“Sərhədçi” komandası çövkən milli oyunu üzrə Prezident Kuboku yarışının qalibi olub

 

Binə Atçılıq Mərkəzinin örtülü manejində milli çövkən oyunu üzrə Prezident Kubokunun X yarışının qalibləri müəyyən edilib. Yarış Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə keçirilib.

Final yarışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış ediblər.

Nazir Ə.Qarayev bildirib ki, Prezident Kuboku yarışlarının keçirilməsi ənənəyə çevrilib. Yarışların əsas məqsədi Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması, milli çövkən oyununun inkişafı üzrə dövlət siyasətinin dəstəklənməsi, ən güclü idmançıların və komandaların üzə çıxarılmasıdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan təkcə beynəlxalq idman tədbirlərində iştirak etmir, həm də bu cür tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilir. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev bildirib ki, ölkənin müxtəlif regionlarından bu cür yarışlarda iştirak edən komandaların sayı ildən-ilə artır. Bu, atçılıq idman növünün uğurlu inkişafının və bu sahəyə Azərbaycanda maraq səviyyəsinin artmasının göstəricisidir. E.Quliyev xatırladıb ki, bu ilin sentyabr ayında Bakıda polo üzrə ilk Avropa çempionatı keçirilib. Komandamız çempionatda qələbə qazanıb. Atçılıq idmanının müxtəlif növləri üzrə müntəzəm keçirilən yarışların məqsədlərindən biri Qarabağ cins atlarının qorunub saxlanması və çoxaldılmasına, habelə atçılıq idman növünə və milli atçılığın inkişafına kömək göstərməkdir.

Final turnirində əvvəlcə üçüncü yer uğrunda mübarizə aparanAğstafa” və “Polad” komandaları qarşılaşıblar. “Polad” komandası birinci taymda yeganə qolu vurmaqla rəqibinə qalib gəlib.

Finalda “Sərhədçi” və “Ağcabədi” komandaları yarışıblar. “Sərhədçi” 7:0 (birinci taymda 4, ikinci taymda 3 qol vurulub) hesabı ilə qalib gəlib.

Sonra mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara fəxri diplomlar, medallarpul mükafatları verilib. “Sərhədçi” komandası turnirin əsas mükafatı olan Prezident Kubokuna sahib olub.

 

Azərbaycan. - 2015.- 25 dekabr.- S. 8.