Evlərə aydınlıq, çöllərə bərəkət gətirən su

 

Ölkədə su təchizatının daha da yaxşılaşdırılması dövlətin qarşıya qoyduğu prioritetlərdəndir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Son dövrlərdə  paytaxtın içməli su ilə fasiləsiz təminatı üçün genişmiqyaslı işlər görülüb. İndi hədəf Bakının 100 faiz, yəni bütün sutka boyu dayanıqlı su ilə təmin olunmasıdır. Bir çox rayonlarda içməli sukanalizasiya layihələri artıq başa çatıb, bəzi yerlərdə isə bu istiqamətdə davam edir. Taxtakörpü və Şəmkirçay su anbarları əhaliyə içməli su verməklə bərabər minlərlə hektar məhsul yetişdirilən torpağı suvararaq ellərimizə bolluq və bərəkət gətirəcək.

2015-ci ildə də su qurğularının tikintisiistismara verilməsi sahəsində bir sıra yeniliklər baş verdi. Bunlardan birioktyabr ayında Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin işə salınmasıdır. Bu obyektin fəaliyyətə başlaması ölkə əhalisinin su təchizatının yaxşılaşdırılması istiqamətində irəliyə doğru növbəti mühüm bir addım idi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev kompleksin açılış mərasimindəki çıxışında demişdir: “Bu, doğrudan da böyüktarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək”.

Yeni qurğunun inşası zamanın tələbi idi. Bu, insanların saf su ilə təmin edilməsi, paytaxtın ətrafındakı qəsəbələrin və yeni yaşayış massivlərinin içməli suya tələbatından, Kür sutəmizləyici qurğusunda emal edilən suyun bir hissəsinin AranMuğan bölgəsinə verilməsindən, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsindən irəli gəlirdi. Eyni zamanda Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının istifadəyə verilməsi nəticəsində yetərincə su ehtiyatlarının yaranması yeni qurğunun xam su ilə təminatına imkan yaradırdı.

Xatırladaq ki, sutəmizləyici qurğunun təməli Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində dövlət başçısının iştirakı ilə 2011-ci il sentyabrın 8-də qoyulmuşdu. Dörd il davam edən tikinti işləri 2015-ci ildə başa çatmış və qurğu artıq istismara verilmişdir. Bu, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin su ilə fasiləsiz təmin olunması üçün davam etdirilən işlərdən birinin də həyata keçməsi deməkdir.

Yeni qurğu bir çox üstünlüklərə malikdir. Belə ki, burada ultrasüzgəcdən keçən su Dünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam uyğundur. Bu tip qurğular suyun təbii mineral tərkibini saxlayır, eyni zamanda onu bakteriyaviruslardan, duzlardan və ağır metallardan təmizləyir. O, eləcə də suyun bulanıqlığını, xoşagəlməz dadını və iyini götürür.

Qurğunun qonşuluğunda tikilmiş nasos stansiyası isə köməkçi rolunu oynayır. Bu obyekt emal olunmuş suyu hündürlükdə yerləşən anbara qaldırır. İstehlakçılara təmiz su son vaxtlarda çəkilmiş çoxsaylı və geniş şəbəkəli kəmərlər vasitəsilə çatdırılır. Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülən su ayrı-ayrı qəsəbə və massivlərə onların ərazisinə qədər çəkilmiş  xətlərlə verilir. Məsələn, 2013-cü ildə kəmərin Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin, 2014-cü ildə isə Qala-Zirə hissəsinin tikintisi tamamlanıb.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri Bakının və Abşeron yarımadasının bir çox kənd və qəsəbələrinin saf su ilə təmin olunması məqsədilə inşa edilib. Ümumiyyətlə, ölkə əhalisinin su ilə, elektrik enerjisi ilə, qazla təminatı daim diqqət mərkəzindədir. Bu məqsədə yönəldilən tədbirlərin nəticəsidir ki, hazırda Bakı sakinlərinə fasiləsiz içməli suyun verilməsi 80 faizə çatıb. Hədəf isə qeyd etdiyimiz kimi, paytaxt sakinlərinin hamısının fasiləsiz su ilə təmin olunmasıdır.

Ölkə əhalisinin içməli su ilə davamlı şəkildə təmin olunması istiqamətində  indiyədək bir çox işlər görülmüş olsa da, Prezident İlham Əliyev həmişə onların davam etdirilməsinin zəruriliyini bildirir. Ceyranbatandakı qurğunun açılışında çıxış edərkən də dövlət başçısı həmin istiqamətdə qarşıya yeni vəzifələr qoydu: “Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır”. Eləcə də Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsinin həyata keçiriləcəyi, Zığ gölünün yaxın vaxtlarda təmizlənəcəyi məsələlərinin gündəmdə olduğu bir daha vurğulandı.

2015-ci ildə görülmüş işlər və növbəti illər üçün prioritet kimi qarşiya qoyulan vəzifələr elə bir imkan verəcək ki, Azərbaycanın istənilən yerində sudan korluq çəkən bir nəfər də olmayacaq. Tarlalar, zəmilər, bağ-bostan bol-bol su içib bərəkətini artıracaq. Bakıda isə, dövlət başçısının dediyi kimi, hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə biləcək.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.12.