Azərbaycan-İran
əlaqələrinin inkişafı perspektivləri müzakirə
edilib
İran
İslam Respublikasının paytaxtı Tehran şəhərində
Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə Dövlət
Komissiyasının 10-cu iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyətləri iştirak edib.
İclasda çıxış edən Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərindən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır.
Azərbaycan və İran
arasında iqtisadi əlaqələrin
inkişafında Dövlət Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev
Komissiyanın 9-cu iclasından ötən dövr
ərzində görülmüş
işlər barədə məlumat verib. Qeyd edilib ki, Komissiyanın sonuncu iclasından sonra
50-yə yaxın qarşılıqlı səfər həyata
keçirilib, 20-dən çox
sənəd imzalanıb. İndiyədək isə iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi
sahədə 30-dan çox sənəd
imzalanıb. Azərbaycanda iqtisadiyyatın
müxtəlif sahələrində 450-dən çox
İran investisiyalı şirkət fəaliyyət
göstərir. İran
tərəfindən Azərbaycanda
əsas kapitala 760 milyon dollar, qeyri-neft sektoruna isə 145 milyon dollar investisiya yatırılıb. İran
Azərbaycanın əsas
ticarət tərəfdaşlarındandır.
Bu ilin oktyabrında
Azərbaycanın və
İranın Astara şəhərlərində keçirilmiş
görüşlər zamanı
Şimal-Cənub nəqliyyat
dəhlizinə və
qarşılıqlı maraq
doğuran digər məsələlərə dair
razılıqlar əldə
olunub, dəhlizin Astara (Azərbaycan)–Astara (İran) hissələrinə baxış
keçirilib. Hər iki ölkənin dəstəklədiyi Şimal-Cənub
nəqliyyat dəhlizi
ilə bağlı işlərin davam etdirildiyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 7
dekabr 2015-ci il tarixli "Şimal-Cənub"
Beynəlxalq Nəqliyyat
Dəhlizinin Azərbaycan
Respublikasının ərazisindən
keçən hissəsində
işlərin sürətləndirilməsi
haqqında" Sərəncamının
Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə
əlaqələndirilməsi və bu sahədə
görülən işlərin
sürətləndirilməsi baxımından vacibliyini vurğulayıb. Birinci mərhələdə Azərbaycan Astarasından
İran sərhədinə
kimi 8 kilometrlik dəmir yolu xətti çəkiləcək,
uzunluğu 100 metr olan körpü tikiləcək. Bütün bunlar
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
inkişafına, yüklərin
asan daşınmasına
şərait yaradacaq.
Nazir Şahin Mustafayev qeyd edib ki, tranzit
yüklərin Azərbaycan
üzərindən daşınması
daha səmərəlidir
və bu sahədə Prezident İlham Əliyevin Fərmanı ilə Tranzit Yükdaşımalar
üzrə Koordinasiya Şurası yaradılıb,
prosedurların sadələşdirilməsi
istiqamətində tədbirlər
həyata keçirilir.
Koordinasiya Şurası bu
sahədəki bütün
məsələləri öyrənərək,
onların qısa zamanda aradan qaldırılmasına nail olacaq.
Komissiyanın sonuncu iclasından
sonra Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə fəaliyyət göstərən
işçi qruplarının
əlaqələri intensivləşib, iş adamları arasında əməkdaşlığın
genişləndirilməsi məqsədilə
10-a yaxın biznes
forum, işgüzar görüş
və sərgi təşkil edilib.
Humanitar
sahədə də əlaqələrimiz genişlənir,
Azərbaycanın və
İranın ali təhsil müəssisələri arasında
əməkdaşlıq davam
etdirilir.
Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə
gəlincə, nazir Şahin Mustafayev qeyd edib ki,
kənd təsərrüfatı,
sənaye, nəqliyyat,
tranzit yükdaşımaları,
turizm sahələri ölkələrimiz arasında
əlaqələrin genişləndirilməsi
baxımından geniş
potensiala malikdir. Bundan başqa,
Azərbaycanda yaradılmaqda
olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti
üçün əlverişli
imkanlar mövcuddur.
İran
İslam Respublikasının
rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri
Mahmud Vaezi ölkəsinin
Azərbaycanla əlaqələrin
genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan Respublikası Prezidentinin İrana və İran İslam Respublikasının Prezidentinin
Azərbaycana rəsmi
səfərlərindən sonra
ölkələrimiz arasında
əlaqələrin daha
da inkişaf etdiyini diqqətə çatdırıb. Qısa müddət
ərzində ölkələrimiz
arasında əməkdaşlığın
genişlənməsi üçün
bir sıra işlərin görüldüyünü
deyən Mahmud Vaezi Dövlət Komissiyasının
iclasının da ölkələrimiz arasında
münasibətlərin inkişafında
əhəmiyyətli olacağını
qeyd edib. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan
və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar,
turizm və ticarət əlaqələrinin
genişlənməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün
böyük potensialın
olduğunu və mövcud imkanlardan səmərəli istifadənin
Azərbaycan və İran arasında əməkdaşlığın inkişafında faydalı
olacağını diqqətə
çatdıran iranlı
nazir iqtisadi əlaqələrin inkişaf
istiqamətləri barədə
fikirlərini bildirib.
Qeyd olunub ki, Naxçıvan
Muxtar Respublikası ilə İran arasındakı Culfa (İran) - Culfa (Azərbaycan) gömrük-keçid
məntəqəsi 24 saat
fəaliyyət göstərir.
İran Azərbaycanla
olan bütün gömrük-keçid məntəqələrinin
24 saatlıq iş rejiminə keçməsini
istəyir. Mahmud Vaezi iş adamları arasında əlaqələrin
genişləndirilməsinin və qarşılıqlı
investisiya qoyuluşunun
da əməkdaşlığın
inkişafı baxımından
əhəmiyyətini vurğulayıb.
İclasda iqtisadiyyatın ayrı-ayrı
sahələri üzrə
Azərbaycan-İran əməkdaşlığının
inkişafına dair müzakirələr aparılıb. Qeyd olunub ki, ölkələrimiz
arasında ikitərəfli
və tranzit yükdaşımalarının artırılması üçün
Şimal-Cənub nəqliyyat
dəhlizinin təkmilləşdirilməsi
sahəsində görülən
işlər, o cümlədən
Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinə,
dəmir yolu körpüsünün və
yükaşırma terminalının
tikintisi, eləcə də Astara və Biləsuvar sərhəd-keçid məntəqəsinin
24 saatlıq iş rejiminə keçirilməsi
işləri sürətləndiriləcək.
Dövlət Komissiyası çərçivəsində
Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif
sahələrində müzakirələrin
aparılması məqsədilə
daimi əsasda işçi qruplarının
yaradılması barədə
razılıq əldə
edilib. İclasda, həmçinin Azərbaycan və İranın Xəzər limanlarının və gəmiçilik şirkətlərinin
iştirakı ilə
tranzit daşımaları
sahəsində əməkdaşlığın
genişləndirilməsi imkanları
müzakirə edilib və razılıq əldə olunub. Bundan başqa, iclasda İran məhsullarının
Azərbaycan üzərindən
dünya bazarına çıxarılmasının mümkünlüyünə dair
müzakirələr aparılıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının 10-cu iclasının
yekunlarına dair Protokol imzalanıb. Sənədi Dövlət Komissiyasının
həmsədrləri - Azərbaycan
Respublikasının iqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Mahmud Vaezi imzalayıblar.
Sənəddə sənaye, energetika,
kənd təsərrüfatı,
meliorasiya və su təsərrüfatı,
nəqliyyat, rabitə
və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, humanitar və digər sahələrdə
əməkdaşlığın inkişafı, əlaqələrin
genişləndirilməsi nəzərdə
tutulur.
Sonra Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri
Şahin Mustafayev və
İranın rabitə və informasiya
texnologiyaları naziri Mahmud
Vaezi KİV nümayəndələrinin
suallarını cavablandırıblar.
Azərbaycan. - 2015.- 23 dekabr.- S.5.