Yeni imkanlar erası

 

Yetmiş il əvvəl İkinci Dünya müharibəsinin küllüyü üstündə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Bu gün, yetmiş ildən sonra Parisə toplaşmış dövlətlərin nümayəndələri başqa bir təhlükəyə - planetin sürətlə istiləşməsi ilə əlaqədar bütün bəşəriyyətin mövcudluğuna yaranmış təhlükəyə qarşı birləşmişlər.

Hökumətlər bəşəriyyətin üz-üzə qaldığı ən mürəkkəb problemlərdən olan iqlim dəyişikliyi probleminin həllində qlobal əməkdaşlığın yeni erasını elan etdilər. Bununla onlar bizim Təşkilatın Nizamnaməsində bəyan edilmiş “gələcək nəsilləri fəlakətlərdən xilas etmək” məqsədinə çatmaq üçün göstərilən səylərə əhəmiyyətli töhfə verdilər.

Paris sazişi xalqların, ətraf mühitin və çoxtərəfliliyin zəfəridir. O, bütün planet üçün bir növ tibbi sığortadır. İlk dəfə olaraq dünyanın bütün ölkələri öz tullantılarını məhdudlaşdırmaq, fəlakətlərlə mübarizə potensialını artırmaq, beynəlxalq və milli səviyyələrdə iqlim dəyişikliyi probleminin həllinə yönəlik tədbirlər görməyi öhdələrinə götürdülər.

Ölkələrin nümayəndələri belə bir yekdil fikrə gəldilər ki, təhlükənin minimuma endirilməsi milli maraqlara ən yaxşı şəkildə cavab verir. Hesab edirəm ki, biz bütün siyasi məsələlərin həllində bu nümunədən faydalana bilərik.

Paris zəfəri əlamətdar bir ilin başa çatması ilə yadda qaldı. Fəlakət riskinin azaldılmasına dair Sinday çərçivə proqramının qəbulundan tutmuş inkişafın maliyyələşdirilməsinə dair Əddis-Əbəbə fəaliyyət proqramınadək, Nyu Yorkda dayanıqlı inkişafa dair tarixi sammitin keçirilməsindən tutmuş Parisdə iqlim konfransınadək bu il baş vermiş bütün hadisələr göstərdi ki, Birləşmiş Millətlər Təşkilatı ümid doğurmağa və yaraları sağaltmağa qadirdir.

Baş katib vəzifəsində olduğum ilk günlərdən göstərirdim ki, iqlim dəyişikliyi probleminin həlli eramızın həlledici vəzifəsidir. Məhz ona görə həmişə əsas diqqəti bu məsələyə yönəldirdim. Mən praktik olaraq bütün dünya liderləri ilə iqlim dəyişikliyinin ölkələrimizin iqtisadiyyatına, təhlükəsizliyimizə və planetdə həyatımıza yaratdığı təhlükə barədə danışmışam. Mən bütün materiklərdə olmuş, iqlim dəyişikliyi ilə mübarizənin ön cərgəsində yerləşən icmaların nümayəndələri ilə görüşmüşəm. İnsanların əzab-əziyyətlərindən təsirlənmiş, planetimizi daha təhlükəsiz, daha çiçəklənən edə biləcək qərarlardan ruhlanmışam.

Mən Birləşmiş Millətlər Təşkilatının bütün iqlim konfranslarının işində iştirak etmişəm. Çağırdığım üç iqlim sammiti siyasi iradəni və hökumətlərin, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin yenilikçi qərarlarını səfərbər etməyə imkan verdi. Paris fəaliyyət proqramı və ötənilki iqlim sammitində qəbul olunmuş öhdəliklər göstərdi ki, mövcud problemləri həll etmək mümkündür.

Əvvəllər ağlasığmaz görünən prosesi indi heç bir qüvvə dayandıra bilməz. Artıq özəl sektor gələcəyin azemissiyalı texnologiyalarının inkişafına getdikcə daha çox vəsait qoyur. Bu texnologiyalar qiymət baxımından da getdikcə daha çox əlçatan olur. Ona görə də bu sahədə xüsusilə Parisdə əldə olunmuş nailiyyətdən sonra yeni təşəbbüslər gözləmək olar.

Paris sazişi toxunduğum bütün əsas problemlərin həllində uğurla nəticələndi. İndi bazar strukturları belə bir aydın siqnal aldı ki, iqlim dəyişikliyinə müqavimətin yüksəlməsi şəraitində azemissiyalı inkişafa kömək edəcək investisiyaları artırmaq zəruridir.

Bütün ölkələr qlobal istiləşmə göstəricisinin 2 dərəcədən az həddə endirilməsinə nail olmaqmövcud risklərin ciddiliyini nəzərə alaraq 1,5 dərəcə səviyyəsinə çıxmaq barədə razılığa gəlmişlər. Bu, xüsusilə Afrika ölkələri, inkişaf etməkdə olan kiçik ada-dövlətlər və ən az inkişaf etmiş ölkələr üçün vacib əhəmiyyət kəsb edir.

Parisdə ölkələrin nümayəndələri yüzilliyin ikinci yarısında mümkün qədər qısa müddətdə qlobal istixana qazı tullantılarının azalmasını təmin etmək kimi uzunmüddətli məqsədi razılaşdırdılar. Hazırda 188 ölkə öz milli iqlim öhdəliklərini təqdim etmişdir ki, bu da onların tullantı həcmini azaltmağaiqlim dəyişikliyinə müqaviməti yüksəltməyə hazır olduğuna dəlalət edir.

Hazırda bu milli iqlim göstəriciləri artıq tullantıların həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Bununla bərabər, onlar bütövlükdə temperaturun yüksəlməsi göstəricisini 3 dərəcəlik qeyri-məqbul təhlükəli səviyyədən aşağı endirməyi təmin etməyə hələ də imkan vermir. Məhz buna görə ölkələr Parisdə iqlim dəyişikliyi probleminin həllinə dair öz milli planlarına 2018-ci ildən etibarən beş ildə bir dəfə yenidən baxmaq öhdəliyi götürdülər. Bu onlara elmi təhqiqatların məlumatlarına əsaslanan daha ambisiyalı tədbirlər işləyib hazırlamaq imkanı verəcək.

Bundan başqa, Paris sazişi inkişaf etməkdə olan ölkələrə, xüsusilə daha çox yoxsuldaha çox zəif ölkələrə adaptasiya işində və nəticələrin yüngülləşdirilməsində yetərli və tarazlı dəstək verməyi nəzərdə tutur. Bu həmçinin iqlim dəyişikliyi probleminin həllinə yönəlik qlobal səyləri artırmağa və onun doğurduğu itkiləri minimuma endirməyə şərait yaradacaq.

Hökumətlər bütün ölkələrin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün məcburi, sərt və şəffaf qaydaları razılaşdırdılar. İnkişaf etmiş ölkələr maliyyə ehtiyatlarının səfərbər olunması, texniki dəstəyin genişləndirilməsi və potensialın artırılması işində lider rolu oynamağı öhdələrinə götürdülər. Öz növbəsində inkişaf etməkdə olan ölkələr imkanlarını nəzərə almaqla iqlim dəyişikliyi probleminin həllinə dair daha geniş öhdəliklər götürür.

Bu tarixi nailiyyəti qeyd edərkən işgüzar dairələrin və vətəndaş cəmiyyətinin rəhbər rolunu və uzaqgörənliyini təsdiqləməliyəm. Onlar bütün riskləri və mümkün həll yollarını diqqətlə ölçüb-biçdilər. Onların iqlim dəyişikliyi problemlərinə məsuliyyətlə yanaşdığını alqışlayıram.

Artıq Paris sazişi imzalanmışdır və indi təxirə salınmadan onun icrası məsələləri ilə məşğul olmalıyıq. İqlim dəyişikliyi probleminin həlli 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində gündəliyin həyata keçirilməsinə kömək deməkdir. Paris sazişi dayanıqlı inkişaf sahəsində bütün məqsədlərə çatmağa müsbət təsir göstərəcək. Biz yeni imkanlar erasına daxil oluruq.

Hökumətlərin, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin iqlim dəyişikliyinin həlli və dayanıqlı inkişaf məqsədlərinə nail olunması kimi nəhəng layihənin icrasına başladığı bir şəraitdə Birləşmiş Millətlər Təşkilatı bütün bu mərhələlərdə üzv-dövlətlərə və bütövlükdə cəmiyyətə dəstək göstərəcək. Paris sazişinin yerinə yetirilməsində ilk mərhələ kimi gələn il aprelin 22-də Nyu Yorkda, SazişKonvensiyada nəzərdə tutulduğu kimi, yüksək səviyyəli imzalanma mərasimi çağıracağam.

Mən fəaliyyət tempini qoruyub saxlamağa və gücləndirməyə kömək etmək üçün dünya liderlərini dəvət edəcəyəm. Biz birgə səylərlə yoxsulluğun kökünü kəsmək, sülhü möhkəmlətmək, hamı üçün layiqli həyat və geniş imkanlar təmin etmək kimi ümumi məqsədə nail ola biləcəyik.

 

Pan Gi Mun,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.16.