Milli Məclisdə Türkiyə parlamentinin sədri ilə görüş
keçirilib
Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
dekabrın 21-də ölkəmizdə rəsmi səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin sədri
İsmayıl Qəhrəmanın başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinə seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etdiyinə görə İsmayıl Qəhrəmana minnətdarlığını bildirib. Oqtay Əsədov qeyd edib ki, artıq ənənəyə çevrilmiş bu cür səfərlər Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.
Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafına xidmət etdiyini vurğulayıb.
Bu gün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini söyləyən Oqtay Əsədov ölkələrimizin bütün məsələlərdə bir-birini dəstəklədiyini diqqətə çatdırıb.
İsmayıl Qəhrəman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini deyib. O, parlamentlərarası əlaqələrin bu münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.
TBMM-nin sədri türk dünyası ölkələri arasında birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. İsmayıl Qəhrəman Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığının, eyni zamanda, üç ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdiyini söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İsmayıl Qəhrəman Türkiyənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, Türkiyənin problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həllini dəstəklədiyini diqqətə çatdırıb.
Türkiyə parlamentinin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 22 dekabr.- S.2.