Azərbaycanı
dünyada artıq İlham
Əliyevə görə tanıyırlar
Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar.
İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha çox idi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sanki həyat dəyişdi. Mən həmin zaman Daxili İşlər Nazirliyinin əməkdaşı kimi Dağlıq Qarabağ uğrunda gedən müharibənin iştirakçısı idim. Bir polis əməkdaşı kimi Vətənə xidmət göstərməklə fəxr hissi keçirirdim. Amma həmin zaman milli ordumuzun olmaması, döyüşlərin plansız həyata keçirilməsi mərd oğullarımızın və tarixi torpaqlarımızın itkisi ilə nəticələndi. Həmin zaman hər kəs ürəklə Vətən uğrunda mübarizə aparırdı. Amma bu oğulları, pərən-pərən düşmüş dəstələri bir mərkəzdə birləşdirə biləcək sərkərdə yox idi. Dahi liderin hakimiyyətə qayıdışı isə bu acınacaqlı duruma son qoydu. Milli Ordumuz formalaşdı və mən bu gün fəxr edirəm ki, Qarabağ müharibəsi iştirakçısı və veteranıyam.
Bəli, ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi və sosial durum kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək vəzifələr müəyyənləşdirildi. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün bütün imkanları yaratmışdır. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Dahi şəxsiyyət Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Bunun nəticəsi kimi idman nailiyyətlərinin qazanılması istiqamətində yaranmış müəyyən boşluqdan sonra 1994-cü ildə Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 gümüş və 22 bürünc medal əldə etdilər.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə bəhrəsini verməyə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz müsbət nəticələrini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli Olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
Bu gün isə hər şey göz önündədir. Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın adı dünyanın inkışaf etmiş ölkələri sırasında çəkilir. Bunu adi bir misalla təsdiq edə bilərəm. Azərbaycanın beynəlxalq dərəcəli hakimi kimi iştirak etdiyim konfranslarda, forumlarda, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda əcnəbi idman mütəxəssisləri ilə söhbət edərkən onlar Prezident İlham Əliyevin həm yürütdüyü siyasətdən, həm də idman sahəsində həyata keçirdiyi uğurlu işlərdən söz açırlar. Bu günlərdə Dünya Güləş Birliyinin Soçidə güləş hakimləri üçün təşkil etdiyi seminar-imtahanda da bu hal bir daha təkrarlandı. Hər kəs Azərbaycanda keçirilən Avropa Oyunlarından bəhs edirdi. Hakimlər hələ də həmin günləri xatırlayıb I Avropa Oyunlarını tayı-bərabəri olmayan yarış adlandırdılar. Səsləndirdikləri fikirlərdən qürurlanırsan və həmin zaman hiss edirsən ki, bu gün dövlətimizi dünyada tək neft ölkəsi kimi deyil, həm də İlham Əliyevə görə tanıyırlar. Fəxrlə deyə bilərik ki, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına Azərbaycan evsahibliyi etməklə onun modelini formalaşdırdı. Bununla, Azərbaycan təkcə Avropa Oyunları yox, qolbal miqyaslı idman oyunlarının yeni təşkilatçılıq modelini yaratdı. Bu modeldən hər kəs yararlana bilər.
Hər bir ölkənin inkişafında, dünyada söz sahibinə çevrilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur. Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar həmin ölkənin sürətli inkişafını şərtləndirən amillərdən sayılır. Belə siyasi liderlərdən biri də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən dövlət kimi tanıyır. Mən də bir Azərbaycan oğlu kimi fəxarət hissi keçirirəm ki, bu gün cənab İlham Əliyevin rəhbəri olduğu dövlətdə həm idman mütəxəssisi, həm də hüquq-mühafizə orqanlarının əməkdaşı kimi çalışıram. Güləş məllimi kimi yetişdirdiyim idmançılar dəfələrlə beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək mövqeyində dayanıb Azərbaycan bayrağını dalğalandırıblar.
Ədalət təmsilçisi kimi çıxış etdiyim “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında dövlət başçısının idmançılarımıza göstərdiyi dəstəyin canlı şahidi olmuşam. Qürurla deyə bilərəm ki, Preizdent İlham Əliyevin yarışlardan öncə idmançılarımıza mənəvi dəstək verməsi, onların mübarizəsinə həyəcanla azarkeşlik etməsi, görüşlərdən sonra qaliblərin əlini sıxıb təbrik etməsi, məğlub olanlara isə təskinlik verməsi sanki bir atalıq qayğısını təcəssüm etdirirdi. Bu da idmançılarımıza növbəti yarışlarda daha yüksək nəticələrin əldə edilməsi üçün mənəvi stimul verirdi.
Beynəlxalq dərəcəli güləş hakimi kimi dəfələrlə Olimpiya, dünya və Avropa çempionatlarında, digər beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib, ən ədalətli hakim adını qazanmışam. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında güləş yarışlarını idarə edən ən yaxşı hakim seçilib “Qızıl fit” mükafatına layiq görülmüşəm. Bu uğurlarıma görə isə Prezident İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılmışam. Dövlət başçımız məni Bakı şəhərində 3 otaqlı mənzillə təmin edib. Prezident İlham Əliyev mənə “Şöhrət” ordenini, “Tərəqqi” medalını, Azərbaycan Prezidentinin fəxri diplomunu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” mükafatlarını şəxsən təqdim edib. Bundan böyük fəxr, sevinc hissi olarmı?!
Ölkənin ən ali təltiflərinin qalibi, həmçinin “Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, əməkdar məşqçi kimi qazandığım bütün uğurları Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı sayəsində əldə etmişəm. Hakim kimi qatıldığım beynəlxalq turnirlərdə Azərbaycanın daim yüksəlişdə olan nüfuzunu artırmaq üçün hər bir qərarımda ədalətli və diqqətli olmuşam. Qarşıdan Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir və Azərbaycan bu beynəlxalq turnirə ciddi hazırlıq görür. Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli güləş hakimi kimi mən də bu Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəm. Təbii ki, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlib Azərbaycanın adını uca tutmaq üçün bütün potensialımla çalışacam. Çünki bu, həm də möhtərəm İlham Əliyevin qarşısında bir vətəndaş öhdəliyimdir.
Söylənilən bütün faktlara, fikirlərə əsasən əminliklə demək olar ki, qazandıqları uğurlar Azərbaycanda idmanın inkişafı, idmançılara, onları yetişdirən məşqçilərə, hakimlərə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz də beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlətimizə başucalığı gətirmək üçün əllərindən gələni əsirgəmirlər.
Bu gün mən Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm. Çünki dünyada ciddi böhranların, münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə cənab
İlham Əliyev yürütdüyü qətiyyətli siyasətlə Azərbaycanı sabitlik adasına çevirib. Ona görə də tam əminliklə deyə bilərəm ki, cənab İlham Əliyev həm Azərbaycan idmanının böyük hamisi, həm də dünya siyasi arenasında öz sözü və xüsusi çəkisi olan böyük siyasi xadimdir.
Hicran ŞƏRİFOV,
“Şöhrət”
ordenli, Olimpiya
kateqoriyalı beynəlxalq dərəcəli hakim,
əməkdar məşqçi,
Prezidentin fəxri diplomçusu
Azərbaycan. - 2015.- 24 dekabr.- S. 7.