Xalq sənətkarlarının respublika interaktiv sərgisi
açılıb
Mədəni zənginliyi qoruyub inkişaf etdirməklə birlikdə, öz milli-mənəvi irsi ilə qlobal inteqrasiyaya qoşulmaq müstəsna əhəmiyyət daşıyır. Respublikamızda da bu istiqamətdə dövlət tərəfindən mühüm əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, xalqımızın milli mədəniyyət inciləri sayılan muğam, Novruz bayramı, xalçaçılıq, kəlağayı, aşıq sənəti, tar ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu nailiyyətlər, əlbəttə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli-mədəni irsə qayğının, mədəniyyətə dəstək siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir.
Muzey Mərkəzində açılan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının respublika interaktiv sərgisi” də məhz bu baxımdan diqqət çəkən tədbirlərdəndir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilən sərgidə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Rafiq Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Ağsaqqallar Şurasının Bakı şəhəri Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev çıxış edərək, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının həyatında əlamətdar tarix olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərginin əhəmiyyətini vurğulayıblar. Müasir Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyət siyasətinin bugünkü uğurlu davamı nəticəsində qorunub saxlanan milli-mənəvi sərvətlərimizdən ətraflı söz açılıb.
Gəncə rəssamlıq məktəbi və M. Əliyev adına İncəsənət İnstitutunun məzunu, ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilən rəngkarlıq və tətbiqi incəsənət müsabiqə sərgisinin qalibi, əməkdar rəssam Mübariz Əkbərov bu tədbirə də əliboş gəlmədiyini bildirdi: “ Dövlət sifarişi ilə müxtəlif vaxtlarda düzəltdiyim milli xəncərlərimiz dünyanın müxtəlif xalqları tərəfindən dərin maraqla qarşılananda sevincimin həddi-hüdudu olmur. 2007-ci ildə Cavad xanın döyüş yolunu əks etdirən film üçün döyüş silahlarının və geyimlərinin düzəldilməsi sifarişini də belə qarşılayıb yerinə yetirmişəm”.
Dünyanı öz sevimli sənəti ilə dolaşan əməkdar rəssam onu da bildirdi ki, Danimarka, İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Fransada keçirilən beynəlxalq sərgilərin də iştirakçısı olub: “Sərginin mahiyyətinə gəlincə, məqsəd istedadlı xalq-tətbiqi sənət ustalarını üzə çıxarmaq və yaradıcılığını təbliğ etməkdən ibarətdir”.
Sərgidə Bakını, habelə respublikanın 40 rayon və şəhərini təmsil edən 150 müəllifin 700-dən çox əsəri nümayiş olunur. Muzey Mərkəzində iki gün davam edəcək sərgidə rəngkarlıq, xalçaçılıq, qurama, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və digər təsviri və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir.
Sərginin iştirakçıları, xalq sənətkarlığı nümunələri ilə iştirak edənlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2015.- 24 dekabr.- S.15.