Yox ikən var olan insan
Həyatın bir çox düşündürən olayları
var. Yaşayarkən gözə
dəyməyən, varlığı
ilə yoxluğu arasında fərq olmayan adamlara da rast gəlirik. Amalla yaşayan,
tutduğu yola, həyatını həsr
etdiyi işə axıradək sadiq qalan, xalqına, vətəninə xidmət
edən, ətrafındakı
insanlara gərəkli
olanlar da çoxdur. Belələri
dünyasını dəyişəndən
sonra da bizimlə olurlar - qəlbimizdə, xatirələrimizdə
yaşayırlar - Nazim
Hüseynov kimi...
Onun haqqında
yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona
görə ki, rastlaşdığım insanlar
arasında Nazim qədər sadə, ürəyitəmiz insan tanımırdım. Çətindir ona görə ki, onun haqqında
yazmaq üçün
elə ona layiq də söz
deməlisən. Böyük qəlbə
malik insan idi. Başqa sözlə, insanlığın
yüksək zirvəsində
dayanmışdı.
Sufilikdə dörd mərhələ
var: şəriət,
təriqət, mərifət,
həqiqət. Həqiqətə keçmək üçün
yüksək mərifət
sahibi olmalısan.
Bax, Nazim bu cür
mərifətə sahib idi.
O, bəlkə də həqiqət mərhələsində
idi. Bunu özü də hiss etmirdi.
Onun öz daxili dünyası vardı və o daxili aləmində Şah Xətai şahlıq edirdi. Sözün
əsl mənasında,
canından da artıq sevdiyi Şah Xətai... Yığıncaqlarda Şah Xətai
ilə bağlı çıxışlar edirdi.
Onun zəkasına, ağlına
çoxları heyran qalmışdı.
Çevrəsindəki insanlar onu həm
də Şah Xətai fəlsəfəsini
tədqiq etdiyi üçün sevirdilər. Bizi bir-birimizə
yaxınlaşdıran da
Şah Xətai oldu. Tanış olduğumuz gündən
tez-tez görüşməyə
başladıq. Günümüzün əksər vaxtını
kitabxanalarda keçirirdik.
Onu sanki yenidən kəşf edirdim. Bu insan Səfəvilər
dövrünə dair
bütün mənbə
və ədəbiyyatları
əzbər bilirdi.
Fars, ərəb, ingilis dillərində olan kitabları asanlıqla oxuyurdu. Bu kitabları tapmaq
onun üçün çətin deyildi.
Daim mənə yardım edirdi. Onunla işləmək asan və maraqlı
idi.
Fəlsəfəni də dərindən bilirdi. Orta əsr filosofları
sevimlisi idi. Aristotelə yaxından bələd idi. Peripatek fəlsəfənin gizlinlərini danışırdı.
Orta əsr təriqətlərini necə
də güclü öyrənmişdi! Ensiklopedik biliyə
malik alim Qızılbaşlığı da öyrənib mənimsəmişdi. Qızılbaşlığın əsaslarını məhz ondan öyrəndim.
Hər il iyulun
17-ni intizarla gözləyirdik.
Bilirdik ki, Nazim mütləq
Şah Xətainin yubileyini təntənəli
qeyd edəcək.
Təxminən 20 nəfərdən çox xətaisevər dostlarını bir məclisə toplayardı.
Elə olurdu ki, ildə
iki dəfə tədbir keçirirdik.
Yəni Şah Xətainin Təbrizə daxil olmasını da bayram edirdik. Bütün tədbirlərdə sonda özü çıxış
edərdi. O qədər
səlis və maraqlı danışardı
ki, hamı həyəcanla qulaq asardı. Heç yadımdan çıxmaz.
Bir dəfə “Sultan Səlim-Şah
Xətai” beynəlxalq
elmi konfransı keçirilirdi. Azərbaycan-Türkiyə Evi (ATEV) təşkilatının
rəhbəriyi ilə
düzənlənmiş konfransa
qardaş Türkiyədən
də çoxlu nümayəndələr gəlmişdi.
Nazim sonda çıxış
etdi. Ona qədər iştirakçılar
yorulmuşdu. O, çıxış
edəndə sanki hamı yuxudan ayıldı. Şah Xətainin yazdığı
divandan, şeirlərdən
parçalar söyləyir
və onların fəlsəfi baxımından
izahını verirdi.
Türkiyədən gələn elm adamlarını
heyran qoymuşdu.
Alim “Şah
Xətai” adlı jurnal da buraxırdı. Təsisçiliyi özü edirdi. Jurnalda Səfəvilər dövrünü
tədqiq edənlərin
məqalələri nəşr
olunurdu.
Riyaziyyatın da bilicisi idi. Çünki riyaziyyatçı olmuşdu. Bir sözlə, hərtərəfli istedada malik idi. Tək-tək insan olur ki, dini və dünyəvi elmləri eyni dərəcədə bilsin. Nazim belələrindən idi.
Mütaliə etməkdən yorulmazdı. Səfəvilərlə bağlı bütün kitabları oxumuşdu. Hansı kitabı deyirdinsə, ondan xəbərdar idi. Bununla belə, heç zaman özünü yüksək tutmurdu. Özünə bu barədə deyəndə cavab verirdi ki, adi maraq göstərən insanam. Amma o, adi maraq göstərən insan deyildi. Əsl mütəxəssis idi. Yadımdadır ki, bir məqaləsini ingilis dilində yazıb Kembric Universitetinə göndərmişdi. Oradan cavab gəlmişdi ki, aktual mövzuya toxunmusunuz, doğru nəticələr ortaya qoymusunuz. Bu, çox böyük bir uğur idi. Deməli, Kembric alimlərini belə maraqlandıra bilmişdi.
Bir gün dedi ki, gəl “Şah Xətai” elmi mərkəzini yaradaq. Yaratdıq da.... O, elmi mərkəzin təsisçisi oldu, mən də baş direktor... Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə gedib-gəldi. Akademiyanın prezidenti ilə görüşdü. Nəhayət, bizə qrup kimi fəaliyyət göstərməyə icazə verdilər. Necə sevinirdi... Axı, Şah Xətainin adını da əbədiləşdirirdi.
Onun yüksək elmi potensialı var idi. Yorulmaq bilmirdi. Həm də Bakı Dövlət Universitetində fəlsəfədən mühazirələr oxuyurdu. Mühazirələrinin hazırlanmasının birbaşa şahidiyəm. Mühazirələrini hazırlayanda nə qədər ədəbiyyatlardan istifadə edirdi. Daha çox xarici ədəbiyyata müraciət edir və onları bizim nəşrlərlə müqayisə edirdi. Bəzən ona deyirdim ki, özünə bu qədər əziyyət vermə. Razılaşmırdı. Deyirdi ki, tələbəyə yeni nəsə vermək lazımdır. Ona görə də tələbələri onu çox sevirdilər.
Xətaiyə olan sevgisi o qədər böyük idi ki, ondan sonra gələn Səfəvi hökmdarlarını da yüksək məqamda görürdü. Allaha, peyğəmbərlərə, əhli-beytə, raşidi xəlifələrə, sahabəyə böyük hörməti var idi. Onlar haqqında az danışar, yalnız məqamı gələndə barələrində söhbət açardı. Deyərdi ki, biz kimik ki, onlar haqqında danışaq. Allah göstərməsin, birdən səhvə yol verərik. Nazim belə alim idi!
Nazim böyük bir nəslin nümayəndəsi idi. Böyük şəcərəsi var idi. Ata-babaları Minnəti şeyxlərindən olub. Bu olduqca müqəddəs bir tituldur. Minnəti şeyxləri Azərbaycan dövlətçiliyində böyük rol oynamış sufilər idilər. Onlar heç bir zaman ədalətsizliklərlə barışmamışdılar. Minnəti şeyxlərinin XX əsrin əvvəllərində verdikləri müridlər Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirak etmiş, erməni qatillərinə qarşı Naxçıvanda və Qarabağda vuruşmuşdular. Bəzi Minnəti şeyxləri döyüş komandirləri olmuşlar. Nazim belə bir nəslin nümayəndəsi idi!
Nazimi başa düşmək üçün onun dünyasını bilmək lazım idi. İmanı olmayandan mürid olmaz. Mürid olmasan, Nazimin dünyasının qapısını aça bilməzsən. Amma zaman gələcək və Nazimin dünyasını araşdıranlar onun necə böyük alim olduğunu ortaya qoyacaqlar.
Onu sevənlərin qəlbində özünə əbədi yuva qurub Nazim! Özü həyatda olmaya-olmaya ürəklərdə və əməllərdə yaşayan, bu dünyada hər an yeri görünənlər necə də xoşbəxtdirlər!..
Dilavər
ƏZİMLİ,
tarix üzrə fəlsəfə doktoru
Azərbaycan. - 2015.- 23 dekabr.- S.7.