksandr Oleşko balacaları və onların valideynlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi, öz repertuarından məşhur uşaq mahnılarını ifa etdi.
S.Obraztsov adına Moskva Akademik Kukla Teatrının artistləri tərəfindən hazırlanmış “Morozko” kukla tamaşası xüsusi maraqla qarşılandı.
Bayrama gəlmiş uşaqların hamısına ənənəvi Yeni il hədiyyələri paylandı.
Konsertdən sonra RF Əməkdar Artisti Aleksandr Oleşko AZƏRTAC-a müsahibə
verib. Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti
ilə yaxşı tanış olduğunu bildirən A.Oleşko deyib: “Heydər Əliyev Fondu çox xeyirxah işlər görür, xeyriyyə layihələri həyata keçirir. Mən özüm də
belə tədbirlərin
bir neçəsində
iştirak etmişəm
və çox şadam ki, xeyirxah işlər görülməsinə adi
bir insan və artist kimi, imkan daxilində töhfə vermişəm.
Heydər Əliyev Fondu
insanları xeyirxahlıq
bayrağı altında
birləşdirir, dünyamızı
daha səmimi edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. -
2015.- 19 dekabr.- S.5