Gənclik öz dövləti və lideri ətrafında sıx birləşib

 

Bugünkü gənclər - müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır”.

İlham ƏLİYEV

 

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarqürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmışdır.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir. Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir. Müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan nailiyyətlər hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən əsas meyarlardandır. Reallığı və gerçəkliyi nəzərə alan Prezident İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik təbəqə kimi gənclərin ehtiyaclarının tam ödənilməsi məsələsi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Ölkəmizdə gənclər siyasəti onların hərtərəfli inkişafını, cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu siyasət çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, həyatın bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elmidman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. İctimai-siyasi proseslərdə fəallıq göstərən Azərbaycan gəncliyi dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edir. Gənclərlə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən “Gənclər evi” xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsinin genişləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün yeni imkanlar yaradıb.

Əlbəttə, bütün bunlar ondan irəli gəlir ki, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər müntəzəm xarakter daşımış, onların təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclərin göstərdiyi təşəbbüslər isə daim nümunəyə çevrilmişdir.

Bu il iyunun 12-dən 28-dək Bakıda keçirilmiş I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki nitqində Prezident İlham Əliyev Azərbaycan gəncliyinə daha böyük minnətdarlıq ifadə etmişdir: “Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar”.

Bir sözlə, Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər. Biz hər gün, hər addımda şahid oluruq ki, “Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşmişdir” - deyimi həqiqətən, günün reallığıdır.

 

Amil CAVADOV,

YAP Gənclər Birliyinin şura üzvü

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S. 7.