AZƏRTAC ilə Yonhap-ın əməkdaşlığı informasiya mübadiləsinin genişlənməsinə yönəlib

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Koreya Respublikasının Yonhap xəbər agentliyinin əməkdaşlığı informasiya mübadiləsinin genişlənməsinə yönəlib. Bu tendensiyanı hər iki tərəf qarşılıqlı surətdə dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüşündə səslənib.

Baş direktor səfirə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında genişlənən əlaqələrdən danışıb. Qeyd edib ki, AZƏRTAC-la Yonhap xəbər agentliyinin əməkdaşlığı həm ikitərəfli formatda, həm də AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində qurulub və hər iki tərəfin marağına uyğun şəkildə inkişaf edir.

Noyabrın 16-17-də Yonhap-ın ev sahibliyi ilə keçirilən OANA İcraiyyə Komitəsinin 39-cu iclasının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Baş direktor deyib ki, iclas çərçivəsində AZƏRTAC-la Yonhap arasında informasiya mübadiləsi haqqında Saziş yenilənib. Bu Saziş istər ölkələrimizin tanıdılması, istərsə də agentliklərimiz arasında əlaqələrin müasir dövrün çağırışlarına uyğun inkişafı baxımından böyük töhfə olacaq.

Görüşdə Koreya və Azərbaycanın sürətlə inkişaf edən ölkələr olduğu, qazanılan uğurların dünya ictimaiyyətinə çatdırılması üçün AZƏRTAC və Yonhap-ın əməkdaşlığının əhəmiyyəti qeyd edilib.

Hər iki agentliyin etibarlı xəbər mənbəyi kimi tanınması, xüsusən multimedia və videoxəbər sahəsində qazanılmış təcrübə ölkələrimizin təbliği üçün yaxşı imkanlar yaradır. Bu barədə danışan səfir Kim Çanq-gyu mövcud potensialın ölkələrimizin təbliği üçün əlverişli şərait yaratdığını bildirib və əməkdaşlığın genişləndirilməsinə əlindən gələn köməyi göstərəcəyini vurğulayıb.

Azərbaycan və Koreya xalqlarının Altay dil ailəsinə mənsub olduğunu diqqətə çatdıran Kim Çanq-gyu həm Koreya hökumətinin, həm də şəxsən özünün bu xalqlar arasındakı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S. 15.