Lənkəran:
burda göz oxşayır hər tərəf, hər yan
Varlıq etibarilə təbiət ilkindir. İnsan, cəmiyyət
isə onun bir parçası, hissəsidir. Onları bir-birindən ayrı təsəvvür etmək
mümkün deyil. Təbiət
olmasaydı, insan yaranmazdı, mövcud olmazdı. İnsansız isə təbiət mənasız, gərəksiz
olardı, yetim qalardı. Şükürlər
olsun ulu Tanrının böyüklüyünə ki,
kainatı yaradarkən heç nəyi, heç kimi
unutmayıb, yaddan çıxarmayıb. Hər
şey vəhdətdədir, hər şey bir-birini
tamamlayır və mənalandırır.
Cənub mirvarisi Lənkəranda olanda, buranın əsrarəngiz
təbiətini seyr edəndə, insanları ilə
duz-çörək kəsəndə, ülfət
bağlayanda buna bir daha əmin olursan. İlin bütün fəsillərində
Lənkəran gözəldir, əsrarəngizdir. Cənub-qərbdən
sıralanmış dağların zirvəsi indi ağ örpəyə bürünüb.
Sürünüb gedən duman karvanı adamda belə bir təsəvvür
yaradır: ulu dağlar sanki qəlyanını yandıraraq
asta-asta tüstülədir. Aşağıdakı
bağ-bağatlarda isə sitrus meyvələri - limon, mandarin, portağal hələ də
yığılıb qurtarmayıb. Üstəlik,
insan əlləri, əməlləri ilə tikilib-qurulanlar təbiətin
bu gözəlliyinə yeni çalarlar qatır, onu daha mənalı
və füsunkar edir.
Son illər Lənkəranda geniş-miqyaslı
tikinti-quruculuq, abadlıq işləri görülüb. Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası çərçivəsində həyata
keçirilən tədbirlər sayəsində Lənkəran
və Liman şəhərləri, qəsəbə və kəndlər
simasını xeyli dəyişib, abadlaşıb. Bütün bunları gördükcə Lənkəranın
yaxın keçmişi yada düşür, göz
önündə canlanır. Keçmiş
tarixdir, dərsdir. “Keçmişi bilmədən
gələcəyi qurmaq olmaz” deyiblər. Sovet
dövründən nə qalmışdısa, ötən əsrin
90-cı illərində sökülüb-dağıdılmışdı.
Şəhərin küçələrindəki
çala-çuxurlara görə maşınlar ləng hərəkət
edirdi. Elektrik enerjisi günün müəyyən
saatlarında olurdu, o da həddən artıq zəif. İşsizlik insanları üzürdü. Yaşayış səviyyəsi əvvəlki
dövrlərlə müqayisədə çox
aşağı düşmüşdü.
Tarixi şəxsiyyətlər hər bir xalqın həyatında
vaxtı, məqamı gələndə Günəş kimi
parlayırlar.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlməsindən lənkəranlılar
da çox sevindilər. Çünki hələ
sovetlər dönəmində ulu öndər tez-tez buraya səfərlər
edər, rayonun inkişafına xüsusi diqqət və
qayğı göstərərdi.
Nə
yaxşı ki, yaman günün ömrü az
oldu. Ölkəmizdə yaranan sabitlik nəticəsində
bu cənub şəhəri də ağır günlərdən
tezliklə çıxdı. Prezident
İlham Əliyev ölkənin inkişafının yeni
strategiyasını müəyyənləşdirdi.
2004-cü il fevral ayının 11-
regionların sosial-iqtisadi inkişafı birinci, sonrakı illərdə
isə növbəti beşilliklər üçün ikinci və
üçüncü dövlət proqramları qəbul
edildi. Hər yerdə olduğu kimi, Lənkəranda
da böyük quruculuq işlərinə başlanıldı.
Ölkə miqyasında ilk Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika
Mərkəzi, Beynəlxalq Hava Limanı, Uşaq Müalicə
Mərkəzi burada inşa olundu. Regionlar
arasında ilk dəfə olaraq açıq ürək əməliyyatı
Lənkəran Diaqnostika Mərkəzində aparıldı.
Bir-birinin ardınca məktəblər, xəstəxanalar,
mədəniyyət ocaqları tikilib istifadəyə verildi,
yollar çəkildi, yeni parklar, xiyabanlar salındı,
istehsal olunan sənaye, kənd təsərrüfatı məhsullarının
həcmi artdı, adamların yaşayışı
yaxşlaşdı.
Bütün bunlar dövlət başçısı
İlham Əliyevin apardığı məqsədyönlü
iqtisadi siyasətin nəticəsi idi. Qeyd edək ki, Prezident 12 il ərzində
11 dəfə Lənkərana gedib, aparılan tikinti-quruculuq
işləri ilə tanış olmuş, neçə-neçə
müəssisənin, sosial yönümlü obyektin, idman
qurğusunun açılışında iştirak etmiş,
bölgənin sakinləri ilə görüşüb səmimi
söhbətlər aparmışdır. Cari ilin
aprel ayının 11-də ölkə rəhbəri növbəti
dəfə Lənkərana gəldi, buradakı
tarix-diyarşünaslıq muzeyinin, mədəniyyət mərkəzinin,
yeni körpələr evi-uşaq bağçasının,
“Gilan Aqro-satış” təsərrüfatının, Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolunun açılışında iştirak etdi.
Lənkəran Mədəniyyət Mərkəzində
ictimaiyyət nümayəndələri
qarşısındakı çıxışında Prezident
dedi: “Bu gün çox gözəl gündür. Lənkəranda
mədəniyyət mərkəzi əsaslı təmirdən
sonra açılır... Çox şadam ki, bu
bina yenidən qurulub, bərpa edilib. Bildiyiniz
kimi, bina 1970-ci illərdə tikilmişdir və təmirə
ehtiyacı var idi. Hazırda bu, ən
yüksək səviyyədə qurulmuş bir mədəniyyət
mərkəzidir. Zallar, geniş otaqlar,
iclas zalları. Burada konfranslar, konsertlər,
müxtəlif tədbirlər keçiriləcək. Yəni,
Lənkərana yaraşan bir mədəniyyət
ocağıdır... Bu gün Lənkəranda
tarix-diyarşünaslıq muzeyinə də baş çəkdim.
Bu da tarixi binadır. Gözəl təmir
olunub... Lənkəranın çox qədim mədəniyyəti,
tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq... Son illərdə
bütövlükdə Lənkəranda görülən
işlər ölkəmizin ümumi inkişaf
dinamikasını göstərir...”
Prezident çıxışında elektrik enerjisi, təbii
qaz, içməli su, avtomobil yolları və digər
infrastruktur layihələrinin icrası və bu mühüm məsələlərin
davam etdirilməsi ilə əlaqədar görüləcək
işlərdən ətraflı söhbət açdı.
Ümumiyyətlə, dövlət
başçısının bu diyara hər səfəri
böyük sevincə səbəb olur, bayrama çevrilir. Lənkəranın
rəhbərliyi, əhalisi bu etimadı doğrultmaq, ona əməli
işlə cavab vermək üçün əllərindən
gələni əsirgəməməyə
çalışırlar.
2015-ci
ilin başa çatmasına az qalır. Rəqəmlərə
nəzər salaq: cari ilin ötən dövrü ərzində
rayonda ümumi məhsul buraxılışının dəyəri
355,9 milyon manat təşkil etmişdir. Sənayedə
20,9 milyon manatlıq və ya keçən
ilin müvafiq dövrünə nisbətən 7,7 faiz çox
məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət
sektorunda istehsalın həcmi 7 faiz artmış və onun
xüsusi çəkisi 62,4 faiz təşkil
etmişdir. Ayrı-ayrı sahələrə gəldikdə
isə 143 ton dondurulmuş balıq və balıq məhsulları,
572 ton çörək, 186,5 ton quru çay, 7 min 257 ton
tikinti qumu və çınqıl, 3,3 min kubmetr kərpic və
kərpic bloku, 2 min 943 ton süd və süd məhsulları,
15,5 ton kərə yağı, 379 ton pendir və kəsmik
istehsal edilmişdir. Sənayenin və
infrastrukturun digər sahələrində də uğurlu nəticələr
əldə olnmuşdur.
Sahibkarlığın inkişafı nəticəsində
sənaye ilə yanaşı, aqrar sahədə də
uğurlar qazanılmışdır. Belə ki, aqrar bölmədə
hasilatın 99, pullu xidmətlərin 77,9
faizi özəl bölmənin payına düşür. Yeri
gəlmişkən, cari ilin ötən dövründə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayon sahibkarlarına və iş adamlarına 577 min manat
güzəştli kredit verilmişdir.
“Kənd təsərrüfatı ili”ndə əkin sahələrindən
səmərəli istifadə etməklə ekoloji cəhətdən
daha keyfiyyətli məhsul istehsal etmək, əkinçilikdə
intensiv metodlara yiyələnmək üçün xeyli
işlər görülmüşdür. “Gilan
Aqro-Sitrus” təsərrüfatının yaradılması həmin
tədbirlər sırasındadır. Yeni
yaradılmış bu təsərrüfatın ümumi sahəsi
45 hektardır. 15 hektarda Cənubi Koreyadan gətirilən
“Hallabong” sitrus meyvəsinin tingləri əkilmişdir.
Yaxın gələcəkdə bu iş daha da genişləndiriləcək
və 500 hektara yaxın ərazini əhatə edəcək.
Bundan əlavə, dağətəyi ərazilərdə
mütərəqqi əkin üsulu ilə sitrus plantasiyaları
salınacaq və nəticədə istifadəsiz
qalmış torpaqlar yenidən kənd təsərrüfatı
təyinatı üzrə dövriyyəyə qatılacaq ki,
bu da əlavə 2 min daimi iş yerinin yaradılmasına imkan
verəcək.
Çay Lənkəranın “vizit kartı”dır. Hazırda rayon ərazisində
566 hektar çay plantasiyası mövcuddur ki, bunun da 454,4 hektarı fermer və sahibkarlar tərəfindən
salınmışdır. 14 hektarda yeni meyvə
bağları da salınmış, 20 hektarda bərpa işləri
aparılmışdır.
Çəltikçilik buranın ən qədim əkin
növüdür. Son illər bu sahədə də müəyyən
inkişaf nəzərə çarpır. Əhali təbii, ekoloji cəhətdən təmiz
düyüyə ehtiyac olduğunu görüb onu əkib-becərməyə
başlamışdır. Bu il 108
hektar çəltik əkilərək 315 ton keyfiyyətli məhsul
götürülmüşdür.
Lənkəran
şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı il ərzində
ardıcıl tədbirlər görülmüşdür.
Şəhərin 13 küçəsində ümumilikdə
11 kilometr asfaltlaşdırma işləri aparılmış,
küçə, bağ və parklar boyu 585 kvadratmetr hasar
hörülmüş, 2,6 min kvadratmetr tamet, 4,2 min paqonmetr
(p/m) bardür düzülmüş, divar və darvazalara 6,6
min kvadratmetr suvaq, 74,5 min kvadratmetr rəng, 8,2 min kvadratmetr
ağ lay vurulmuş, 45 min gül kolu, 600 dekorativ və 1200
müxtəlif ağaclar əkilmişdir. Eyni zamanda, şəhərdəki
çoxmərtəbəli 4 yaşayış binasının
dam örtüyü əsaslı təmir olunmuş, 9
binanın fasadı yenilənmiş, 5 çoxmərtəbəli
binaya vurulmuş üzlüklər dəyişdirilmiş,
divarlar müasir üslubda rənglənmişdir. Bütün bunlarla birlikdə ilin ötən
vaxtı ərzində Lənkəran Şəhər İcra
Hakimiyyəti tərəfindən dövlət vəsaiti və
daxili imkanlar hesabına şəhərdaxili küçələrin
sıradan çıxmış hissələrində cari təmir
işləri aparılmışdır. Həmçinin
ölkə başçısının müvafiq sərəncamı
ilə ayrılmış vəsait hesabına 10 min nəfər
əhalinin yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolu yüksək səviyyədə tikilərək
istifadəyə verilmişdir. Digər bir sərəncamla
ayrılan vəsait hesabına isə 12,9 min nəfər əhalinin
yaşadığı 9 yaşayış məntəqəsini
birləşdirən 11,2 kilometrlik Aşağı Nüvədi-Kənarmeşə-Şürük
avtomobil yolu əsaslı təmir olunmuşdur.
Cari ilin payızında leysan yağışları
bölgənin əhalisini növbəti dəfə
sınağa çəkdi. Lənkəranda
çaylar məcrasından çıxaraq yaşayış
evlərini, küçələri, əkin sahələrini
basdı, əhaliyə, şəhər infrastrukturuna ciddi
ziyan vurdu. Bununla əlaqədar Prezident 2015-ci il oktyabrın 22-də sərəncam
imzaladı. Artıq həmin sərəncamın
icrası çərçivəsində təbii fəlakətin
fəsadları aradan qaldırılır.
Lənkəranda
bu il əhalinin normal elektrik enerjisi və təbii
qazla təchiz olunması, şəhərin içməli su və
kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal
xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi
sahəsində də tədbirlər həyata
keçirilmişdir. Belə ki, Lənkəran Elektrik Şəbəkəsi
tərəfindən rayon ərazisində 1445 metr yeni SİP
kabel xətti çəkilmiş, 396 “SMART” tipli sayğac, 16
transformator quraşdırılmışdır.
Hər yerdə olduğu kimi, qazlaşma Lənkəranda
da sürətlə davam etdirilir. Rayonun ərazisində indiyədək
48 min 149 p/m polietilen, 170,4 min p/m metal boru xətti
çəkilmişdir. 7 yaşayış məntəqəsi
- Nərimanabad, Şıxakəran,
Üzümçülük, Xolmili, Zövlə,
Talışlı kəndləri və Balıqçılar qəsəbəsi
“mavi yanacaq”la təchiz edilmişdir. Hazırda
Liman şəhərində, Zövlə, Tükəvilə və
Ləj kəndlərinə qaz çəkilir. Qumbaşı və şirinsu kəndlərinin
qazlaşdırılmasına hazırlıq işləri
görülür. Ümumilikdə rayonun
62 yaşayış məntəqəsinin
qazlaşdırılması başa
çatdırılmışdır ki, bu da Lənkəranın
ərazisinin 84 faizi deməkdir.
Cari ildə Lənkəran şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı da müəyyən tədbirlər həyata keçirilmişdir. Xanbulan kəndində sutəmizləyici qurğu inşa edilmiş və 10 min kubmetr tutumu olan su anbarının tikintisi başa çatdırılmışdır. Lənkəran şəhərində 2,8 min p/m müxtəlif diametrli su xətləri çəkilmiş, “SMART” tipli 1230 su sayğacı quraşdırılmışdır. Kanalizasiya sistemində isə ümumilikdə 21 kilometr müxtəlif diametrli xətlər çəkilmiş, çoxmərtəbəli 30 yaşayış binasının daxili kanalizasiya xətləri təmir edilmişdir.
“IDEA” İctimai Birliyinin təşəbbüsünə qoşulan lənkəranlılar 2015-ci il mart ayının 1-dən 31-dək keçirilmiş yaşıllaşdırma aylığında fəal iştirak edərək rayonun bütün yaşayış məntəqələrində, idarə və təşkilatların ərazisində 38,8 min Eldar şamı, küknar, dəmirağacı, akasiya və xan çinar tingləri əkmişlər.
2015-ci ildə rayon məktəblərini bitirən məzunlardan 436 nəfəri müxtəlif ali məktəblərə qəbul olmuşdur. Qəbul imtahanlarında 51 nəfər 500-dən, 25 nəfər 600-dən yuxarı bal toplamışdır. Belə yüksək nəticənin əsas səbəblərindən biri təhsilin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən tədbirlərdir. Təhsildə cari ilin yaddaqalan hadisələrindən biri də Darquba kəndində yeni orta məktəb binasının tikilərək şagirdlərin istifadəsinə verilməsidir. Bundan əlavə, Lənkəran şəhərində 120 yerlik müasir tipli uşaq bağçası da inşa olunmuşdur.
Rayon məktəbliləri idman yarışlarında da uğurla çıxış edirlər. Lənkəran Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə yanvar ayında “Moskva Open-2015” beynəlxalq şahmat festivalında 2-ci yeri tutmuşdur. Ümumiyyətlə, rayon gəncləri idman və bədən tərbiyəsi ilə əlaqədar keçirilən yarış və olimpiadalarda fəal iştirak edirlər. Respublika üzrə keçirilən müxtəlif növ idman yarışlarında 19 nəfər birinci, 18 nəfər ikinci, 18 nəfər üçüncü yeri tutmuşdur. Lənkəranlı gənclər Vətəni qorumağı isə özlərinə ən böyük şərəf hesab edirlər.
Əhalinin profilaktik müayinələrə cəlb edilməsi də diqqət mərkəzində saxlanılmışdır. Ötən müddət ərzində 114,8 min nəfər tibbi müayinədən keçmiş, 314 nəfər Bakının müalicə ocaqlarına göndərilmişdir.
Hazırda rayonda mədəniyyət mərkəzi, dövlət teatrı, 4 muzey, 71 kitabxana və 75 klub fəaliyyət göstərir. Bu müəssisələr gənclərin asudə vaxtlarının səmərəli və mənalı keçməsi üçün vaxtaşırı müxtəlif tədbirlər keçirirlər. Mədəniyyət ocaqlarının əsaslı təmiri də unudulmur.
Onu da qeyd edək ki, turizm xidmətinin müasir tələblər səviyyəsində qurulması üçün Lənkəranın turizm obyektlərində müntəzəm monitorinqlər keçirilir. Cari ilin 9 ayında rayona gələn turistlərin sayı 10 minə yaxın olmuşdur.
Rayonda gənclər siyasəti də yüksək səviyyədədir. Gənclərlə əlaqədar 55 tədbir keçirilmiş və bu tədbirlərdə 3,3 min nəfər iştirak etmişdir.
Bütün bunlar cari ildə Lənkəranda görülən işlərin qısa xronikasıdır. Başqa sözlə desək, həyata keçirilən tədbirlər sayəsində bu cənub şəhəri 2015-ci ildə də inkişaf edib, daha da abadlaşmışdır.
Seyran CAVADOV,
Azərbaycan. - 2015.- 22 dekabr.- S.5.