Mənəvi dəyərlərin keşiyində

 

Azərbaycan şifahi xalq ədəbiyyatının ayrı-ayrı növləri dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.

Xalqımızın milli-mənəvi sərvətlərindən sayılan folklor nümunələrinin qorunub saxlanaraq gələcək nəsillərə çatdırılması zaman keçdikcə dövlətin diqqət yetirdiyi vacib məsələlərdən olub. Məhz bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda xalqın qeyri-maddi mədəni irsinin toplanması, qorunması və dünyaya tanıdılması sahəsində ciddi işlər aparılır.

Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə 2003-cü ildə yaradılmış AMEA Folklor İnstitutu ümummilli liderin elmə, mədəniyyətə və mənəvi dəyərlərə diqqət və qayğısının bariz nümunəsidir. Mədəni quruculuqelmin inkişafına yönəlmiş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təsdiqlədiyi 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, habelə AMEA-nın humanitar-ictimai yönümlü elmi-tədqiqat müəssisələrinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan davamlı maliyyə vəsaitlərinin ayrılması, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması və s. ulu öndərin elm və mədəniyyətlə bağlı siyasətinin inkişaf etdirildiyini təsdiqləyən amillərdir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin 2003-cü ildə imzaladığı ən dəyərli fərmanlarından biri də “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə olmuşdur. Fərmanda qeyri-maddi mədəni irsin toplanması və qorunmasının təminatı, eləcə də ondan istifadənin hüquqi prinsipləri və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Bu qanunun qüvvəyə minməsi qeyri-maddi mədəni irsə dəyər verilməsində, eləcə də folklor örnəklərinin təhrifi, saxtalaşdırılması və mənimsənilməsi kimi mənfi halların qarşısının alınmasında müstəsna rol oynamışdır. Qanunda Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi baxımdan qorunması və bu məqsədlə beynəlxalq əməkdaşlıq üçün şərait yaradılması ilə bağlı maddə təkcə yazılı şəkildə qorunan örnəklərin deyil, həm də ölkəmizdən kənarda, məsələn, Borçalıda, Dərbənddə, Kərkükdə və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların folklorunun qeydə alınmasına və mühafizəsinə imkan vermişdir.

Ermənistandan çıxarılan azərbaycanlıların şifahi ədəbi irsi ilə yanaşı, Kərkük, Dərbənd, Borçalı və Cənubi Azərbaycan mahallarının folklor örnəkləri də AMEA Folklor İnstitutunun əməkdaşları tərəfindən toplanaraq nəşr edilmişdir. Bu prosesdə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, o cümlədən folkloru da diqqətdən kənarda qalmamışdır. Azərbaycanın etnik rəngarəngliyi onun mədəni-mənəvi sərvəti kimi dəyər qazanmışdır. Belə dəyərləndirmə və yanaşmanın təzahürüdür ki, AMEA Folklor İnstitutunda 2012-ci ildə “Azsaylı xalqların folkloru” adlı xüsusi bölmə yaradılmışdır.

Folklor janrlarının əksəriyyəti milli spesifik janrlar olduğundan onların öyrənilməsi, araşdırılması, təhlili, işarələnmiş qədim milli-mədəni dəyərlərin rekonstruksiyası üçün xüsusi nəzəri modellər və onların tətbiqi metodları, prinsipləri işlənib hazırlanmışdır ki, bu fəaliyyət proqramı “Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 2010-2015-ci illər üçün fəaliyyət proqramı” və “Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 2010-2015-ci illər üçün İnkişaf Konsepsiyası”na əsaslanır.

Dövlət proqramı çərçivəsində 2012-2013-cü illərdə Folklor İnstitutunda “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsi gerçəkləşdirilmişdir. Bununla yanaşı, ən zəngin folklor qaynaqlarından olan və Qarabağın şifahi xalq yaradıcılığı örnəklərini əhatə edən doqquz cildlikQarabağ: folklor da bir tarixdir” adlı kitab və 3 diskdən ibarət “Qarabağ musiqi folkloru (xalq mahnıları, təsnif və rəqslər)” albomu buraxılmışdır.

Qarabağın işğal altında olmayan bölgələrindən və məcburi köçkünlərdən toplanmış yeni materiallar əsasında (hər biri 30 çap vərəqi həcmində) 9 kitabda 300-dən artıq mifoloji mətn, 1250-yə yaxın əfsanə və rəvayət, 400-dən çox nağıl, 500-dək lətifə, 750-dən artıq atalar sözü və məsəllər, təxminən 2500 bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr toplanaraq ictimaiyyətə çatdırılmışdır. Bununla da bir daha təsdiqlənmişdir ki, Qarabağ Azərbaycan xalqının milli-mədəni irsinin tam zənginliyi ilə qorunub saxlandığı bölgələrdəndir və bu irs dünya mədəniyyəti səviyyəsində mühüm əhəmiyyət daşıyır.

Folklor İnstitutunun təşkilatçılığı ilə 2012-ci ildə Bakı, 2013-cü ildə Ağcabədi şəhərlərində elmi konfranslar keçirilmiş və materialları kitab halında nəşr edilmişdir. İnstitutQarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası” adlı layihə hazırlamış və bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuşdur.

“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Balakən və Zaqatala rayonlarında “dəyirmi masalar təşkil edilmişdir. Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanına əsasən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mədəni irsin qorunması, ölkənin tanıdılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi barədə müddəalarına uyğun olaraq bir çox tədbirlər həyata keçirilmişdir.

Görkəmli elm və mədəniyyət xadimlərinin yubiley və ildönümlərinin qeyd olunmasına Folklor İnstitutunda xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamına uyğun olaraq “Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığı” mövzusunda elmi sessiya keçirilmiş, onun materialları və digər məqalələr əsasında “Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri” adlı kitab nəşr edilmişdir. İnstitut Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana və Azərbaycan Aşıqlar Birliyi ilə birgə təşkil edilən “Heydər Əliyev və folklor”, eləcə də Bakı Slavyan Universitetində keçirilən “Heydər Əliyev və azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi konfransın təşkilatçısı olmuşdur.

İnstitutda dahi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar 2013-cü ildə “Nizamifolklor”, Firidun bəy Köçərlinin 150 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamına əsasən, “Firidun bəy Köçərli: şifahi və yazılı ədəbiyyat” mövzusunda elmi sessiya keçirilmiş, çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Məmməd Arazın 80 illik yubileyi ilə bağlı “Sözün Məmməd Araz zirvəsi. Şairxalq yaradıcılığı problemi” adlı monoqrafiyakonfrans materialları nəşr edilmişdir.

Bu il Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti və AMEA Rəyasət Heyəti xüsusi tədbirlər planı təsdiq etmişdir. Yubileylə bağlı Folklor İnstitutu AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə noyabr ayında “Eposetnos” adlı beynəlxalq elmi konfransın keçirilməsini nəzərdə tutmuşdur. Bundan əlavə, “Kitabi-Dədə Qorqudelmi sessiyasının keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanlarında cərəyan edən hadisələrin təkmilləşdirilmiş xəritəsi hazırlanacaqdır. İnstitutumuzun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin dəstəyi ilə ölkənin müxtəlif bölgələrində “Kitabi-Dədə Qorqudla bağlı keçiriləcək silsilə tədbirlərin iştirakçısı olacaqlar.

Neçə-neçə maddi mədəniyyət abidəmiz, çoxsaylı qeyri-maddi mədəni irs nümunələrimiz - Novruz bayramı, Azərbaycan muğam, aşıq sənəti və s. UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun qorunan mədəni irs siyahısına daxil edilmiş, onların ümumbəşər mədəniyyəti üçün əhəmiyyəti və dəyəri beynəlxalq təsisatlarda təsdiqini tapmışdır.

Xalqımızın milli adət-ənənələri, mənəvi dəyərləri, etno-psixoloji xüsusiyyətləri bir sistem halında məhz folklorda yaşayır. Folklor milli-mənəvi dəyərlərin qorunduğu bir xəzinədir. Azərbaycan Prezidentinin ölkədə elmin və mədəniyyətin inkişafı ilə yanaşı, milli-mədəni irsin qorunması, öyrənilməsi və təbliği ilə bağlı çoxsaylı fərman, sərəncam və göstərişləri humanitaryönlü elmi qurumların, o cümlədən AMEA-nın Folklor İnstitutunun qarşısında yenimühüm vəzifələr qoyur.

 

Elçin ABBASOV,

AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə

fəlsəfə doktoru

 

Azərbaycan. - 2015.- 20 dekabr.- S. 3.