Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib

 

Dekabrın 23-də Tehranda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin 3-cü görüşü keçirilib.

Tədbiri açan İran İslam Respublikasının yol və şəhərsalma nazir Abbas Axundi Xəzəryanı dövlətlərin əməkdaşlıq əlaqələrindən danışıb.

Qeyd olunub ki, müasir dünyada nəqliyyat əlaqələri iqtisadi inkişafin əsasını təşkil edir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ölkəmizdə nəqliyyatın inkişafına göstərilən dövlət qayğısından və həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, Xəzəryanı dövlətlərin nəqliyyat əlaqələri inkişaf mərhələsindədir. Bu görüş gələcəkdə əlaqələrin daha da yaxınlaşmasına səbəb olacaq. Bakıda və Həştərxanda keçirilən görüşlərdə ölkələrin nəqliyyat infrastrukturlarının yenilənməsinin vacibliyinin vurğulandığını xatırladan nazir, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas ölkəsi olaraq yüklərin rahat və təhlükəsiz çatdırılması üçün böyük islahatlar həyata keçirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə nəqliyyat sektorunda köklü dəyişikliklərin baş verdiyini bildirib.

Azərbaycan tranzit imkanlarından səmərəli istifadə etmək qərarına gələrək yeni nəqliyyat layihələri reallaşdırır, deyən Z.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.Bu qurum strukturlar arasındakı əlaqələri, tariflərin müəyyənləşdirilməsini tənzimləyir. Koordinasiya Şurası artıq işə başlayıb, onun qərarı ilə Aktau ilə Türkmənbaşı limanlarına yüklərin daşınması üçün ödənilən rüsumlar 40 faiz aşağı salınıb. Şuranın belə tədbirləri beynəlxalq nəqliyyat daşımalarının asanlaşmasına xidmət edir”, deyə nazir bildirib.

Bakı yaxınlığında Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdiyini söyləyən Z.Məmmədov limanda yeni texnologiyaekoloji standartların tətbiq edildiyini deyib. “Böyük yük gəmilərinin qarşılanması və yola salınması üçünterminal inşa edilir. İlkin mərhələdə limanın yükaşırma imkanı 10 milyon ton, 50 min konteyner həcmində olacaq. Bütün işlər başa çatandan sonra isə limanın yükaşırma qabiliyyəti 25 milyon tona, konteyner daşımaq imkanı isə 1 milyon konteynerə çatdırılacaq”, - deyə nazir bildirib.

Qeyd olunub ki, bu gün Azərbaycanda yolların əsaslı təmiri və yeni yolların salınması işi davam etdirilir. Son illərdə 3 min kilometr beynəlxalq və 6 min kilometr respublika əhəmiyyətli yollar inşa edilib. Dəmir yollarında da islahatlar aparılır. Yeni qatarlarvaqonlar alınır. Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu xəttinin inşası 2016-cı ildə yekunlaşacaq. Bu xətt Qafqaz regionunu AsiyaAvropa ilə birləşdirəcək.

Z.Məmmədov nəzərə çatdırıb ki, Xəzəryanı ölkələrin iqtisadi əlaqələrini nəzərə alsaq Şimal-Cənub nəqliyyat dəhlizi diqqəti daha çox cəlb edir. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi vaxta qənaət etməklə yanaşı, yüklərin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılması deməkdir. Bu gün Azərbaycan ilə İranın dəmir yolları sistemlərinin birləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Astara (Azərbaycan)-Astara (İran) 8 kilometrlik yolun tikilməsi iki ölkənin nəqliyyat sektorunun inkişafına xidmət edəcək, region dövlətlərinin nəqliyyat bağlantısını təmin edəcək.

Sonra Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Türkmənistanın, Qazaxıstanın nümayəndələri çixiş edərək nəqliyyat əlaqələrinin genişləndirilməsinin, yükdaşımaların artırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə müzakirələr aparılıb, yeni təkliflər nəzərdən keçirilib.

Görüşün sonunda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin birgə Bəyannaməsi qəbul edilib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.14.