Müasir səhiyyə və tibbi xidmət mədəniyyəti
Son illər ölkəmizdə 586 səhiyyə
müəssisəsi tikilib, 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon
695 min uşaq pulsuz müxtəlif müayinələrə cəlb
olunub
Qarşıdan gələn 2016-cı ilin hansı uğur, nailiyyət, yaxud problemlərlə qarşılandığını dəqiqləşdirmək üçün, adətən, arxada qalan, yaşanan aylara bir daha nəzər salınır. Əlbəttə, unutmaq olmaz ki, qazanılan nailiyyətlər ilk növbədə dövlət başçısının düşünülmüş, uzaqgörən, strateji məqsədlərə hesablanmış siyasəti, möhkəm iradəsi sayəsində mümkünləşib. Məhz bu siyasət nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə çox dövlətləri arxada qoyub, ayrı-ayrı sahələrdəki problemlər ardıcıl şəkildə öz həllini tapıb.
İl sona yaxınlaşdıqca strateji hədəflərə doğru yeni konsepsiyalar müəyyənləşdirilir, qarşıda duran vəzifələr dəqiqləşdirilir və diqqət mərkəzində saxlanılır. Təbii ki, sosial sferada diqqətçəkən sahələrdən biri də səhiyyədir. Dünyanın ən inkişaf etmiş dövlətlərini belə bürüyən maliyyə böhranı göz qabağındadır. Bu iqtisadi-sosial burulğanın ölkəmizdən yan keçməsi üçün həyata keçirilən müəyyən kompleks tədbirlər müsbət nəticələri ilə tarixə yazılır. Belə ki, Azərbaycan dövləti digər sahələrdə olduğu kimi, səhiyyədə də öz vətəndaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 10 ildə ölkəmizdə 586 səhiyyə müəssisəsi tikilib, yüzlərlə tibb ocağı əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Açılış mərasimlərində dövlət başçısının iştirak etdiyi Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarında çalışan tibb personalı on minlərlə insanın sağlamlığının qayğısına qalır. Bundan başqa, Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin isə tikintisi davam etdirilir. Ümumiyyətlə, ölkəmizin səhiyyə ocaqlarında yüksək səviyyəli tibbi xidmət üçün hər cür şərait yaradılmaqdadır.
Ölkədə əhalinin sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərən faktlar yetərincədir. Onlardan biri və ən diqqətçəkəni dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artırılmasıdır. Prezident İlham Əliyev məsələyə diqqət yetirərkən deyib: “Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik”.
Məhz bunun nəticəsidir ki, son 10 ildə Azərbaycanda səhiyyə xərcləri 6,7 dəfə artıb. Əgər 2005-ci ildə səhiyyəyə 115 milyon 300 min manat ayrılmışdısa, yaxud 2010-cu ildə bu rəqəm 479 milyon olmuşdusa, bu il 777 milyon 300 min manat vəsait ölkə əhalisinin sağlamlığına yönəldilib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə sistemində son zamanlar aparılan islahatlar və əldə edilən nailiyyətlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev qeyd etmişdir ki, dövlət proqramlarının uğurla yerinə yetirilməsini bir neçə rəqəmlə göstərmək olar: “200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir. Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır”.
Hazırda xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkədə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir.
Qeyd etmək lazımdır ki, belə tip xəstələrə dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu ilin doqquz ayı ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Xüsusi qeyd olunmalı faktlardan biri də odur ki, ölkəmizdə əvvəllər əlacı olmayan bəzi xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə pasiyentə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə öncə uşaq ölümünün azaldılması deməkdir.
İnsan sağlamlığının əsasını təşkil edən amillərdən biri də irsi qan xəstəlikləri hesab edilir. Bununla mübarizədə də nailiyyətlər az deyil. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaradıb. Adıçəkilən səhiyyə müəssisəsinə 2015-ci ildə 15 mindən artıq müraciət olunub. Hazırda 2500-dən artıq xəstənin müalicə olunduğu mərkəzdə sümük iliyi transplantasiya əməliyyatları da həyata keçirilir və artıq 22 uşağa sümük iliyi köçürülüb.
Bu ilin iyun ayından ölkəmizdə nikaha daxil olan hər kəsin tibbi müayinədən keçməsi də aktuallaşdırılmışdır. Ötən müddət ərzində artıq 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub və təəssüf ki, onların arasında başqa xəstəliklərlə yanaşı, 3730 nəfər talassemiya daşıyıcısı da aşkar edilib.
Əhalinin sağlamlığının qayğısına qalan dövlət başçısının tövsiyəsi ilə hər bir Azərbaycan vətəndaşı ildə bir dəfə müayinələrdən keçməlidir. Olduqca mühüm əhəmiyyət daşıyan bu məsələ cari ildə diqqətdən kənarda qalmayıb: ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub.
Səhiyyədə peşəkarlıq, eləcə də yüksək səviyyəli kadr məsələsi daim aktual sayılıb. Təbii ki, xidmət mədəniyyəti, eləcə də keyfiyyət həkimlərin bilik və bacarığından çox asılıdır. Yüksək ixtisaslı tibb kadrları hazırlayan ali məktəblərdən biri də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetidir. Dövlət başçısının səyləri, Azərbaycanın dünyada artan nüfuzu sayəsində həmin ali məktəb özünün ilk və yeganə filialını məhz Bakıda açıb. Xatırladaq ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyeva da yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacaq həmin universitetin məzunu və fəxri professorudur.
Səhiyyədə son zamanlar nail olunan yeniliklərın sırası ildən-ilə artmaqdadır. Onlardan biri də vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həll olunmasında mühüm əhəmiyyət daşıyan Elektron Səhiyyə Mərkəzidir. Səhiyyə Nazirliyinin “ASAN xidmət” funksiyasını yerinə yetirən mərkəzə son vaxtlaradək 22 min nəfərin müraciət etməsi onların problemlərinin əksər hissəsinin yerində həllinə imkan yaradıb.
Eləcə də dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye, habelə Səhiyyə nazirliklərinin birlikdə hazırlayıb tətbiq etdikləri proqram əhalinin sosial sifarişi kimi qəbul edilir. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsinə, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlər keçirilməsi daxildir. Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən və aşağı salınan 2200-dək dərman vasitəsi əhalinin xüsusən aztəminatlı təbəqəsinin sağlamlığının bərpa edilməsində mühüm tədbirlərdən sayılır. Bu, əslində, çox ciddi sosial təşəbbüs və hər bir insanın gündəlik tibbi-sosial problemlərinin həllinə yönəldilmiş addım hesab olunur.
Təbii ki, il ərzində səhiyyə sahəsindəki mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər yalnız yuxarıda qısaca nəzər yetirdiklərimiz deyil. Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 nömrəli kilinik uşaq xəstəxanalarının, uşaq nevroloji xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchizi, uşaq onkologiya və uşaq kardiocərrahiyyə mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya şöbəsinin yaradılması bu sahəyə göstərilən xüsusi dövlət qayğısıdır.
Bütün bunlarla yanaşı, vərəmlə mübarizə sahəsində də mühüm əhəmiyyət daşıyan tədbirlər kompleksi həyata keçirilib. Xəstəliyin diaqnostikasının yaxşılaşdırılması, pasiyentlərin fəal müalicəyə cəlb edilməsi, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin sabitləşməsinə nail olunub.
Tarixə qovuşacaq bu ilin mühüm hadisələrindən biri, təbii ki, beynəlxalq aləmdə də geniş rezonans doğuran, yaddaşlara yazılan və hələ də xoş təəssüratları qeyd edilən “Bakı-2015” I Avropa Oyunları oldu. Avropa qitəsinin tarixində ilk belə möhtəşəm idman bayramında digər sahələrlə yanaşı, Azərbaycanın səhiyyə xidmətinin, tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşdü. Oyunların keçirilmə müddətində tibb xidməti göstərmək üçün 900-ə yaxın yerli mütəxəssis cəlb olundu. Olimpiya şəhərciyində, Bakı və Mingəçevirdəki bütün idman komplekslərində tibb məntəqələri yaradıldı. Həmin müddətdə müxtəlif sağlamlıq problemləri ilə bağlı 6400-ə yaxın müraciət olundu və lazımi tibbi yardım göstərildi.
Əlbəttə, adıçəkilən sahədə qarşıya qoyulan əsas məqsəd ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhalinin sağlamlıq monitorinqinin müntəzəm aparılması üçün məlumat-informasiya sisteminin təkmilləşdirilməsi, tibbi sığortanın gücləndirilməsi burada zəruri islahatların aparılmasından, dövlət sanitariya-epidemioloji nəzarətin möhkəmləndirilməsindən və fövqəladə vəziyyətlərə qarşı hazırlığın artırılmasından ibarətdir. Bütün bunlar strateji məqsəd daşıdığı üçün dövlətin sosial təmayüllü siyasətinin tərkib hissəsi sayılır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2015.- 20 dekabr.- S. 3.