K.Smitin ermənipərəst təklifi, əslində, “907-ci düzəliş”in davamıdır

 

ABŞ Helsinki Komissiyası Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edib. Layihənin rəhbəri ermənipərəst konqresmen kimi tanınan Kristofer Smitdir. Erməni lobbisinin əlində alətə çevrilən K.Smitin belə bir layihə hazırlamasının təbii ki, məqsədi ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaqdan ibarətdir.

Öncə qeyd edək ki, K.Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə bacardığı qədər tədbirlər görən şəxsdir. Sözügedən “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır. K.Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır. Bu şəxs qondarma “soyqırımı”nın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilə düşür.

Bu səbəbdən də yayılan məlumat ölkəmizdə ciddi etiraza səbəb olub və hər kəs birmənalı olaraq bildirir ki, bu, antiazərbaycançı şəbəkənin növbəti məkrli niyyətidir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, Helsinki Komissiyası tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsi ABŞ-da olan erməni diasporununonlara bağlı olan müəyyən dairələrin növbəti antiazərbaycan addımıdır: “1992-ci ildə - Azərbaycan yeni müstəqillik qazananda ABŞ Konqresində məşhur “907-ci düzəliş” qəbul edilmişdiindi də yenidən cəhdlər var” - deyən deputat hesab edir ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuz qazanması görünür, ABŞ-da erməni dairələrini sakit buraxmır. Onun sözlərinə görə, indiki halda bu qərarın qəbul edilməsi inandırıcı deyil. Çünki Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil: “K.Smit “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biri, ardıcıl olaraq Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir. ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın “Twitter” səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür. K.Smitin Azərbaycana “demokratiya qayğısının” arxasında ölkəmiz haqqında “antidemokratikimic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır”.

Milli Məclisin deputatı Rasim Musabəyov isə qəzetimizə açıqlamasında bildirdi ki, bu, tamamilə səhv təşəbbüsdür: “Kristofer Smit Azərbaycan-ABŞ əlaqələrinə xələl gətirə biləcək bir sənəd hazırlayıb. Guya, Smitin Azərbaycanda həbsdə olan insanlara canı yanır? Təbii ki, yox. Bu, yalnız durumdan istifadə halıdır. Çünki bu şəxs yaxşı bilir ki, Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanaraq hər ilin sonunda əfv sərəncamı imzalayır. Ona görə də belə bir sənədi indidən hazırlayıb ki, əfv sərəncamı verildikdən sonra hazırladığı sənədin “nəticəsi” kimi təqdim etsin. Ona görə də özü üçün xal qazanmaq istəyən Smitin arzusu reallaşmaya bilər”. Deputat deyir ki, belə bir sənəd hazırlayıb ortalığa düşmək yalnız Azərbaycan hökumətini qıcıqlandırmaq məqsədi daşıyır. ABŞ siyasətinə Dövlət Departamenti, Pentaqon, Energetika Nazirliyi kimi qurumlar təsir göstərə bilər. Onlar isə anlayırlar ki, ABŞ-ın Azərbaycanla əlaqələrinin pozulması heç də yaxşı hal deyil. Ona görə də düşünmürəm ki, ABŞ bu münasibətləri kiminsə xeyrinə qurban versin”. Deputat deyir ki, K.Smit açıq-aşkar erməni lobbisinin əlində alətə çevrilən siyasətçidir. ABŞ-da da bunu hər kəs yaxşı anlayır. Smit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ərəfəsində fəallığa keçməsi onların qərəzinin göstəricisidir. Lakin qeyd edilməlidir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə K.Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz.

Milli Məclisin deputatı Asim Mollazadə də hesab edir ki, Azərbaycana qarşı atılan bu addım vaxtı ilə tətbiq edilən “907-ci düzəliş”in davamıdır: “Bu, bəlkə də elə həmin sənəddən qaynaqlanan bir addımdır. Təbii ki, bu sənəd təkcə Azərbaycana deyil, elə Amerikanın özünə də böyük xələl gətirə bilər. Bu, ABŞ-ın öz maraqlarına xidmət etməyən, ona qarşı çıxan qüvvələrin işidir. Burada əsas mahiyyət Qarabağdır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həqiqətlərini ört-basdır etməkdir”.

Asim Mollazadə sənəddə sadalanan arqumentlərin bəhanə olduğunu bildirərək Senatda qəbul olunacağı təqdirdə onun nəticələrinin heç də yaxşı olmayacağını vurğulayıb: “Sənəddə göstərilir ki, guya Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür. Ancaq sənəddəki bu arqumentlər bəhanədir. Sənəd ABŞ Senatında qəbul olunarsa, bu, Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin qarşısını ala, həmçinin ABŞ üçünçox böyük iqtisadi, siyasi fəsadlara yol aça bilər. Çox haqsız və ədalətsiz sənəddir”.

Milli Məclisin deputatı Musa Quliyev də qəzetimizə açıqlamasında bildirdi ki, Helsinki Komissiyasının ABŞ Konqresinə təqdim etdiyi layihə tam ədalətsiz və qərəzlidir. Eyni zamanda, bu, Azərbaycan-ABŞ əlaqələrinə kəskin şəkildə təsir edə biləcək bir sənəddir: “Belə bir layihənin ortaya çıxmasında təbii ki, antiazərbaycançı qüvvələrin əli var. Erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Kristofer Smitin hazırladığı sənədin ABŞ Konqresində qəbul ediləcəyi inandırıcı görünmür”.

Deputat hesab edir ki, Azərbaycan Birləşmiş Ştatlarla əlaqələrin pozulmasında maraqlı deyil. Bu münasibətlərə K.Smitin Konqresə seçilmək maraqları baxımından yanaşılacağı və ya erməni lobbisinin tələblərinə cavab vermək naminə yenidən nəzərdən keçiriləcəyi təqdirdə itirən tərəfin Azərbaycan olmayacağı ABŞ-da siyasi dairələrə bəllidir, Azərbaycana səfər etmiş yüksək çinli ABŞ rəsmiləri ölkəmizin beynəlxalq və regional təhlükəsizliyinin təminində, əməkdaşlığın inkişafında, bölgədə davamlı sülhün qorunmasında rolunu həmişə xüsusi qeyd etmişlər.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2015.- 23 dekabr.- S.5.