Özbəkistan Respublikasının Milli Sərhəd Qoşunlarının komandanı ölkəmizə səfərə gəlmişdir

 

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Milli Təhlükəsiz­lik Xidməti sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Eminjanov Rustam Olimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci ilin 21 dekabr tarixində ölkəmizə rəsmi səfərə gəlmişdir.

Nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstə­qilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və  layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunmuş, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilmişdir.

Bununla yanaşı tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulamışlar.

Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təh­didlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazi­lərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd olunmuş, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiy­yətlər barəsində ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur böl­mələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akade­miyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olmuşlar.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.14.