Azərbaycanın
iş adamları ilə görüş
Ölkəmizdə
rəsmi səfərdə olan Əfqanıstan İslam
Respublikasının Prezidenti Məhəmməd Əşrəf
Qani dekabrın 22-də Azərbaycanın iş adamları ilə
görüşüb.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.
Əfqanıstan Prezidenti Azərbaycanın iş adamları ilə görüşdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Əfqanıstan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Əfqanıstan-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
Prezident Məhəmməd Əşrəf Qani vurğulayıb ki, Əfqanıstan şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə layihələr həyata keçirmələri üçün böyük imkanlar var.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkələrimizin prezidentlərinin yüksək səviyyəli münasibətləri Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin daha da inkişafına şərait yaradır. Bu əlaqələr Azərbaycanda və Əfqanıstanda fəaliyyət göstərən şirkətlərin əməkdaşlığının genişlənməsi üçün yeni üfüqlər açır.
Nazir müavini bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması üçün çox yaxşı imkanlar mövcuddur. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığın iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Azərbaycanda fəaliyyət göstərən şirkətlər Əfqanıstanda müxtəlif layihələr həyata keçirməkdə də maraqlıdırlar.
Əfqanıstan Prezidentinə məlumat verilib ki, görüşdə Azərbaycanda sənaye və aqrar sənaye sahələri üzrə şirkətlərin nümayəndələri iştirak edirlər və həmin şirkətlərin fəaliyyət dairəsi çox genişdir.
Sonra Azərbaycanın iş adamları təmsil etdikləri şirkətlər
barədə təqdimatla çıxış ediblər.
AZƏRTAC
Azərbaycan. - 2015.- 23 dekabr.- S.2.