Məhkəmə-Hüquq
Şurasının hakim assosiasiyaları rəhbərlərinin
və hakimlərin iştirakı ilə geniş
iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının (MHŞ) hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə islahatının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi bildirilib, bu sahədə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanıb.
Qeyd olunub ki, Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr edilib.
MHŞ-dən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının bu nüfuzlu nəşrində ölkəmizdə irimiqyaslı məhkəmə islahatlarının müsbət nəticələri, o cümlədən məhkəmə özünüidarəsinin genişlənməsi, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşməsi, texnoldoji yeniliklərin tətbiqi və şəffaflığın təmin olunması üzrə işlərin digər Avropa dövlətlərinə nümunə göstərilməsi məhkəmə islahatlarımıza verilən dəyərin və dövlətimizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür.
İclasda, həmçinin məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübəyə uyğun islahatların intensiv davam etdirilməsi qeyd olunub, bu məqsədlə hazırlanmış yeni layihələrlə bağlı müzakirələr aparılıb.
Həmçinin iclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilib, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələri tərəfindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanıb.
Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən iclasda açıq və ətraflı müzakirələr aparılmaqla onların hər birinin fəaliyyəti prinsipial qiymətləndirilib. Vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar, habelə yol verilən xarakterik pozuntular nəzərə çatdırılıb, belə halların qətiyyətlə aradan qaldırılması üzrə tapşırıqlar verilib, ədalətli və qərəzsiz olmaqla hakim adının və şərəfinin daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibətin hər bir hakimin əsas vəzifəsi olduğu vurğulanıb.
Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanıb.
İclasda, həmçinin hakimlər barədə intizam icraatına baxılaraq, vətəndaşların
hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə
korrupsiyaya şərait yaradan
hallara, icra
intizamının kobud pozulmasına yol verdiyinə görə Şamaxı rayon məhkəməsinin hakimi
Təranə Hüseynova ciddi intizam məsuliyyətinə
cəlb edilib, bu kimi hallara yol
verdiklərinə görə 3 hakim barədə
intizam icraatları başlanılıb.
Azərbaycan. - 2015.- 22 dekabr.- S.3.