Xeyriyyəçi və tarixçi-diyarşünas

 

Naxçıvan çox görkəmli şəxsiyyətlər yetişdirib. Onlar ictimai həyatın bütün sahələrində mühüm işlər görmüş, tarixdə özünəməxsus iz qoyub getmişlər. Belə şəxsiyyətlərdən biriyaddaşlarda əsasən xeyriyyəçi və tarixçi-diyarşünas kimi qalan Mirbağır Mirheydərzadədir. O, 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuş, kiçik yaşlarında ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçmüş, Təbrizdə ruhani məktəbində təhsilini davam etdirmişdir. Nəcəf şəhərində dini və dünyəvi elmlərə yiyələnmiş Mirbağır Mirheydərzadə ərəb və fars dillərini mükəmməl öyrənmişdir.

Hələ gənc ikən inqilaba rəğbət bəsləyən M.Mirheydərzadə 1905-1907-ci illərdə İranda baş vermiş Səttarxan inqilabının üzvü olduğu üçün dəfələrlə təqib edilmiş, hətta bir neçə dəfə imzasız məktublar əsasında həbsə də salınmışdır. Bütün bunlara baxmayaraq, o öz əqidəsindən dönməyərək “Hümmət” sosial-demokrat təşkilatının fəal üzvü kimi inqilabi fəaliyyətini davam etdirmiş, vahid Azərbaycanın istiqlalına böyük ümid bəsləmişdir.

Mirbağır Mirheydərzadə həm də görkəmli din xadimi kimi fəaliyyət göstərmiş, həcc ziyarətində olmuşdur. Naxçıvanın köhnə sakinləri onu xeyriyyəçi kimi xatırlayırlar. Qonşuları söyləyir ki, uzaq məhəllələrdən belə gəlib onun həyətindəki quyudan su aparırmışlar. Qızı Səkinə xanım deyir ki, atası Gürcüstanda bank müdiri işləyirdi. O, pullarını kasıb-kusuba paylayırdı.

O, elmi sahədə də bir çox işlər görmüş, əsasən salnaməçi-tarixçi olmuş, dinin müxtəlif məsələlərinə, ehkamlarına dair məqalələr yazmışdır. Şərq tarixi, ədəbiyyatı və mədəniyyətinə mükəmməl bələd olan Mirbağır Mirheydərzadə Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, etnoqrafiyasının, epiqrafikasının, bir sözlə, diyarşünaslığının tədqiqi sahəsində hələ tələbəlik illərində qazandığı biliklərdən geniş istifadə etmişdir.

XX əsrin 20-ci illərindən o, elmi fəaliyyətlə sistemli şəkildə məşğul olmağa başlamışdır. 1923-cü ildə yaradılan “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin üzvlərindən idi. Cəmiyyətin Naxçıvan filialı yaradıldıqdan sonra onun elmi katibi vəzifəsini icra etmiş, diyarşünaslığa dair apardığı tədqiqatların nəticələri bir sıra qəzet və jurnallarda çap olunmuşdur. Cəmiyyətin fəaliyyəti dövründə M.Mirheydərzadə muxtar respublikanın müxtəlif rayon və kəndlərinə elmi ezamiyyətlərin təşkilinə xüsusi əhəmiyyət vermiş, həmin yerlərin coğrafi mövqeyi, əhalisinin etnik kökü, yer adları, həmin ərazilərdə aşkar edilmiş tarixi abidələr, maddi-mədəniyyət nümunələri və arxeoloji materiallar öyrənilmişdir. Onun Naxçıvanın tarixi abidələri haqqında yazdığı əlyazmaları Cəmiyyətin iclaslarında müzakirə olunaraq çapa məsləhət görülmüşdür.

Filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabında göstərilir ki, 1987-ci ildə Naxçıvan MR Mərkəzi Dövlət Arxivində tapılan “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin protokollarına əsasən, M.Mirheydərzadə Qızılvəngdə qazıntı işləri aparan leninqradlı alim A.A.Millerin tərcüməçisi və bələdçisi olmuşdur.

1951-ci ildə arxeoloq O.Həbibullayevin Kültəpədə apardığı qazıntı işlərində iştirak edən Mirbağır Mirheydərzadənin həmçinin Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılması və inkişafında böyük əməyi olmuş, ekspozisiyanı topladığı eksponatlar hesabına xeyli zənginləşdirmişdir. İkinci Dünya müharibəsindən sonra M.Mirheydərzadə şəhər Camesinin axundu işləyəndə onun təmiri üçün xeyli görmüşdür.

XX əsrin repressiya illəri dövründə bir çox ruhani, din xadimi, seyidlər kimi, Mirbağır Mirheydərzadə də amansız təqiblərlə üz-üzə gəlmiş, məqalələrini “Mirheydərov”, “Heydərzadə”, bəzən də imzasız yazmışdır. Ailə üzvlərini həbsdən qorumaq üçün maddi dəlillər tapılmasın deyə əsərlərinin, əlyazmalarının, kitabxanasının, topladığı çöl materiallarının, orta əsr sikkələrindən ibarət numizmatika kolleksiyasının, islami kitabların bir hissəsini yandırmış, bir hissəsini isə gecə ikən Naxçıvan çayına axıtmışdır. Onun böyük zəhmətlər bahasına topladığı materiallar və əsərlərinin çox hissəsi məhv edilmiş, qalan əlyazmaları isə vəfatından sonra oğlu tərəfindən Əlyazmalar İnstitutuna təhvil verilmişdir. Bir çox şəxsi əşyaları isə vaxtilə yaşadığı ev satıldıqdan sonra tamamilə sökülərək yenidən tikilən zaman atılmışdır.

Məqalələrindən onun bir arxeoloq, etnoqraf, epiqraf, numizmat, diyarşünas-tarixçi olduğu aydın görünür. Rus şərqşünas-etnoqrafı K.N.Smirnov Naxçıvanda etnoqrafik çöl materialları toplayan zaman M.Mirheydərzadə ona kömək etmiş, Smirnov isə minnətdarlıq hissi ilə onun Naxçıvanın diyarşünaslığına dair dəyərli əsərlərin müəllifi olduğunu dəfələrlə vurğulamışdır. Professor İbrahim Mollayev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov müxtəlif mətbuat orqanlarında qələmə aldıqları məqalələrdə Mirbağır Mirheydərzadəni hörmətlə xatırlayır, onun Naxçıvanda muzey işinin təşkilində, tarixinin öyrənilməsində xidmətlərini xüsusi qeyd edirlər.

1956-cı ildə vəfat edən Mirbağır Mirheydərzadənin nəticəsi kimi çox arzu edərdim ki, həyatı və inqilabi fəaliyyətindən başqa, onun elmi irsimüvafiq mutəxəssislər tərəfindən araşdırılsın. Çünki onun çapa məsləhət görülmüş, lakin indiyədək nəşr olunmamış “Naxçıvanın qədim tarixi” adlı monumental əsəri bu gün bir çox tədqiqatçılar üçün əhəmiyyətli istinad mənbəyi ola bilər. Araşdırmalardan da görünür ki, Naxçıvanı öyrənmək sahəsində M.Mirheydərzadənin elmi və mədəni irsi qiymətli bir mənbədir.

 

Leyla SƏFƏROVA,

Naxçıvan

 

Azərbaycan. - 2015.- 20 dekabr.- S.7.