Qəbələ
IV Beynəlxalq incəsənət sərgisinin
açılışı olub
Azərbaycan
Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə
təşkilatçılığı ilə dekabrın
19-da Qəbələ IV Beynəlxalq incəsənət sərgisinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycanda ilk dəfə keçirilmiş birinci Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzusundakı sərgidə dünyanın 19 ölkəsini - Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və Yunanıstanı təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir.
Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan sərginin açılış mərasimində “Azərbaycan dövlətçiliyi və mədəniyyət” sənədli filmi nümayiş olunub. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova hər il keçirilən bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ruhəngiz Heydərova sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin keçirilməsinə yaxından kömək göstərən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq edib. SEBA-nın 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışan Ruhəngiz Heydərova bildirib ki, ötən ildəki sərgi ilə müqayisədə builki tədbirdə iştirak edən rəssamların, onların təmsil etdiyi ölkələrin sayının artması dünyada bu layihənin ideyasına olan maraqdan xəbər verir. Bu, eyni zamanda, Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.
Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltaraşlıq sənətinin inkişafı ilə bağlı gördüyü işlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin dünyaya tanıdılması sahəsindəki xidmətlərindən danışıb.
Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ Xalq Rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək Qəbələ Beynəlxalq incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu vurğulayıb, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar. Onlar rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.
Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər. Sərgi iştirakçısı olan rəssamlara sertifikat təqdim olunub. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulur.
Sərginin açılışında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasiminin iştirakçıları arasında dünya şöhrətli aktyor və rejissor Stiven Siqal da olub.
Beynəlxalq sərgi 2016-cı il
yanvarın 7-dək davam edəcək.
Azərbaycan. - 2015.- 20 dekabr.- S.4.