Əgər sənətkar bu gün sağ olsaydı...

 

Kinorejissorun həyatını yanan, öz hərarəti, işığı ilə möcüzələr yaradan gur ocağa bənzədirlər. Hətta sənətkar dünyasını dəyişəndən sonra belə bu ocağın hərarəti yaratdığı filmlərdə qorunub saxlanılır, tamaşaçılara sevinc bəxş edir.

Hüseyn Seyidzadə bu gün sağ olsaydı, keçdiyi sənət yoluna nəzər salıb, görəsən, hansı hissləri keçirərdi?.. Yəqin ki, sağlığında olduğu kimi, “bu filmə təzədən başlasaydım, filan epizodu başqa cür çəkərdim, filan sözü belə işlədərdim, bu səhnəni başqa rakursda lentə alardım” deyərdi. Bəli, Hüseyn müəllim belə fikirləşərdi, belə düşünərdi. Çünki o öz işindən, çəkdiyi filmlərdən daim narazı qalan sənətkar idi. Hüdudsuz, tükənməz sənət yollarında inamla addımlayan, gördüyü işə tənqidi yanaşmağı bacaran, illər ötdükcə səyini və əməyini cilalayan həqiqi sənətkar idi.

Hüseyn müəllim deyərdi: “Mənim bəxtim onda gətirib ki, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən çox böyük sənətkarlardan - görkəmli kino ustaları Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenşteyndən dərs almışam. Qriqori Aleksandrov, Romm, Pudovkin kimi tanınmış kinorejissorların filmlərində rejissor assistentiikinci rejissor işləmişəm, onlardan çox şey öyrənmişəm. Ona görə də mənim pis film çəkməyə haqqım yoxdur...”

Hüseyn Əli oğlu Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində kəndli ailəsində anadan olmuşdur. Qanlı-qadalı, daşnak qırğını kimi tarixə daxil olmuş 1918-ci ildə Hüseynin ailəsi Bakıya köçür. 15 yaşında trikotaj fabrikində fəhləlik edir, 1928-ci ildə Bakı İşçi Teatrının səhnəsində aktyor kimi yaradıcılığa başlayır. Burada əsasən kütləvi səhnələrdə çıxış edir. 1929-cu ildə Leninqrada göndərilir, Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə “Azərfilm” kinostudiyasına gəlir və ömrünün sonunadək burada çalışır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi, iki il sonra “Əlsiz adamlar” bədii təbliğat-təşviqat filmində fəhlə rollarında çəkilir.

1931-ci ildə studiya bir qrup gənci Moskvaya, Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa göndərir. 21 yaşlı Hüseyn burada həmyerliləri Niyazi Bədəlov, Əlisəttar Atakişiyev və Əsgər İsmayılovla birlikdə tanınmış sənətkarlardan kinonun sirlərini öyrənir.

1936-cı ildə ali təhsilini başa vurub Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyir. 1940-cı ildə N.Bədəlovla birgə “Ayna” bədii filmini çəkməyə başlayır. Lakin məlum olmayan səbəblərə görə filmin çəkilişi dayandırılır. Çox söz-söhbətdən sonra N.Bədəlovla birgə 1942-ci ildə “Ayna”nın materialları əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş verir. Bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçir. 1945-ci ildə Bakıda “Əbədi Odlar Diyarı” tammetrajlı sənədli filmini çəkir.

1948-ci ildə H.Seyidzadə kinostudiyada işləyərkən Sov.İKP sıralarına daxil olur. Dörd il sonra onun ailə üzvlərini yaxşı tanıyanlardan biri rayon partiya komitəsinə xəbər verir ki, H.Seyidzadə partiya sıralarına daxil olarkən tərcümeyi-halında özünün sosial mənşəyini gizlətmişdir. Bununla əlaqədar 1952-ci il oktyabrın 10-da Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro iclasında H.Seyidzadənin işi müzakirə edilirona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilir. Səbəb də göstərilir ki, H.Seyidzadənin atası 1908-ci ildən 1915-ci ilə kimi İrəvan şəhərində manufaktura satışı ilə məşğul olmuşdur, bacısı Xədicəbəyim Türkiyə vətəndaşına ərə getmişdir və 1920-ci ildə Türkiyəyə köçmüşdür, digər bacısının əri İsmayıl İsmixanov Böyük Vətən müharibəsi zamanı sovet ordusu sıralarında olarkən cinayət törətmişdir, həmçinin müsavatçılarla əlaqə saxlayan xalası oğlu Məmməd Məhərrəmov inqilab vaxtı Fransaya qaçmışdır.

Bu hadisədən sonra mənən sarsılmasına baxmayaraq, H.Seyidzadə ruhdan düşmür, əksinə, onu həyatda yalnız bir şey maraqlandırır: film çəkmək, yalnız film çəkmək.

1953-cü ildə studiyaDoğma xalqımıza” bədii-sənədli filminin çəkilişini rejissor Yan Fridə tapşırır. Görkəmli rus kinorejissoru M.Rommun xahişindən sonra H.Seyidzadəyə Y.Fridlə birgə filmi çəkməyə icazə verilir. Film 1954-cü ildə müvəffəqiyyətlə çəkilib ekranlara buraxılır. Hüseyn müəllim bu işi ilə bir daha sübut edir ki, ona müstəqillik, sərbəstlik, irihəcmli filmlər vermək lazımdır. O, Azərbaycan kinematoqrafiyasını şöhrətləndirə biləcək sanballı kino əsərləri yaratmağa qadir sənətkardır.

Ötən əsrin 50-ci illərinin ortalarında, nəhayət ki, tale H.Seyidzadənin üzünə gülməyə başlayır. Belə ki, o, 1956-cı ildə Ü.Hacıbəylinin məşhur “O olmasın, bu olsun” operettasını ekranlaşdırır. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. H.Seyidzadə yüksək səviyyəli, milli ruhlu film yaradacağına əvvəlcədən inanırdı. Yaradıcı qrupun bir məqsədi var idi: ədəbi mənbəyə sadiq qalmaq, əsərə çağdaş baxımdan yanaşmaq, onu ekranda canlandırmaq üçün müvafiq kinematoqrafik vasitələr axtarıb tapmaq. Bütün bunlara əməl edən rejissor çəkiliş prosesində film-tamaşa yaratmaqdan uzaqlaşmağa müvəffəq olmuşdur. Bu musiqili kinokomediya AsiyaAfrika ölkələrinin Beynəlxalq Daşkənd festivalında göstərilmiş və yüksək qiymətləndirilmişdir. Film 60-dan artıq ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılmışdır.

Bakıda isə ilk baxışdan sonra mətbuatda filmlə bağlı kəskin tənqidi yazılar dərc edilmişdi. Bədxah mülahizələr filmin ekran ömrünü qısalda bilmədi. Bənzərsiz və dahiyanə film bu gün də əbədi ömrünü yaşayır. Dahiyanəlik filmin ekssentrik, komik, təbii, bütün dövrlər üçün böyük sənət nümunəsi sayılan səhnələrindəndir. Milli kolorit, bənzərsiz obrazlar, qeyri-adi səmimiyyət və bədii realizmindədir. “O olmasın, bu olsun” artıq milli sərvətimizdir. Üzeyir Hacıbəyli və Hüseyn Seyidzadə isə bu milli sərvəti yaratmış dahilərdir.

1959-cu ildə çəkilişinə başlananKoroğlu” qəhrəmanlıq kino-dastanı H.Seyidzadənin ikinci filmi idi. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq, eyni zamanda bədii kinomuzda ilk genişekranlı film yaratmaq Hüseyn müəllimin cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qaldığından çox şey itirmişdir.

Buna baxmayaraq, 1962-ci ildə “Pravda” qəzeti “Koroğlufilmi ilə bağlı yazırdı: “Film ikinci həftədir ki, Tehranın ən iri kinoteatrlarında - ağzınacan dolu zallarda nümayiş etdirilir. Bu film Azərbaycan xalq eposunun kino həvəskarları arasında təbliğ olunmasına və populyarlaşmasına kömək edir”.

Rejissorun sonrakı iki filmi - “Yenilməz batalyon” və “Dəli Kür” də Azərbaycanın tarixi keçmişinə həsr olunmuşdur. H.Seyidzadə “Yenilməz batalyonun çəkilişinə böyük həvəslə başlarkən onun bu sənət yanğısı arxasında kövrək bir istək gizlənirdi. O bu filmini haradasa müəllimlərindən biri - dahi Sergey EyzenşteyninPotyomkinzirehli gəmisi” kino əsərinin davamı kimi görmək istəyirdi. Seçilmiş stil, çəkiliş üsulu, kameranın rakursu, yerləşdirilmiş kadrların uzunluğu, dərinliyi, obrazların, vəziyyətlərin iri planlarla, miqyaslı təqdimatı sovet kinosunun yaranma dövrünü, inqilabi pafosunu xatırladırdı.

Bu dinamik, təzadlı, obrazlı, ifadəli təqdimatla H.Seyidzadə bir daha sübut edir ki, ali Kinematoqrafiya İnstitutunda S.Eyzenşteyndən, M.Rommdan, Lev Kuleşovdan öyrəndikləri hədər getməyib. “Yenilməz batalyon” istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından mükəmməl işlərdən biri olur.

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəli ədəbiyyatın, incəsənətin bütün sahələrində bir dirçəliş, oyanış, yüksəliş dövrü oldu. Kinoya, kino sənətinə maraq, müraciət dəyişdi. Yaradıcılıq ab-havası gücləndi. Mövzular, tələbkarlıq xeyli artdı. Bu, eyni zamanda, yaradıcılıq rəqabəti, fərdi keyfiyyətlərin, düşüncə tərzinin, sənətkarlıq məsələlərinin qabarıq görünməsi, fərdlərin seçilməsi demək idi. Bu, gələcəyə ünvanlanmış zəmin və zəmanət idi.

Belə bir vaxtda çəkilən filmlərdə istər rejissorluqda, operator işində, istərsə də aktyor oyunlarında, rəssam və bəstəkarın fəaliyyətində irəliləyiş baş verirdi. Bu dövrün ən yaxşı kino əsərləri ümumittifaq miqyasında milli kinomuzu ləyaqətlə təmsil edirdi.

Belə filmlərdən birirejissor H.Seyidzadənin 1969-cu ildə çəkdiyi “Dəli Kür” kinoromanıdır. Tarixi keçmişimizdən bəhs edən filmdə xalqımıza xas olan bir sıra xüsusiyyətlər, o cümlədən millilik amili qabarıq şəkildə tamaşaçıya çatdırılmışdır.

Film əsər əsasında çəkilsə də, Moskvada təhvil verilərkən onun finalı məcburən dəyişdirilmişdir. Beləliklə də nəinki filmin ahəngi bir qədər pozulmuş, həm də əsərdə qaldırılan sosial məsələlər ailə-məişət mövzusu ilə qismən əvəz edilmişdir. Rejissor filmi yüksək bədii səviyyədə çəksə də, çıxarılmış epizod əsərin həm mənasına xələl gətirmiş, həm də onun səviyyəsini bir qədər aşağı salmışdır. Xoşbəxtlikdən həmin epizod qorunub saxlanılmış və Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.

“Dəli Kür”dən 9 il sonra, yəni 1978-ci ildə H.Seyidzadə sonuncu filmini - ailə-məişət mövzusunda “Qayınana” kinokomediyasını yaratmışdır. Şirin yumor, canlı komik səhnələr və hadisələrin dinamikliyi “Qayınana”nı baxımlı etmişdir. Bu film Aşqabad şəhərində keçirilən XII Ümumittifaq kinofestivalında nümayiş olunmuş, baş rolun ifaçısı N.Zeynalova və bəstəkar T.Quliyev mükafata layiq görülmüşlər.

Öz gücünə, biliyinə tam arxayın olan H.Seyidzadə tədricən onu haldan salan ürək ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə hər gün doğma kinostudiyaya gəlib-gedərdi, işləməkdən yorulmazdı. Bununla belə, xoşagəlməz hadisələr, onun ünvanına deyilən haqsız iradlar H.Seyidzadəni hər addımda izləyir, işinə mane olurdu. Səhhəti pisləşən kinorejissor 1979-cu il iyunun 2-də bu dünyaya əlvida deyir.

Hüseyn Seyidzadə hər dəfə redaksiyanın kandarında görünəndə birinci sözü bu olurdu ki, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”. O, bunu deyib salamlaşar, içəri keçib oturardı. Əməkdaşlarımızdan biri tez bir stəkan çay süzüb qoyardı onun qabağına. Sonra da yer-yerdən suallar verib, tutardıq onu söhbətə. O da olub-keçənlərdən danışardı.

Hüseyn müəllimin yaradıcılıq imkanları böyük idi. Amma rejissor kimi 43 il ərzində cəmi beş bədii film - “O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, bir qısametrajlı bədii film - “Sovqat” (rejissor H.Bədəlovla birgə), iki sənədli film - “Əbədi Odlar Diyarı” və “Doğma xalqımıza” (rejissor Y.Fridlə birgə) kino lentlərini çəkmişdir. Belə bir sənətkar üçün səkkiz filmidi ki?! Lakin onu tanıyanlar yaxşı bilirdilər ki, bunun günahı Hüseyn müəllimdə deyildi.

“Əlahəzrət kino” H.Seyidzadə üçün hər şey idi. O, M.MaklyarskiK.Rapoportun yazdıqları ssenari əsasında “Qatır Məmməd” filmi üzərində işə başlamışdı. Hətta filmin yarısından çoxunu lentə almışdı. Sonra kinodramaturqların tələbi ilə filmin çəkilişi dayandırılır. Nəinki dayandırılır, hətta film ondan alınıb tamamilə yenidən çəkilmək üçün başqa rejissora verilir. Səbəb də o idi ki, rejissor çəkiliş vaxtı ssenaridən xeyli kənara çıxmış, filmi öz bildiyi kimi lentə almışdı.

Hüseyn müəllim deyirdi: “İnsan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan taleyimlə əlbəyaxadayam...”

Ümumiyyətlə, H.Seyidzadənin qəribə taleyi olub. Onun “O olmasın, bu olsunfilmi ekranlara buraxılandan sonra başı bərk ağrısa da, çəkməyə hazırlaşdığı “Dərviş Parisi partladır” kinokomediyası, artıq xeyli hissəsini çəkdiyi “Qatır Məmməd” bədii filmi əlindən alındı, “Var olun, qızlar!” filminin ədəbi ssenarisi ilə bağlı yenə də başağrıları oldu. “Dəli Kürfilminin finalının məcburən dəyişdirilməsi ona mənəvi zərbə vurdu.

Onunla bir görüşümü xüsusi xatırlatmaq istərdim. “Qayınana”nı çəkib qurtarandan sonra filmin reklamını hazırlayan rəssam Adil Rüstəmovla danışmaq üçün redaksiyamıza gəlmişdi. “Dərviş Parisi partladır”, “Sevinc buxtası”, “Günlərin bir günü”, “De ki, sevirsən məni”, “Bayquş gələndə” filmləri üçün orijinal kinoplakatları rəssam H.Seyidzadəyə göstərib poliqrafiya bazamızın aşağı səviyyədə olmasından gileyləndi. Dedi ki, plakatlar nə qədər gözəl işlənsə də, çap ediləndə keyfiyyətini yarıbayarı itirir, əməyimiz hədər gedir.

Hüseyn müəllim gülümsəyib cavab verdi:

- Bəli, bu da bir problemdir. Xaricdə filmin reklamına özü ağırlığında pul xərcləyir bunun müqabilində onqat qazanc götürürlər. Biz isə solğun plakatlarla keçinirik. Halbuki ən yaxşı filmlərin reklama ehtiyacı var. Hindistan kinematoqrafçıları Bakıda olarkən onlara bir neçə Azərbaycan filmini göstərdik. Məşhur rejissor aktyor Rac Kapur mənim filmlərimə baxandan sonra həmkarlarımın yanında dedi ki, gəl gedək mənimlə Hindistana. Orada filmlər çəkərsən, səni milyonçu edərəm. Ona təşəkkür edib bildirdim ki, qürbətdə yaşaya bilmərəm, bir sənətkar kimi xalqım üçün hələ az görmüşəm. Leyla xanım Bədirbəyli bu söhbətin şahididir.

Böyük Əlağa Vahidin pərəstişkarı olan rəssam Adil Rüstəmov şairin məşhur qəzəlindən iki misra dedi:

Mən əsiri-eşqiyəm

öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını,

öz yurdunu, divanədir.

- Elədir, əzizim, elədir, - deyə Hüseyn müəllim dərindən köks ötürüb, sözünə davam etdi. - Amma bir yazıçının - heyif ki, adı yadımdan çıxıb - dediyi kimi, gərək insanlar vətənə məhəbbətlərini səs-küylə deyil, öz əməlləri ilə sübut etsinlər.

Bu söhbətimizdən xeyli vaxt ötüb. Hüseyn müəllim dünyasını çoxdan dəyişib. Amma bu görkəmli sənətkar vətənə bağlılığını öz parlaq yaradıcılığı ilə sübut edib: “O olmasın, bu olsun”, “Qayınanakinokomediyaları, “Yenilməz batalyon”, “Koroğlu”, “Dəli Kürbədii filmləri ilə...

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi

 

Azərbaycan. - 2015.- 19 dekabr.- S.7.