Ali Baş Komandanın azad edəcəyi Cıdır düzündə Qarabağ şikəstəsini səsləndirəcəyimiz gün uzaqda deyil

 

Mən ilk növbədə təmsil olunduğum sahənin - mədəniyyətin, muğamın inkişafından danışmaq istəyirəm. Hər birimiz bilirik ki, 1993-cü ilə qədər Azərbaycan muğamı nə bəlalar çəkib. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos, özbaşınalıq, başqa sahələr kimi, mədəniyyət sahəsinə, xüsusilə də muğamımıza ciddi təsir etdi. Bu illərdə ifaçılar çalışırdılar ki, muğamı öz gücləri ilə yaşatsınlar. Ancaq min illərdən süzülüb gələn bu sənəti xüsusi diqqət olmadan qoruyub saxlamaq çətin idi. Tək-tək tədbirlərdə, ara-sıra məclislərdə yada düşərdi. Demək olar ki, tamamilə kənara atılmışdı. Heç efirlərdə də ona yer verilmir, bayağı musiqilər isə at oynadırdı. Açığı bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı olmasaydı, onun dirçəlişindən danışmağa dəyməzdi. Şükürlər olsun ki, inamımız qırılmadı, Allah muğamın yenidən necə inkişaf etdiyini görmək səadətini bizə nəsib etdi. Özü də müstəqil Azərbaycan dövlətində bunun canlı şahidi olduq...

1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlət yenidən qurulmağa başladı. Respublikada hər sahədə inkişaf gedirdi. Ən çox diqqət ayrılan sahələrdən biri humanitar sahə idi. Xüsusilə mədəniyyət xadimlərinə, muğam ifaçılarına geniş meydan verildi, onlar dövlət tərəfindən dəstəkləndi. Ulu öndər bu sahənin nümayəndələri ilə tez-tez görüşür, sənət adamlarının işini, fəaliyyətini layiqincə dəyərləndirirdi. Onlara fəxri adların verilməsi, maddi vəziyyətlərinin yaxşılaşdırılması ilə mədəniyyətin bütün istiqamətlərinə, o cümlədən muğama yeni həyat verildi. Bundan sonra xalq ifaçıları, sənət adamları yada düşməyə, tez-tez müxtəlif tədbirlərdə, ayrı-ayrı verilişlərdə görünməyə başladılar.

Ulu öndərin mədəniyyət işçiləri ilə görüşü, onlara xüsusi qayğı göstərməsi, dəstəkləməsi öz bəhrəsini verirdi. Bu kimi tədbirlərdə gələcək Prezident İlham Əliyev iştirak edirdi. Elə həmin dövrdən o, ifaçıların, sənətkarların məhəbbətini qazanmağa başladı. Təsadüfi deyil ki, ulu öndərin sənətə, sənət adamlarına olan sevgisini, münasibətini sonradan Prezident İlham Əliyevdə də gördük.

2003-cü ildə xalqın dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, cənab İlham Əliyev başqa sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ulu öndərin ideyalarını uğurla davam etdirdi, tövsiyələrini layiqincə yerinə yetirdi. O vaxtdan Azərbaycan mədəniyyətində, incəsənətində yeni bir mərhələ başladı: teatrlar təmir edildi, bəziləri yenidən inşa olundu, konsert zalları, muğam mərkəzləri istifadəyə verildi. Ölkə başçısı özü birbaşa bu sahəyə rəhbərlik etməyə başladı. Hər bir mədəniyyət xadimi, muğam ifaçısı diqqətdə saxlanıldı, onun sənəti dəyərləndirildi.

İlk dəfə 2005-ci ildə Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə silsilə muğam axşamları keçirilməyə başladı. Təsəvvür edin ki, işin çoxluğuna baxmayaraq ölkə başçısı xanımı Mehriban Əliyeva və digər rəsmi şəxslərlə gəlib həmin muğam tədbirlərini həvəslə seyr edirdi. Bir dəfə belə tədbirlərin birində mən ilk dəfə 40 dəqiqə mikrofonsuzRast dəstgahı”nı oxudumbu, orada olan hər kəsin, xüsusilə cənab Prezidentin diqqətini cəlb etdi.

Bir cəhəti qeyd edim ki, hansı tədbirdə ölkə başçısı iştirak edərdisə, o, birinci növbədə özü mədəniyyət xadimləri ilə görüşər, bütün dövlət qurumlarına, məmurlara da göstəriş verərdi ki, bu sahədə çalışan insanlara qarşı diqqətli olsunlar. Belə güclü təbliğat, xüsusi qayğı muğamı yenidən ayağa qaldırdı. Hətta muğamı anlamayanlarya qəbul eləmək istəməyənlər də var idi. Cənab Prezidentin dəstəyindən sonra hər kəs başa düşdü ki, milli-mənəvi dəyərlərimizə, öz kökümüzə, mədəniyyətimizə, muğamımıza dəyər vermək, onu yaşatmaq lazımdır. Bununla da xalq sənətinə baxış dəyişdi, hamı muğamı sevməyə başladı. Artıq o vaxtdan nəinki ayrı-ayrı tədbirləri, hətta toyları belə muğamsız, xalq musiqisisiz təsəvvür etmək mümkün deyil. Əvvəllər muğamı yaxın qoymayan televiziya kanalları da ona xüsusi diqqət ayırmağa başladı.

2005-ci ildə televiziya-muğam müsabiqələrinin başlanması da elə bu diqqətin nəticəsi idi. Son 10 ildə 5 belə müsabiqə keçirilib. Hər birində 20 nəfər olmaqla 100 nəfər ifaçı seçilərək sənətə gəlib. Məncə bu, qısa bir zaman üçün çox gözəl göstəricidir. İndiyə qədər heç bir dövrdə bu qədər ifaçı kütləvi şəkildə muğam sənətinə gəlməyib. Bu müsabiqələr yeni sənətçilər yetişdirməkdən, seçib üzə çıxarmaqdan əlavə, muğamın təbliğində, öyrənilməsində və gənclərin bu sahədə maariflənməsində əvəzsiz məktəb oldu. Muğamın inkişafı həmin müsabiqələr zamanı bütün dünyada izlənilirdi. Təsadüfi deyil ki, son 10 ildə dünyanın bütün qitələrində, demək olar ki, əksər ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilib. Əvvəllər, ümumiyyətlə, ifaçılarımızın qrup şəklində hansısa ölkəyə getməsi nadir hadisə idi. Bu gün isə istər gənc, istər orta və yaşlı nəsil sənətçilər, fərqi yoxdur, hər birisi öz sənətini asanlıqla nümayiş etdirə bilərlər. Bunları sadalamaqda məqsədim odur ki, müstəqil Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin mədəniyyət, incəsənət xadimlərinə, xüsusilə muğamamuğam ifaçılarına olan diqqətini və qayğısını bir daha xatırladım. Bu diqqəti, qayğını heç zaman unutmamalıyıq.

Bütün sənətkarlarımızın - aktyorlarımızın, sənətçilərin dəyərləndirilməsi, onlara fəxri adların, mükafatların, təqaüdlərin verilməsi, sosial şəraitlərinin yaxşılaşdırılması və digər yeniliklər, qeyd etdiyimiz kimi, həmin diqqətin nəticəsidir. Hətta səhhətində problem yaranan sənətkarın xarici ölkələrdə müalicəsinin təşkilinə kimi sənət adamları, mədəniyyət xadimləri qayğı ilə əhatə olunublar. Sənətimiz elədir ki, çox ölkələri gəzmişik, çox yerlərdə olmuşuq, əminliklə deyə bilərəm ki, başqa dövlətlərdə sənətçilərə belə münasibət görməmişik.

Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı gördüyü işlər, beynəlxalq muğam müsabiqələrinin təşkili də bu sahənin inkişafına çox ciddi təsir etdi. Son illərdə 4 beynəlxalq muğam müsabiqəsi keçirilib, paytaxtda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Artıq bu gün ölkəmiz dünyada muğam mərkəzi kimi tanınır.

Son illər paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də sürətlə inkişaf edir. Biz sənətimizlə bağlı bölgələrdə tez-tez oluruq, hər yer dəyişib, inkişaf edib. İnsanların rahatlığının təmin olunması üçün yeni xidmət sahələri yaradılıb. “Asan xidmət”i buna nümunə göstərmək olar. Onun xidmətlərindən hər birimiz yararlanırıq. Artıq 1990-cı illərin əvvəllərində olan bürokratik əngəllərdən, süründürməçilikdən, biz sənət adamlarının da, digər vətəndaşlarımızın da canı qurtarıb. İndi çox sadə və rahat formada, vaxt və əlavə xərc sərf etmədən bir “pəncərədən” bütün işlərimizi həll edirik. Bunları xatırlatmaqda məqsədim odur ki, bu gün harada oluruqsa olaq, fəxrlə deyə bilirik ki, mən azərbaycanlıyam, azərbaycanlı ifaçıyam.

Cəbhə bölgələrində də tez-tez oluruq. Orada yaşayan həmyerlilərimizin, eləcə də əsgər və zabitlərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Hər biri dövlət başçısının onlar üçün yaratdığı şəraitdən razılıq edir. Vaxt vardı ki, məcburi köçkünlərin yaşadığı çadır şəhərciklərinin sayı-hesabı yox idi, insanlar acınacaqlı durumda idilər. Ancaq bu gün bir dənə belə çadır şəhərciyi yoxdur, əvvəlki ağır vəziyyətdən heç əsər-əlamət qalmayıb. Tam yeni şərait yaradılıb: indi həmin çadır şəhərciklərinin yerində müasir qəsəbələr salınıb, məktəblər, mədəniyyət evləri, tibb müəssisələri və digər sosial obyektlər tikilib. Qeyd etdiyim kimi, sənətimizlə bağlı ölkənin hər yanını tez-tez gəzməyimiz bizi bu yeniliklərin şahidlərinə çevirir. Xalqın içində olanda real vəziyyəti tam aydın görmək və analiz etmək olur.

Təsadüfi deyil ki, cənab Prezident öz 50 illik yubileyini ailəsi ilə yox, qaçqın şəhərciyində yaşayan məcburi köçkünlərlə keçirdi. Mən hər dəfə bu kadrlara baxanda kövrəlirəm. Bununla Prezident bir daha sübut etdi ki, onun ailəsi xalqıdır. Öz vətəninə, millətinə bu qədər bağlı insanlar çox azdır. Şükürlər olsun ki, bizim dövlətimizin belə başçısı var. Allah ona da, Mehriban xanıma da cansağlığı versin. İkisi də özlərini xalqımıza, onun inkişafına, gələcəyinə həsr ediblər, yüksək rifahımız üçün əllərindən gələni əsirgəmirlər. Onların övladları da eyni amal uğrunda çalışırlar. Leyla xanım Əliyeva bu gün Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Bunlar hər gün gördüyümüz, eşitdiyimiz həqiqətlərdir.

Biz çox xoşbəxt xalqıq ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını çox müvəffəqiyyətlə davam etdirən, həm daxili, həm də xarici siyasətdə ölkənin, xalqın mənafeyini həmişə diqqətdə saxlayan belə enerjili, vətənpərvər Prezidentimiz var.

Prezidentin Azərbaycan dilinin qorunub saxlanmasında da çox böyük xidmətləri var. Təkcə son illərdə bu istiqamətdə nə qədər qanunlar, sərəncamlar verilib. Ulu öndər kimi, onun da heç bir yazılı vəsaitdən istifadə etmədən xalqın qarşısında etdiyi çıxışlar Azərbaycan dilinə məhəbbətdən xəbər verir və hər kəsi bu dilə diqqətlə, qayğı ilə yanaşmağa səsləyir. Bu isə hər birimizdə bacardığımız qədər öz xalqımıza, millətimizə xidmət etmək hissi yaradır. Mənim fikrimcə, hər kəs öz sahəsi üzrə buna çalışmalı, əlindən gələni əsirgəməməlidir.

Dövlətimizin başçısı biz muğam ifaçıları üçün, eləcə də hər bir azərbaycanlı üçün çox doğma bir insandır. Bir daha vurğulamaq istəyirəm ki, bu, ondan irəli gəlir ki, o, vətənini, xalqını çox sevir. Təsadüfi deyil ki, müstəqil Azərbaycanda çox yüksək şəkildə buraxılan ilk disklər toplusuna Qarabağ xanəndələri daxil edildi. Bu, həm də incə bir siyasət idi. Disklər toplusu ölkəmizə gələn dövlət başçılarına, bütün səfirlərə və rəsmi nümayəndələrə verildi ki, haqq səsimiz bütün dünyaya çatdırılsın. Qarabağ Azərbaycanın əzəli torpaqları olmaqla bərabər həm də onun oxuyan səsidir. Qarabağın zəngin mətbəxi, eyni zamanda Qarabağ atları tarixən bütün dünyada tanınıb, sevilib. Qarabağ atçılıq məktəbinin bərpası, bu barədə verilən sərəncam və fərmanlar, Qarabağ atlarının yenidən gündəmə gəlməsi, onların yerli və beynəlxalq yarışlarda iştirak etməsi, bütün bunlar üçün gözəl şərait yaradılması - bir sözlə, güclü təbliğ olunması çox önəmli məsələlər idi. Hətta bir neçə il əvvəl cənab Prezident Ağdama gələndə orada ona bir Qarabağ atı da bağışlandı. O, bu hədiyyəni çox yüksək dəyərləndirdi. Qarabağın simvolu onun musiqisi, xanəndələri və bir də atlarıdır. Çox yaxşı ki, müstəqil dövlətimizdə onlara xüsusi önəm verilməkdədir.

Arzu edirəm ki, cənab Prezidentin 100 yaşını qeyd edək. Onun komandanlığı ilə zəfər bayramımızı, Qarabağ şikəstəmizi Cıdır düzündə səsləndirək. Mən həm də inanıram ki, bu gün çox uzaqda deyil. Ən böyük arzum da odur ki, cənab Prezidentlə birlikdə Şuşamızda qələbə bayramımızı qeyd edək. Orada rəhbəri olduğumQarabağmuğam üçlüyü ilə xalqımızın sevincini dilə gətirə bilim. Ona görə də ölkə başçısının ətrafında daim yumruq kimi birləşməliyik. Hər zaman ona dua etməliyik. Cənab İlham Əliyev Azərbaycana çox lazımdır. Mən Azərbaycan üçün ikinci belə bir lider görmürəm. Allah onu qorusun ki, ölkəmiz həmişə belə rahat yaşasın və onun sayəsində işğal olunmuş torpaqlarımızı azad görək.

 

Mənsum İBRAHİMOV,

Şöhrətordenli xalq artisti, professor

 

 Azərbaycan. - 2015.- 24 dekabr.- S.11.