Bütün sahələrdə infrastruktur yeniləşir
İnkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Əgər elektrik enerjisinin verilişi lazımi səviyyədə təmin edilməsə, yollar pis vəziyyətdə olsa, dəniz və hava limanları müasir standartlara cavab verməsə, kommunal və bank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa hansı inkişafdan danışmaq olar. Ona görə də ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də infrastrukturun inkişaf etdirilməsidir.
Reallıq da göstərir ki, dayanıqlı inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Ölkə başçısı İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri keçmişdən qalan infrastrukturun bərpası və yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni infrastruktur layihələrin həyata keçirilməsidir. Fərəhli haldır ki, ötən hər bir ilin yekunlarına nəzər salarkən ölkədə quruculuğun mühüm tərkib hissəsi kimi mövcud infrastrukturun bərpası və bütövlükdə infrastrukturun modernləşməsi istiqamətində möhtəşəm layihələrin həyata keçirildiyini görmək olar.
Başa çatmaqda olan 2015-ci il ərzində də ölkəmizdə infrastruktur layihələrinin icrası istiqamətində kifayət qədər mühüm və böyük miqyaslı işlər görülüb. Məlum olduğu kimi, bütün infrastruktur layihələri ancaq daxili resurslar hesabına həyata keçirilir. Əlbəttə, ölkəmizin gəlirləri neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclər də müəyyən qədər azalıb. Buna baxmayaraq infrastruktur layihələrinin icrasında imkan daxilində bütün işlər görülüb. Kənd yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı layihələr il ərzində icra edilib.
Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”.
Ölkə başçısı cənab İlham Əliyevin bu il ərzində bölgələrə səfərləri şəhər və rayonlarda sosial infrastrukturun müasirləşməsini, yeni sosial obyektlərin istifadəyə verilməsini göstərir. Məlumat üçün qeyd edək ki, bu il dövlət başçısı Sumqayıt və Mingəçevir şəhərlərinə, Naxçıvan Muxtar Respublikasına, Bərdə, Astara, Lənkəran, Cəlilabad, Kürdəmir, Ağsu, Ucar, Göyçay, Zaqatala, Şəki rayonlarına səfər edib. Bu səfərlər zamanı ölkə başçısı Sumqayıtda Gənclər evinin, Mingəçevirdə uşaq bağçasının açılışında iştirak edib və şəhər mərkəzi xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısının səfəri zamanı Bərdədə Heydər Əliyev adına park-bulvarın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin regional “ASAN xidmət” mərkəzinin, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, Cəlilabadda Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında, Cəlilabad rayonunun Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın, Ağsuda Şahmat Məktəbinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının, idman kompleksinin, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin, Atakişili kəndində tam orta məktəb binasının, Kürdəmirdə YAP rayon təşkilatının inzibati binasının, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, körpələr evi-uşaq bağçasının, Bayraq meydanının açılışında iştirak edib.
Prezident İlham Əliyevin iştirakı ilə Göyçayda su elektrik stansiyasının, Şahmat Məktəbinin, YAP rayon təşkilatının yeni inzibati binasının, Uşaq Musiqi Məktəbi binasının, Gənclər Mərkəzinin açılışı olub, Göyçay-Ucar avtomobil yolunun, Ucarda Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, YAP rayon təşkilatının yeni inzibati binasının, Gənclər Mərkəzinin, rayon mərkəzi xəstəxanasının yeni binasının açılışı olub. Həmçinin ölkə başçısının səfəri zamanı Göyçay Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib, rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb, Ucarda isə şəhərin su təchizatı sisteminin yenidən qurulması layihəsi başa çatdırılıb.
Prezidentin səfəri zamanı Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının, Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının, Qoxmuq kənd tam orta məktəbinin yeni binasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışı, Zaqatalada isə Azərbaycan Müəllimlər İnstitutunun filialının yeni inşa olunan binasının, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Naxçıvanda cənab Prezidentin səfəri zamanı Günəş Elektrik Stansiyasının, muxtar respublika xəstəxanasının, Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin, Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin, yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib, Naxçıvan Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Təkcə ölkə başçısının regionlara səfərləri ilə tanışlıq göstərir ki, Azərbaycanda nəzərdə tutulan bütün sosial, infrastruktur layihələri tam həyata keçirilir, heç bir proqramın icrası dayandırılmır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, ölkəmizdə infrastrukturun yenilənməsi və modernləşməsi bütün sahələri əhatə edir. Həm yeni məktəblər, bağçalar, gənclər mərkəzləri, idman kompleksləri tikilir, həm xəstəxanalar inşa olunur, o cümlədən mövcud binalar yenidən qurulur, həm də yeni yollar salınır, hava limanlarının imkanları genişləndirilir. Beləliklə, ölkəmizdə bütün sahələr üzrə infrastruktur müasirləşdirilir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 24 dekabr.- S.12.