Prezident İlham
Əliyev gözdən əlillər üçün yeni
yaşayış binasının
açılışında iştirak edib
Dekabrın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın
iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən
əlillər üçün inşa olunan yaşayış
binası istifadəyə verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.
Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.
Prezident
İlham ƏLİYEV dedi:
-Salam,
sabahınız xeyir. Sizi ürəkdən
salamlayıram. Bu gün sizin həyatınızda
çox əlamətdar bir gündür. Siz
yeni mənzillərə köçürsünüz. Bu münasibətlə sizi ürəkdən təbrik
edirəm. Yeni il bayramı və
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində dövlət tərəfindən
sizə belə gözəl hədiyyə verilir. Gözəl binadır.
Sakinlər:
Çox sağ olun, biz də Sizi təbrik
edirik. Bu, çox gözəl bir gündə
bizə hədiyyə oldu.
Prezident
İlham Əliyev: Əlbəttə, çox gözəl bina
tikilibdir, 132 mənzildən ibarət binadır. Mənzillərin hamısı təmir olunub, bütün
lazımi şərait yaradılıb ki, siz burada rahat
yaşayasınız. Bu gözdən əlillər
üçün tikilmiş xüsusi bir binadır. Sizdən
başqa burada heç kim yaşamayacaq. Bu, bir daha ölkəmizdə aparılan güclü
sosial siyasətin əlamətidir. Çünki
dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar
dövlət tərəfindən dəstəklənir. Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri,
şəhid ailələri üçün minlərlə evlər
tikilib. 5200 şəhid ailəsi və
müharibə əlili dövlət tərəfindən evlə
təmin edilib. Eyni zamanda, onlara 5 mindən
artıq minik avtomobil verilmişdir.
Deyə bilərəm ki, Azərbaycanda nümayiş
etdirilən bu yanaşma heç bir başqa ölkədə
yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni
zamanda, onu göstərir ki, xalq üçün, dövlət
üçün böyük xidmətlər göstərmiş
insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən
daim diqqət göstərilir və göstəriləcəkdir.
Mən çox istəyirəm ki, Azərbaycanda
yaşayan bütün əlillər cəmiyyətdə fəal
rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid
edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar
üçün yaxşı şərait yaradılsın,
bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə
də onlara daim hörmət, diqqət göstərilsin.
Dövlət öz üzərinə düşən
vəzifəni icra edir. Ancaq əlbəttə
ki, bütün cəmiyyət də bu təşəbbüsə
qoşulmalıdır. Deyə bilərəm
ki, son illər ərzində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar
aparılır. Bu islahatların bir məqsədi
var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət
tam şəkildə təmin olunsun. Yəqin siz də
bilirsiniz, əlil olan insan əvvəlki illərdə
arayış, əlillik dərəcəsini almaq
üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti
köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi
hallarda əlillik dərəcəsini almaq üçün
müxtəlif işlərlə məşğul idilər.
Bu, əlbəttə ki, dözülməz bir
haldır. Vətəndaşlar özləri
məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə
ki, burada dövlət məmurları da çox nalayiq işlərlə
məşğul idilər. Ona görə,
bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun
yaradılmalıdır və ictimai nəzarət də
mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə
düşən bütün vəzifələri icra edir, edəcək.
Ehtiyac içində yaşayan, ünvanlı
sosial yardıma möhtac olan insanlar, onların problemləri
daim diqqət mərkəzindədir. Bugünkü
mərasim onu göstərir ki, biz düzgün yoldayıq.
Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri,
müharibə əlilləri üçün tikintisi nəzərdə
tutulan evin inşasına görə 10 milyon manat əlavə
vəsait ayrılıbdır. Nazirlər Kabineti də
yaxın vaxtlarda ən azı bu qədər vəsait
ayıracaq ki, bu işlər dayanmasın. Düzdür,
indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki
kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə
aşağı düşməsi bizim gəlirlərimizə
təsir edibdir. Büdcə xərcləri,
büdcə gəlirləri azalıbdır. Bu, təbii vəziyyətdir. Çünki
dünyada gedən proseslər artıq bizə də təsir
etməyə başladı və neftlə zəngin olan
ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə
üzləşibdir. Ancaq bununla bərabər,
Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir,
sosial məsələlər öz həllini tapır, 2015-ci
ildə bir dənə də olsun sosial layihə icrasız
qalmayıbdır. Baxmayaraq ki, neftin qiyməti çox
aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək.
Bizim vətəndaşlar əmin ola bilərlər
ki, sosial sahədə bir dənə də olsun ixtisar
olmayacaqdır. Sadəcə olaraq dövlət
qurumları daha da səmərəli işləməlidirlər,
maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə
təmin edilməlidir. Belə olan halda Azərbaycan
2016-cı ildə də yaxşı nəticələr
göstərəcək. Bir daha demək istəyirəm
ki, gələn il və bundan sonrakı illərdə
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanacaq. Xüsusilə o vətəndaşlar
ki, onların dövlət qayğısına böyük
ehtiyac var.
Mən
sizi bu gözəl hadisə, qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı
münasibətilə təbrik etmək istəyirəm. İstəyirəm ki, siz bu gözəl evdə rahat
yaşayasınız.
Sakinlər:
Allah razı olsun, çox sağ olun. Allah Sizi
dövlətimizin, bizim başımızın üstündən
əksik etməsin.
Sakin Tofiq
BALAYEV: Biz də Sizi ad gününüz münasibətilə
burada ev alan əlillərin adından,
bütün gözdən əlillərin adından təbrik
edirik. Sizin yüksək diqqət və
qayğınız nəticəsində bizim üçün
132 mənzilli bina tikilib və biz gözdən əlillər mənzillərlə
təmin olunuruq. Yəni, ailə vəziyyətimiz,
ailə şəraitimiz yaxşılaşır. Bununla bağlı biz Sizə bu işdə kömək
olan, bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı
bildiririk. Pensiya, işlə təminat məsələlərinə
toxundunuz. İnşallah, gələcəkdə Sizin dəstəyiniz nəticəsində
bunların hamısı öz həllini tapar. Sizi
bir daha təbrik edirik.
Qadın
sakin: Mehriban xanımı da təbrik edirik. Mehriban
xanım bizim qayğımıza çox qalır, Allah ondan da
razı olsun.
Prezident
İlham Əliyev: Sağ olun, gəlin, mən sizə orderləri
təqdim edim.
X X
X
Dövlətimizin başçısı mənzillərin
orderlərini sakinlərə təqdim etdi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə
yaradılan şəraitlə tanış
oldular. Binadakı 132 mənzildən 22-si
üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır.
Burada sakinlərin rahatlığı
üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, son illərdə Azərbaycanın iqtisadi
həyatında mühüm nailiyyətlərin əldə
edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin
daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər
həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi
sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin
zəruri tələbatlarını ödəmək
üçün yeni imkanlar yaradır. Bu
baxımdan əlil insanların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması Azərbaycan
Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən
birini təşkil edir.
Nərimanov rayonunda gözdən əlillər
üçün yeni binanın istifadəyə verilməsi də
bu kateqoriyadan olan insanlara dövlətimizin
başçısının göstərdiyi
qayğının bariz nümunəsidir. Hazırda
gözdən əlillərin ictimai həyatın bütün
sahələrində iştirakına lazımi şəraitin
yaradılması üçün davamlı işlər
görülür. Heydər Əliyev Fondu
tərəfindən həyata keçirilən layihə
çərçivəsində ölkənin üç
bölgəsində fəaliyyətə başlayan Regional
İnformasiya mərkəzləri gözdən əlil şəxslərin
və görmə qabiliyyəti zəif insanların
informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş
imkanlar yaradıb. Gözdən əlillərin
peşə reabilitasiyası və məşğulluq
imkanlarının dəstəklənməsi məqsədilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə
şəxs brayl sistemi üzrə peşə
hazırlığına cəlb olunub. Eyni
zamanda, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində
gözdən əlillər üçün Tədris-Bərpa
Mərkəzinin binası inşa olunur. Burada
həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili
üçün müvafiq şərait yaradılacaq.
X X
X
Daha sonra
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni
inzibati binasının açılışında iştirak
etdilər.
Dövlətimizin başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara göstərdikləri qayğını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunublar. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin olunub. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.
Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi - VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.
Dövlətimizin başçısına məlumat
verildi ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də
bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi
Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə
tutulub. Binanın aşağı mərtəbələrində
isə gözdən əlillərin asudə vaxtlarda mənalı
istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin
keçirilməsi üçün lazımi şərait
yaradılıb, ətrafda abadlıq işləri
aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 25 dekabr.- S.1,
2.