Lahıcın misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

 

Əcnəbi qonaqlar füsunkar təbiətli Azərbaycanın hər bölgəsini cənnətməkan adlandırıblar. Bu da təbiidir, çünki Vətənimizin aranı da gözəldir, dağı da. O cümlədən, İsmayıllı rayonunun özünəməxsusluğu var.

Etnik rəngarənglik burada daha çox diqqəti cəlb edir. Respublikamızın digər bölgələrindən fərqli olaraq, bu yerlər daha çox müxtəlif azsaylı xalqların nümayəndələrinin və etnik qrupların beşiyidir. Azərbaycanlılarla bərabər ləzgilər, ruslar (malakanlar), ukraynalılar, yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar burada mehriban yaşayırlar. Məşhur İvanovka kəndinin də özəllikləri az deyil. Bir vaxtlar çar zülmündən baş götürüb qaçan malakanların davamçıları bu günkollektiv əməyi, kolxoz quruluşunu saxlayır. Əsrlərdir mehriban şəraitdə yaşayan azsaylı xalqların nümayəndələri öz qədim adət-ənənələrini və milli mədəniyyətlərini qoruyub saxlayırlar.

Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsi də nəinki ölkəmizdə, dünyada məşhurdur. Qədim sənətkarlıq mərkəzlərindən biri kimi tanınan Lahıcda misdən döymə üsulu ilə hazırlanan silahlarqablar hər yerdə həvəslə alınıb.

Lahıc bu gün də çoxsaylı sənət ocağı kimi tanınır və turistlərin marağına səbəb olan məkanlardan biri hesab olunur. Bu yerlərə təbiət öz səxavətini əsirgəməyib: dağlar əzəmətli, bağlar barlı, insanları vüqarlı, dəyanətli və səxavətli, bulaqları zümzüməli, oba-oymaqları gəzməlidir. Yüz illərin yadigarı olan Namazgah bulağının suyundan içməyinsə özgə ləzzəti var.

Təəssüf ki, bu qədim yurd yeri, dəfələrlə təbii fəlakətlərə məruz qalıb. Tarixini vərəqlədikcə heyran olmaya bilmirsən: Lahıc yeni Alban sülaləsinin əsasını qoymuş Mehran tərəfindən VI əsrin sonları, VII əsrin əvvəllərində tikilib. Manaf Süleymanov “Azərbaycan diyarı: Lahıc (etnoqrafik bədii lövhələr”) kitabında yazır ki, XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub: “Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar) və soyuq (xəncər, behbud, qılınc, bıçaq və s. ) silahları da yüksək sənətkarlıqla düzəltmişlər. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu. XIX əsrin birinci yarısında Lahıc ustalarının təcrübəsindən Rusiyanın İjevsk silah zavodunda istifadə edilmişdi”.

Ümumiyyətlə, Lahıcda 127 növ sənət (dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik, xalçaçılıq, bənnalıq və s.) növü olub. Bir sözlə, Azərbaycanda metalxalq sənətkarlığının inkişafında Lahıcın bu günxüsusi yeri var. Bu yerlər həm də maddi-mədəniyyət və tarixi abidələrlə zəngindir. Ona görə də Lahıc muzey-qoruğa çevriib. Lahıc həm ziyarət, həm də ticarət ünvanıdır. Qəsəbənin Bazar meydanı da daim səs-küylü olur. 100-dən artıq tarixi abidələrin qorunduğu Lahıc Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildən fəaliyyət göstərir və 80 hektar ərazini əhatə edir. Burada mühafizə olunan 5 məscid, 5 hamam, 2 körpü, 1 su dəyirmanı, 12 asma bulaq və XV əsrə aid daş kanallizasiya (kürəbənd) əsas abidələrdir.

Bu yurda istər hər tərəfin yaşıl dona büründüyü günlərdə gəl, istərsə xəzanında, yaxud örpəyə büründüyü vaxtlarda - oradan xoş xatirələrlə ayrılacaqsan. Çünki qədim mədəniyyət mərkəzi olan bu qəsəbədə həmişə gəzib-görməli, görüb-götürməli və yaxşı istirahət etməli ünvan az deyil. Təbiətin heyranedici guşələri ilə yanaşı, əsrləri arxada qoymuş tarixi-mədəni abidələr, daş döşənmiş küçələr, dəmirçi və misgər emalatxanalarından gələn çəkic səsləri qonaqlara unudulmaz anlar yaşadır. Sərhədi artıq Lahıca qovuşmuş Girdiman çayının haçansa bu yerdə gözəl bir şəhəri yuyub apararaq nağıla çevirməsi barədə söylənilən, dildə-ağızda gəzən, rəvayətə bənzər hadisələri eşidəndə isə təəssüflənməyə bilmirsən.

Bir sözlə, Lahıcın turizm mərkəzinə çevrilməsi üçün hər cür münbit, təbii şərait var. Özünəməxsus memarlıq üslubu və adət-ənənəsi olan “dağların daş nağılı” - Lahıcın məhəllələrini gəzib-dolaşdıqca onun qonaqpərvər insanlarının şücaətinə, doğma yurda sevgisinə heyran olursan. Ona görə də son illər respublikamıza gələn qonaq və turistlərin bir çoxu bu yurdu görməyə can atır. İqlimi də “qonaq-qaraya gəl-gəl deyir”, yayı sərin, qışı mülayim keçir.

2015-ci il Lahıc üçün düşərli hesab olunub. Qəsəbənin sənətkarlığı dünya mədəniyyəti sıralarında özünə yer tapıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm, eləcə də Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə ekspertlərin birgə əməkdaşlığı ilə “Lahıc misgərlik sənəti” faylı hazırlanaraq Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasına təqdim olunub. İclasda qeyd edilib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətdur. Həmçinin bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.

Yeri gəlmişkən, Lahıc misgərlik sənətindən başqa, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S.6.