Azərbaycan qadınları beynəlxalq layihələrdə fəal iştirak edirlər

 

Dekabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Koreya Respublikasının Sunqşin Qadınlar Universitetinin rektoru xanım Hwa-jin Shimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı H.Hüseynova bildirib ki, Azərbaycan qadınları ölkədə həyata keçirilən möhtəşəm layihələrdə fəal iştirak edirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində rolunun güclənməsi istiqamətində mühüm addımlar atılıb.

Bildirib ki, bu gün Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir.

Universitetin rektoru xanım Hwa-jin Shim Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, 1936-cı ildə təsis edilmiş Sunqşin Qadınlar Universiteti barədə ətraflı məlumat verib. Hwa-jin Shim yanvarın 17-də Qəbələ şəhərində keçiriləcək “İdman! Gözəllik! Həyat!” adlı beynəlxalq sərginin açılış mərasiminə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrini dəvət edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S. 7.